Ramiz Göyüş, yazıçı-publisist : - Vətən haqqında məhəbbət məktubları

YAZARLAR 08:41 / 16.04.2024 Baxış sayı: 883

 

Bu yazını 35 il bundan öncə yazmaq istəmişdim. 1986-cı ildə -“Qan Yaddaşı” şeirlər kitabı nəşr ediləndə. Ancaq görünür qismət indi imiş. Niyə bu kitab məni özünə cəlb etmişdi?

Qazax rayonunda, mənim dünyaya göz açdığım Abbasbəyli kəndində dünyaca məşhur olan bir dağ var. Göyəzən dağı. Şəninə dastanlar nağıllar,əfsanələr, şeirlər, musiqilər yazılan bu dağ qeyri- adi gözəlliyi ilə yanaşı, həm də qədim yaşayış məskənıdir. Dağın şimal yamacı ilə sıldırım qaya başlayan hissəsində 7 bürclü qala var və yaşı təxminən min ilə yaxın olan bu qala-bürc təbii və antropoloji təsirlərdən xeyli dağılsa da öz quruluşunu və görkəmini bu günə qədər saxlamışdır. 1965-66-cı illərdə o vaxtlar kəndin bəzi “başbilənər”inin qərarı ilə qalanın daşlarını sökərək gətirib tütün qurudulan talvarın divarlarını tikməyə başlamışdılar. Lakin, kənd əhalisinin narazılığından sonra bu söküntü dayandırılmışdı.

Şair Sabir Rüstəmxanlı həmin kitaba daxil etdiyi “Niyə gərək belə qardaş“ şeirini sanki həmin hadisyə həsr etmişdi. Şeirə belə bir epiqraf da vermişdi:” Bəzi rayonlarda qədim abidələri uçurub daşını, kərpicini daşıyırlar”:

Külüngünü sən vuranda o divara,

Öz əlinlə öz sinəndə açdın yara!

Tarixin bir vərəqitək

ovulanda əlindi daş,

Özünü kor qoyduğunu

düşünmədin niyə, qardaş?

... Uluların bu qalanı ucaltmışdı elin üçün,

yurdun üçün, sənin üçün

Sənsə yıxıb daşıyırsan

toyuğunun hini üçün.

Səmimi desəm bu şeir mənə o qədər güclü təsir etmişdi ki, bütünlüklə əzbərləmışdim və məqam düşən kimi onu əzbərdən söyləyirdim. İstəyirdim ki, hamı bilsin bu şeiri. Bəlkə qalalarımızı uçuran , tariximizin izlərini öz xəbis və kiçik niyyətləri üçün itirən və bu barədə heç düşünməyən, “bu yad ananaın, yad bətnində doğulanlar”dayandıra öz çirkin və bəd əməllərini. Və belələrini Sabir Rüstəmxanlı təkcə tənqid etmirdi, həm də ifşa edirdi. Qorxmadan, çəkinmədən:

Sən tək olsan- qəzəbimə yer olmazdı

Kişilərin ucaltdığı

nakişilər əllərində uçulmazdı.

Bu şeir gənc bir şairin bütün Azərbaycan xalqına həyacan təbili , çağırışı idi və mən əminəm ki, Sabir müəllimin bu şeirindən sonra neçə- neçə qalalarımız salamat qala bildi.

Keçən əsrin 80-ci illərin ikinci yarısında SSRİ deyilən bir imperiyanın tərkibində yeni bir dövr başlayırdı. İmperiyanın sonu yaxınlaşır, cəmiyyət çalxalanırdı. Təbii ki, bu proseslər ədəbiyyata da öz təsirini göstərmiyə bilməzdi. Belə bir ərəfədə gənc şair Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabının nəşri də siradan bir hadisə deyildi. Kitab haqında qısa məlumatda deyilirdi: Sabir Rüstəmxanlının ”Qan Yaddaşı”ndan yeni poetik düşüncələr göyərib qalxıb, yurdun ulu daşları dil açıb, aqil babaların, dilidualı ağbircək nənələrin ruhundan nəğmələrinə ilkinlik təmizliyi hopub”.

Kitab ön söz yerinə yazılmış “Ruhumuz sərhədsiz olduğu üçün” şeiri ilə başlayır və elə bu şeir də əslində kitaba toplanmış şeirlərin “sərhədsiz ruhunu” müəyyənləşdirir:

Bu Vətən deyilən dünyam sirlidir,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədir,

Hələ sərhəddini tapammıram mən.

... Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy də beləcə.

Ruhumuz sərhədsiz olduğu üçün.

Payımız gəlibdi göydən beləcə!..

Yeri gəlmişkən, kitaba “Qan yaddaşı” adının verilməsi müəllifin çox uğurlu tapıntısıdır, bu ad həm də oxuculara bir çağırışdır, “al məni oxu”-deyir və burada toplanmış şeirləri oxuduqca təkrar-təkrar qan yaddaşından doğan hikmətlər, poeitik ifadələr səni ovsunlayır. “Qan yaddaşı” şeiri ilə də başlayan şeirlər toplusu elə başlanğıcdan oxucunu düşünməyə vadar edir.

Nüşabə qalasının yarıuçuq bürcündə,

Boy atıb qalınlaşan zoğallığın içində

Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb...

...Soruşdum:”Oxuduğun mahnının adı nədir?”

Güldü, gözü qıyıldı, gülüşü də nəğməydi-

Yayıldıqca yayıldı...

Şeir sənə tarix danışır, əfsanə, əsatir danışır. Bu tarixi sənə danışan körpə uşaqdır. Hələ tarix dərsi keçməyən, heç tarixi də bilməyən, yazı-pozudan xəbərsiz bir körpə danışır bu tarixi sənə. Həm də oxuduğu mahnı ilə, əlində düzəltdiyi oxla, yay ilə danışır və danışdıqları da o qədər gerçəkdir ki, sanki tarixi kemişin haqda sənə kerçək dastan danışır. Bu uşaq qəlbinin səsi, üzünün ifadəsi, mimikası ilə inandıra bilir oxuduğ bu dastana səni:

Dedi bilmirəm, əmi təkəm də oxuyuram,

Heç sözünü bilmirəm, özümdən toxuyuram.

Özündən “toxuyurdu”, mahnısını o uşaq.

İçəridən gələn səs ona “oxu” deyirdi .

Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs

Al əlinə bu yayı, at bu oxu deyirdi.

Şeir çox səmimidir. Dili sadədir. Şair bir körpə uşaqla kiçik bir dialoq qurmaqla əslində çox mühüm bir məsələ qaldırır. Düşünürəm şeirin qəhrəmanı müəllifin özüdür, elə ona bu şeir yazdıran da onun qan yaddaşıdır.

Kitab başdan –başa vətənə, qəhrəmanlıq tariximizə, milli mənəvi dəyərlərimizə, adət ənənələrimizə, dilimizə , dinimizə, yurd yerlərimizə, əcdadlarımıza, məişətimizə həsr olunmuş poetik nümunələrlə zəngin bir topludur və oxumaqdan doymursan, şeirlər səndə sanki yaşı 70- yaşını haqlamış müdrik bir kişinin nəsihətləri , öyüdləri, nağıl və dastanlərıdır bu şeirlər. Həm də çağırışdır, müraciətdir indiki və gələcək nəsillərə.

Kitabda müəllifin yurd ,el, oba, ocaq yeri adlı və ünvanlı çoxsaylı şeirlər yer alıb . Onların hər biri həm məna yükünə, həm də poetik ifadəsinə görə gözəl şeirlərdir. İfadələrdəki tapıntılar, müəllifin poetik ustalığı oxucunu qəhər qarışıq təəcübləndirir, qürurlandırır. Sadaladığm mövzuların hərəsinə bir misal çəksəm bir kitab yaranar. Ancaq şairin “Vətən” şeirindən misal çəkməmək güçündə deyiləm;

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu.

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin “ fəxriyyə” şeiridi,

Dağları dumanda itən-

Vətən...Vətən...

Vətən haqqında müxtəlif müəlliflər tərəfindən müxtəlif xalqların dilində, minlərələm şeir yazılıb. Hər biri də çox gözəl , lətif, zərif. Niyəsə mənim də gəncliyimin filmi olan “ Baharın 17-ci anı” filmində “Hardan başlayır Vətən” mahnısı və mahnının sözləri bəlkə də indiyədək Vətən haqqında eşitdiklərim şeirlərin ən yaxşılarından biridir. Ancaq Sabir Rüstəmxanlının “Vətən...” şeiri bu mövzuda indiyədək eşitdiklərim və ya oxuduqlarım şeirlər içində mənə ən doğma və ən şirin gəldi:

Babalar atını sürüb gedibdi,

Qalalar boylnıb qalıbdır ancaq.

Oğlu –Şah İsmayıl Xətayi adlı

Ağatlı oğlan var, atı qanadlı,

Bir də Suraxanı atəşgahı var,

Bir də Misri qılınc. Bir də Çənlibel:

Bir də “Heydərbaba “ yazılmış bir dil...

Torpağı ot deyil, kişi göyərdən-

Vətən... Vətən!...

1993-2002-ci illərdə tez-tez Mingəçevrə gəlirdi Sabir müəllim. Minəçevirə bağlılığı öncə Vətən toprpağna məhəbbətdən irəli gəlirdisə, digər bağlılığı ümimi dostlarımız- Məhəbbət Qrabağlı,Tofiq Qulyev və digər dostlar yaradırdı. Sonradan elə Tofiq müəllimin və Sabir Rüstəmxanlının vasitəsilə Əli Quliyevlə, Yaşar Abdulovla , Rüstəmxanlı ocağının nümayəndəlri ilə, qədim türk yurdu Yardımlının sözübütöv, mərd, dostluğa möhkəm kişiləri ilə tanış olmaq, ünsiyyət qurmaq mənə də nəsib oldu. Mingəşevir dənizinə maraqlı, düşündürücü bir şeir də həsr etmişdi. “ Mİngəçevir dənizi ilə söhbət”. Bu şeirlə samuxluların və mingəçevirlilərin xatirəsində özünə həmişəlik bir taxt qurub, Sabir müəllim. Vətəni Samux rayonu “Mingəçevir dənizi”nin altında qalmış, Samuxun və Mingəçevirin dəyərli ziyalılarından biri olan Bayram Ağamirzə oğlunun lap ürəyindən olmuşdu bu şeir:

Bağışla , bizi, bağışla

Dəniz altında qalan dünya!

Qayığı belə arxayın sürürük üstündən,

Belə arxayın üzürük

gözünə ağ pərdə çəkən sularda....

...Neçə sahil qumuna yazmışam öz adımı,

Neçə dəniz qoynunda yazmışam inadımı!

Bəs bu necə dənizdir?

... Bir ac balina olub Samuxu udan dəniz

Onun nəğmələrini başından ata bilmir,

Atıb unuda bilmir...

Ömür yolunu uzaq bir kənd cığırından başlayıb Vətənin hər güşəsinə qədər gəlib çıxan, hər kərpicini, hər saxsı parçasını öyrənərək onu nəzmə çəkən, hər daşına, hər torpağına hər qalasına , hər mənzərəsinə şeir yazıb Sabir Rüstəmxanlı, bu kitabda, yana-yana, sevə-sevə tərənnüm edib Vətən torpağını. Və bununla qürur duyur.

Nə yaxşı ki, ömür yolum

qayğıların ağırından başlanıbdı.

Nə yaxşı ki, ömür yolum

uzaq bir kənd cığırından başlanıbdı!

Bu şeirlərin hər birini bu kiçik yazıda təhlil etmək, onlardan sitat gətirmək mümkün olmazdı. Sadəcə oxumaq lazımdır şair Sabir Rüstəmxanlını. Onda biləcəksiniz bu şeirləri ilə nəyi demək istəyir müəllif.

Lakin “Qan yaddaşı” ilə kifayətlənmədi, şeirlərində olduğu kimi dövrü mətbuatda ciddi tənqidi məqalələri, publisistik yazıları maraqlı təklifləri ilə çıxış edirdi. Və budur 32 yaşlı gənc şair-publisist Sabir Rüstəmxanlının yeni bir kitabı- “Ömür kitabı” işıq üzü gördü. Bu kitab əslinəd şairin çox böyük yaradıcılıq uğuru idi. “Ömür kitabı” nəsrimizdə və publisistikamızda hadisə idi və hadisə kimi də ədəbiyyat tariximizə daxil oldu. Ancaq “kitab maraqlı, publisistik bədii” kitab deyildi. Başdan ayağa tariximizlə doludur. Nə qədər acı faktlar da olsa gerçək hadisələrlə zəngin, xalqımızın milli kimliyini faktlarla sübut edən, haqqımızda yazılan təhrifləri, tarixi yalanları birbaşa müəlliflərini göstərməklə , həqiqəti həmin müəlliflərin sifətinə çırpan, bir tarixi-bədii-publisistik toplu olmaqla həm də gənclərə ünnvanlannmış çağırış idi. Eyni zamanda müəllif bu çağırışı, bu tapşırmanı, bu kitabı ilk növbədə doğmaları “Nərgizə, Gündüzə,Səadətə, Tahirə, Ormana, Rəşada, Araza, Namiqə, Anara, Eminə, Raminə, Təbrizə, İftixara, Orxana sonra isə...sabah bu torpağın üstündə yaşayacaq və arzularımızı yaşadacaq bütün balalarımıza bağışlayıram” -deməklə çox gənc yaşında müdrik bir missiya yarinə yetirmişdi. Əslindı bu tapşırma nurani bir qocanın, ömrü keşməkeşlər görmüş müdrik bir insanın gənclərə vəsiyyəti idi...

Yadımdadı! Kitab nəşr olunduqdan sonra tezliklə bütün şəhərlərə və kəndlərə (Nə yaxşı ki, o vaxtlar hələ şəhər, rayon və kəndlərimizdə kitab mağazaları dururdu) yayıldı . Kitabın nəşrindən keçən çox qısa müddət ərzində artıq “Ömür kitabı” əksəriyyətin stolüstü kitabına çevrilmişdi və hamı bu kitabdan danışırdı.

“Ömür kitabı”nı bütün yaşıdlarım kimi mən də elə kitab nəşr olunduğu dövrdə -keçən əsrin 80-ci illərində oxumuşdum. Səmimi desəm Sabir müəllimə simpatiyamda elə o illərdən yaranmışdı. Lakin indi bu yazın hazırlayarkən kitabı bir daha yenidən oxudum. O zamankı yaş və dövr də kitabda yazılanlara yeni yanaşma tələb edirdi. Və mən kitabı oxuduqcaq müəllifə bir daha öz aləmimdə dönə-dönə minnətdarlığımı bildirdim. Düşündüm ki, nə yaxşı ki, ədbiyyat və ictimai fikir tariximizdə Sabir Rüstəmxanlı kimi yazıçılarımız, ziyalılarımız var. Onun bu kitabda səpdiyi toxumlar əminəm ki, hələ innən belə yeni-yeni pöhrələr verəcək, böyüyəcək, Yardımlı meşələri kimi Vətənimizin hər yerini bürüyəcəkdir.

Hesab edirəm ki, “Ömür kitabı” şairin “Qan yaddaşı” şeirlər kitabının nəsrdə və publisistikada bir növ davamı idi. Şair Şabir Rüstəmxanlıya “Qan yaddaşı” kitabında demədiklərinin bir hissəsini nəsrdə, publisistikada demək zərurəti yaranmışdı və çox cəsarətlə deyə bilmişdi. Onun nətəcəsi idi ki, “ Ömür kitabı” mübaliğəsiz desək müəllifinə böyük şöhrət gətirdi .

Doğrusu mən Sabir Rüstəmxanlının “Ömür kitabı”nı “ Vətən haqqında” simfoniya adlandırıardım. Diqqət yetirsək görərik ki, kitabda bölünmüş başlıqların hər biri bir nəğmədi, mahnıdı, əslində müəllif də həmin başlıqlarda verdiyi yazıları yekunda məhəbbət məktubları, nəğmə və ya mahnı adlandırır. Diqqət yetirək müəllifin kitabdakı “Vətən haqqında nəğmə” yazısına:

“Hər kəsin ürəyində Vətən haqqında bir nəğmə var. Geç tez oxumalıdır. Bu nəğmə böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da. Vulkan nə vaxt püskürəcəyini kimə deyir? Sübhün ala-toranında səsindən asılmış torağayların yanğısını dinləyə-dinləyə, zəmi yerinə səpələnmiş quzuların dalınca qaçan, dizə kimi şehdə islanmış qardaşlarımı düşünürəm.... Kim bilir, bəlkə onlar Vətən haqqında nəğmələrini elə həmin anlarda oxuyurlar”. Nə qədər səmimi, kövrək və dəqiq ifadə. Həm də bu ifadələrlə sanki bir poetik mənzərə yardıb, müəllif. Bu mənzərəyə tamşa edən kim olsa belə, onu dindirsən kövrələcək, əminəm. Təkcə bu ifadəılər yox , ümumiyyətlə “ Ömür kitabı” başdan başa Vətən haqqında nəğmələr toplusudur. Qəhrəman Babəkin nəğməsi səslənir bu kitabda. Bu nəğmə “Dağlarımızın üstündə 22 il dalğalanan al bayraq, Babəkin azadlıq, qələbə, qəhrəmanlıq mahısı idi... Babək öz nəğməsini Azərbaycan dilində oxumuşdu! Biz də nəğməmizi bu dildə oxuyuruq, uşaqlarımız, nəvə-nəticələrimiz də bu dildə oxuyacaq. Hər kəsin ürəyində Vətən haqqında nəğmə var...Kimi ürəyə yazır bu nəğməni, kimi daşa, torpağa”.

Bu kitabda əməyin, zəhmətin tərənnüm nəğməsi var. Hər gün çörəyini min zəhmət, əziyyət hesabına daşdan-torpaqdan çıxardan, o daşdan-torpaqdan çıxartdığı çörəyə min dəfə şükür edib onu bal kimi dadan, həmin zəhmət hesabına övladlarını böyüdüb, onlara öyüd-nəsihət, təlim- tərbiyə verən bir atanın Zəhmət nəğməsi var: ”Adam öz işindən zövq alanda, iş toy-bayrama çevrilir. Atamın mahnısı-bitib tükənməyən zəhmət idi. O öz ömür nəğməsini gecə-gündüz, ara vermədən torpağın qulağına oxuyurdu. Ona görə də torpaq onun mahnısı ilə yatır, onun mahnısıyla oyanırdı”. Müəlifin ifadələrini oxuduqca xəyal səni lap uzaq illərə aparır. Gözləriyin qarşısında sifətinin rəngi günəş şüalarında mis rənginə çalan, əllrinin qabarı gözə çarpan arıq bədənli, lakin pəhləvan cüssəli, əlləində, qollarında əzələləri, damarları qabaran zəhmətkeş insanların obrazı canlanır. Düşünürəm Sabir Rüstəmxanlı bu obrazla təkcə atası Xudu kişinin deyil bütünlüklə zəhmətdən yoğrulmuş bir Azərbaycanlı kişisinin ümumiləşdirilmiş obrazını böyük ustalıqla yarada bilib. Ancaq təkcə bu nəğmələrlə bitmir , Vətən nəğmələri. Bu kitabda həm də dünyanın müxtəlif məşhur muzeylərində sərgilənən azərbaycanlı ustaların düzəltdikləri, yaratdıqları, toxuduqları sənət əsərlərinin zəriflik, gözəllik nəğmələrinin bir sözlə Vətən övladlarının ömür nəğmələrinin səsi –“zili, zənguləsi, “Mənsuriyyəsi” eşidilir. Heç şübhəsiz Müəllif bu kitabını 44 günlük Vətən müharibəsindən sonra yazmış olsaydı biz bu kitabdan həm də Vətən uğrunda canını fəda etmiş şəhidimiz Xudayarın təsnifini də eşidərdik.

Mən bu yazıda Xalq şairi Sabir Rüstəmxanlının iki kitabı- “Qan yaddaşı” və “Ömür kitabı”na toplanmış şeir və tatixi-bədii-publisistik yazıların yalnız bir qisminin məndə yatatdığı təəssüratlar barədə oxucularla fikrimi bölüşmək istədim. Əslində demək istədiklərim Sabir müəllimin yaradıcılığının məziyyətlərindən heç bir misqal da deyildir. Onun "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları son vaxtlar nəşr olunmuş “Əbədi sevda”şeirlər toplusunda əksini tapan mövzular ədəbiyyatımızda toxunulmamış mövzular olmaqla son dərəcə maraqlıdır. Bu əsərlər dərin tədqiqatların və təhlillərin obyektidir və əminəm ki, zaman-zaman araşdırılacaq, tədqiq ediləcəkdir.

Ümumiyyətlə götürdükdə isə Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığını onun sözləri ilə desək “Oxuyanların hamısına ünvanlanmış Vətən haqqında məhəbbət məktubları”na bənzədirəm. Bu məktublarda məhəbbətdən yaranmış çağırış da var, nəsihət də, öyüd də.

Sabir Rüstəmxanlı Azərbaycanın çağdaş ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. O, həm də müstəqillik tariximizə 1988-ci ldən başlayan xalq hərəkatının liderlərindən biri kimi, daxil olmuş, Azərbaycanın mətbuat və dövlətçilik tarixinə öz adını şərəflə yazmış, Dünya Azərbaycanlılarının həmrəyliyi və hüquqlarının qorunması yolunda mübarizəsi və yorulmaz fəaliyyətinin nəticəsində istər beynəlxalq aləmdə, istərsə də ölkəmizdə yaxşı tanınır, sevilir və böyük nüfuza malikdir.

Ustad sənətkar, böyük ziyalı, Xalq şairi Sabir Rüstəmxanlını yeni yaşı münasibətilə təbrik edir, uzun və sağlam ömür, yeni yaradıcılıq uğurları, ictimai-siyasi və dövləti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.