"Narahat olmuşam ki, hava limanında üzümə söz gələr" - Deputat

HÜQUQ 14:54 / 06.12.2022 Baxış sayı: 469

"Ölkədə bütün sahələrdə bahaçılıq davam edir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır. Elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın".

Yenises.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir:

"Quru sərhədləri bağlıdır, bu, yalnız hava yolu ilə mümkündür. Niyə vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və düz edir. Bunu mən də etmək istəyirəm. Vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə 5-7 dəfə baha olur. Mən xarici ölkəyə gedəndə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam. Narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Bu o deməkdir ki, o insan bahaçılığa görə dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu ürəkağrıdıcı mənzərədir. Ya biz dərmanların qiymətini elə tənzimləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını almalıyıq. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır".