Əşrəf Veysəlli : - Gedirəm...

Ədəbiyyat 15:05 / 07.06.2023 Baxış sayı: 1337

 

Hər şey bu dünyada qalır-bilirəm,

Dünyada hər şeyi atıb, gedirəm.

Könlümü söz ilə ovundururam,

Başımı söz ilə qatıb, gedirəm.

 

İmza axtarmıram, səs istəmirəm,

Olan səsimi də kəs, istəmirəm.

Əlimi qaldırıb söz istəmirəm,

Sözün yalmanına yatıb, gedirəm.

 

Bu da köhnə tarla, qədim biçənək,

Gəlib nə əkdik ki, qalıb nə biçək?

Bir evin əlini isindirəcək

Sözlərdən bir ocaq çatıb, gedirəm.

 

Köhnə xatirələr yadıma düşən ,

Ürəyim az qalır köksümü deşə...

Hər gün Qarabağda mənəm döyüşən,

Sanmayın dünyanı tutub gedirəm.

 

Eşitmir qulağım, görmür gözlərim,

Titrəyir qamətim,əsir dizlərim.

Tanrım nə veribsə qaytarır geri,

Getməyin vədəsi çatıb, gedirəm.

 

İxtiyar çağımla ha yollaşıram,

Tez-tez dəbbələyir-cığallaşıram.

Hərdən özümlə də sağollaşıram,

Hərdən özümü də ötüb, gedirəm.

 

Ömrümün illəri –gülləri düşgün,

Çarəsiz dərdlərin dərmanı müşgül.

Bu dünya gözümə kül üfürdü,kül,

Əlimi gözümə tutub gedirəm.

 

Mən baxan bağların böyrü hasardı,

Mən çıxan dağların zirvəsi qardı...

Sizə deyiləsi bir sözüm vardı ,

Onu da demirəm...udub, gedirəm.