İdris Babayev - MƏN NECƏ ANLADIM, BAŞA SALIM Kİ...

Ədəbiyyat 09:09 / 21.03.2026 Baxış sayı: 298

 

Bu doğma elimdə qərib evimin,

Halını görəndə çəkdim xəcalət.

Qapısı qıfıllı, divarı çat-çat,

Həsrətdən alıbdır sanki xəsarət.

 

Bu yetim evimin giriş qapısı,

 

Dikib gözlərini "Yel bərəsi"nə.

Hörümçək tor çəkib pərdə əvəzi,

Savalan görünən pəncərəsinə.

 

Baxdıqca ağrıyır yaralı qəlbim,

Artır döyüntüsü, var həyəcanı.

Bir anlıq dayanıb, pıçıldayıram,

Nə gözəl ot basıb həyət bacanı!?

 

Başı buludlara qalxan çinarın,

Baxışı dağ çəkir sinəmə çarpaz,

Başıma hər zaman sığal çəkən Tut,

İndisə döşəyir təpəmə qapaz.

 

Mən necə anladım, başa salım ki,

İdris atmayıbdır sizi kefindən.

Sadəcə başını götürüb qaçıb,

Başı boş başların böyük səhvindən.

16.03.26