Elxas   Comərd,"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü: - QƏLBİMİN  QÜSSƏSİ  DÜNYA  QƏDƏRDİ,

MÜSAHİBƏ 15:41 / 19.09.2023 Baxış sayı: 4057

 

 

Əzizə  Agahüseynqızı  yaradıcılığından  bir  yarpaq.

 

Ağlım  söz  kəsəndən, yaradıcı  insanları  maraqla,  həvəslə  oxuyub  duyandan  bir  qənaəti  özüm  üçün dərk  etdim. Hər yaradıcı  insanın  öz  dünyası, öz  aləmi  var. Bu kimi  insanlar  sözün  sehrinə  düşüb, öz  dünyasının  içində  hana  üzərində sözlə  ilmələr  toxuyub, həvəkdəstəylə  onu,  toxuduğu rənglərinə  uyğun yerini  möhkəmləndirir.

Şeir - əlahəzrət sözün  bir insanın, şair  qəlbinin  yaratdıqlarının  ən  gözəl   toxunuşu  olan  xalı   nümunəsidir. Onun  rəngləri, ilməsi, arğacı  yerində  olsa  göz  oxşayar, qəlb  rahatlığı  gətirər, ruh  dincliyi  yaradar. O şairin  özünə  verdiyi  rahatlığı, oxucusuna da  eynən  verər.

Fb-də  sevə-sevə oxuduğum, maraqla  izlədiyim  bir  çox  şairlərimiz  var ki,  onların  yaradıcılığına  heç  vaxt  biganə  qala  bilməmişəm. Elə  hal  olub  ki,  oxuduğum  şeirin  hər hansı  misrasının,  bəndinin  sehrindən gün  boyu  çıxa  bilməmişəm. Mənim  üçün  belə  şairlərimizdən  biri, bir  çox  ədəbi   məclislərində  paylaşımlarını  oxuduğum,  "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü kimi  tanıdığım çox  hörmətli Əzizə Agahüseynqızıdı. Əzizə xanımın  istər  digər Ədəbi  məslis  paylaşmalarında, istərsə də birliyimizin  qrup  paylaşmalarında  bir  çox  şeir  nümunələrini   çox  həvəslə  oxuyub, maraq  dairəmə  daxil  etmişəm. Ona  görə  bu  gün  onun  şeirləri  üzərində  ürəyimdən  keçənləri  dəyərli  oxucularımızla  bölüşmək  niyyətinə  düşdüm.

Şair,  öz yaradıcılıq  duyğusunun  bir  gecəsinin  onu  necə  narahat  etməsini  poetik  dillə  elə  gözəl  verir ki, oxucu  bir  şair  ömründə  yazılan  hər  bir  şeirin  rahatlıq  və  narahatlığın  duyur. 

"GECƏM GÖZLƏRİMDƏN ASILI QALİB " - deyən  şair...,

 

Nədir həsrət qoyan məni yuxuya?

Gecəm gözlərimdən asılı qalıb.

Hissimi, duyğumu xeyrə toxuya,

Gecəm gözlərimdən asılı qalıb.

 

Hanadı, arğacı qəmdi, kədərdi,

Toxuya bilmirəm, vaxtım hədərdi,

Qəlbimin qüssəsi dünya qədərdi,

Gecəm gözlərimdən asılı qalıb.

 

Xalları, gülləri var axın- axın,

Rəssam tablosuna bənzəyir, baxın....

Dünyanın min rəngi sevgimə yaxın,

Gecəm gözlərimdən asılı qalıb... 

 

Şairin  iç  rahatlığı  şeir  ərsəyə  gələndən  sonra  olur. Şair,  bunu da  özünəməxsus  şəkildə  elə  nəzmə  çəkib  verir ki, oxucu  bu  dincliyi  rənglərin  içində  görür. Onun  qüdrətini  ilahi  sözə  bələyib, oxucusuna

"İLAHİ ŞEİRİ"   adı  ilə  çatdırır... 

 

Bu gecə səmada uçurdum elə,

Göylərə qalxmağım inadım idi.

Bir özgə məkana səfər edirdim,

Hecalar, misralar qanadım idi.

 

Qalxıb kəhkəşanlar diyarına mən,

Parlaq ulduzlardan qururdum kümə.

Səhrada susayan yolçu kimiydim,

Buludlar göz yaşın tökdü üstümə.

 

Burda yer üzündən ayrılsam da mən,

Açılıb qınımdan sıyrılsam da mən,

Bələnib göylərin şəfəqlərinə,

Uçurdum şeirimin gözəl sətrinə.

 

Nəsillər dəyişib zaman keçsə də,

Misradan hördüyüm  divar qalacaq.

Bəlkə yer üzündə ən hündür saray,

Bu gecə yazdığım şeir olacaq...

 

Doğurdanda  şeirin  ilahi  sözdən  süzülərək  qəlbinə  axması, onun söz  sahmanından   çıxardıb  oxucusuna  çatdırması  şair  ürəyinin  döyüntüsüdür. O  döyüntüsünü  duyub, "AĞLADIM"-  deyən  şairimiz, dünyanın  bütün  sevgisini  misralarına  köçürür. 

 

Dözəmmədim qəhərinə,

Qəlbimi yıxıb, ağladım..

Göydə göynəyən buludu, 

Sinəmə sıxıb, ağladım...

 

Sevinc əkib, qəm dərəndə,

Ümid də üz döndərəndə,

Tanrım şeir göndərəndə,

Özümdən çıxıb, ağladım..

 

Kimsə eşitməz ünümü,

Sözlə döyüşən günümü,

Buluddan yuxa könlümü,

Varağa büküb, ağladım...

 

Şairin,  hər  şeirin  ona  yaratdığı  sevgini  görüb, onun sevə-sevə oxuduğum 

 "ŞEİRİMİN   AĞRISI", şeir  tablosunda, bir  daha  əmin  oldum  ki, əbəs  yerə  Əzizə Agahüseynqızı  yaradıcılığına müraciət  etməmişəm. 

 

Sorursan halımı necəsən, necə..?

Nə yaxşı, nə yaman təhər kimiyəm.

Bir misra ağlımı alıb başımdan,

Dumanlı, çiskinli səhər kimiyəm..

 

Yağmaq istəyirəm yağa bilmirəm,

Nə yerə, nə göyə sığa bilmirəm,

Neynim..bu istəyi boğa bilmirəm,

Boğaza tıxanan qəhər kimiyəm..

 

Dəstəmaz alıram azanlarından,

Keçirəm ruhumun dalanlarından,

Üşənib gecənin qaranlığından, 

İşığa can atan şəhər kimiyəm...

 

Döyür, dayanmayır küləyi, qarı,

Nola, tükənməyə əhdi, ilqarı,

Bu yaza çiçəklər tumurcuqları,

Bu yaya dərilən bəhər kimiyəm....

 

Doğurdan da  şairin  şeir  ağrısı  onun  ərsiyyəyə  gətirdiyi  övladları  kimidi. Hər  sözünün  üstündə  əsməsi, hər  misrasına  sığal  verməsi, yaratdığını  oxşaması, ruhuna  rahatlıq  gətirən  laylası  əziyyətləri  içində, "... dərilən  bəhrə kimi... "olmasıdı.

Onun  yaradıcılıq  rəngarəngliyi sözə  olan  ehtiramının  bariz  nümunəsidir. Həsrətini  içində  boğan  şair, " GECƏLƏR  YADIMA EVİMİZ  DÜŞƏR" şeirində  digər  şeirlərində  olduğu kimi, çalarları  elə  gözəl, məharətlə  vurur ki, bir süjet  xətti öz  rəngarəngliyində  göz  oxşayır.

 

İşığı közərmir, həniri gəlmir,

İçinə qısılıb səmiri gəlmir,

Təndiri qalanmır, xəmiri gəlmir,

Taledən inciyər, bəxtindən küsər,

Gecələr yadıma evimiz düşər.

 

Pəncərəsi bağlı, qapısı bağlı,

Anamsız bu ocaq sinəsi dağlı,

Sabahı, gündüzü, axşamı ahlı,

İntizar baxışı amanım kəsər,

Gecələr yadıma evimiz düşər.

 

Yuxusuz gecəsi səhərə qonaq,

Şeirim köksümdə qəhərə qonaq,

Mən burda bir qərib şəhərə qonaq,

Nanə yarpağı tək ürəyim əsər,

Gecələr yadıma evimiz düşər....

 

Atamın nur yağan üzündən belə, 

Anamın baməzə sözündən belə,

Köhnə samovarın közündən belə,

Xəyalım qəhərin çayını içər,

Gecələr yadıma evimiz düşər..

 

İt hürər, hürküşər, qaçışar qazlar,

Oyanar yuxudan qaragöz qızlar,

O səsdə bir uzaq xatirə sızlar,

İllər yaddaşıma güllü don biçər,

Gecələr yadıma evimiz düşər....

 

Bir şam öləziyər, bir ulduz sönər,

Bir şimşək səsinə gecə səksənər,

Yuxumu qataram, yuxum diksinər,

Oyanıb gəzərəm o perik düşər,

Gecələr yadıma evumiz düşər...

 

Əzizə, dilində "Şahnaz" ağlayar,

Gah payız ağlayar, gah yaz ağlayar,

"Şahnaz"ın  dilində ah az ağlayar,,

Zilində, bəmində ürəyim bişər,

Gecələr yadıma evimiz düşər...

Gecələr yadıma evimiz düşər....

 

Şairin  müxtəlif  səpkidə  yazdığı  şeirlərin  hamısında  gözəl  deyimlər,  bənzətmələr hamsı  yerli - yerində  elə  gözəl  məharətlə  verilir ki, oxucu  illərlə  eşitdiyi  sözün  sehrinə   düşür  elə bil. Yaddaşına  hopur  o  söz. Şəhid  ağrısının,  acısının  yaratdığı  təəssüratı   şair  özünəməxsus  elə  orjinal  verir ki,  oxucu  o şeiri  oxumaqdan  həzz alır. "BU GECƏ DƏLİ BİR YAĞIŞ YAĞIRDI" şeiri,  bu  qəbilədən  olan  bir  ürək  yanğısdı.  

 

Kişnədi buludlar başımın üstə,

Gözümdən süzülən yaşımın üstə,

Şəhid məzarının daşının üstə,

Bu gecə dəli bir yağış yağırdı.

 

Dəlisov at kimi şahə qalxaraq,

Şimşək dırnağıyla odu ha,bayaq,

Eşirdi göyləri şaraqqaşaraq,

Bu gecə dəli bir yağış yağırdı,

Göylərdən yerlərə nifrin yağırdı,

Göylərdən yerlərə qarğış yağırdı.

 

Gül açmır arzular atdığım yekdi,

Elatsız obanın yuxusu dikdi,

Soyuq çadırların üstü nəm çəkdi,

Bu gecə dəli tək yağan yağışdan.

 

Başımız üstündə tirə bax,tirə,

Bilmədik hülqumu verdik kəndirə,

Anamın qurduğu palçıq təndirə,

Bu gecə dəli bir yağış yağırdı.

 

Çoxdandı görmürdü belə yağışı,

Boy atdı torpağın yaşıl alqışı,

Doldu çəmənlərə ceyran naxışı,

Bu gecə dəli bir yağış yağırdı.

 

Tüstüsü kəsilən elə,obaya,

Atamın əlindən düşən yabaya,

Ağacda yellənən tənha yuvaya,

Bu gecə dəli bir yağış yağırdı.

 

Bu gecə dəli bir yağışa dönüb,

İlham pərisinin əlindən tutdum,

Dəli bir sevdanın dilindən tutdum,

Qələmin Qırat tək yalından tutdum.

 

Kövrək ümidimin üstünə yağdı,

Bacası olmayan tüstümə yağdı,

Pəncərə önündə büstümə yağdı,

Bu gecə bir ağlar heykələ döndüm,

Bu gecə dəli bir yağış yağırdı...

 

Əzizə Agahüseynqızı,  bir  insan  olaraq  bu  həyatın  acı,  ağrılarını  yaşayan  birimiz  kimi,  dərdin, "DƏRDİMİN" şeirində  olduğu kimi, döyməyə, sillələməyə, halına   yanmağa  bir  ata  istəyin, 

 

Qəlbi isitməyə oda istərəm,

Ümman təşnəsiyəm, ada istərəm,

Halıma yanmağa ata istərəm,

Çırpa, şillələyə, döyə, dərdimi...

 

-deyərək, ata  varlığının  silləsində   isti  bir  sevginin, tərbiyyənin  varlığını  önə  çəkir. Dərdin  yumşaldılması, ağrısının azaldılmasını  gözəl  poetik  dillə  verən  şair  sonda  dərdin, hər  kəsin  özü  çəkəcəyini   şeir  dili  ilə  gözəl  vurğulayır.

 

Amma qorxuram ki, yağdıra yerə,

Təzədən leysan tək sağdıra yerə,

Çevirəm misrsya, sözə, şeirə,

Yenə özüm duram yiyə, dərdimə....

Yenə özüm duram yiyə, dərdimə....

 

El   arası  belə  bir  deyim  var. "Dərd  məni  şair  elədi"  və  yaxud da "Şairlər  dərddən  yazır". Doğrusu  bu  sözün  içində  bir  həqiqət  yatır. Şair, digər  insanlara  nisbətdə  həssas  qəlbli, duyğusal  olurlar. Onlar  ətrafında  başverənlərə  çox  həssas  yanaşırlar. Həmdə  belə  bir  fikir  var ki, şairlər  Allahın  seçilmiş  bəndələridi. Yəqin  bu  üzdəndi ki,  şairlər hər  hadisəni  iç  dünyasında   var-gəl  etdirib,  özünə  dərd  edir. Bütün  bunların  fonunda  şair  yaradıcılığında  dünya  dərdləri, dünya  haqsızlıqları  özünə  möhkəm  yer  edir.

44  günlük Vətən  Müharibəsinin  ağrılarını  çəkən  əsgərlərimizin  şəhidliyi  hamını  sarsıtdı,  yuxusuna  haram  qatdığı  səhnəni  kövrək  notlar  üzərində  verən  şair  Əzizə Agahüseynqızı   "BİR ƏSGƏR GEDİRDİ ÇİYİNLƏR ÜSTƏ " - deyib  haray  çəkir. 

 

Kamandı, çəkilmiş oxundan çıxıb,

Dünyanın varından, yoxundan çıxıb,

Amandı, qoymayın yuxumdan çıxıb,

Bir əsgər gedirdi çiyinlər üstə...

 

Qopurdu dünyanın bir qırağından,

Nur ala bilmədi öz çırağından,

Düşmənə yağdırıb od yarağından,

Bir əsgər gedirdi çiyinlər üstə...

 

Bir  şairin  ana  hissi "OĞLUMA MƏKTUB "  və  " ƏSGƏR  OĞLUMA şeirində  içdən  gələn  sevgini  narahatçılıqla  yoğurub   misraya  çevirməsi  o  qədər  cəlbedicidir ki,  həmin  şeirə  toxunmadan  keçə  bilmədim. 

 

Salam,   yuxusu qaçan, 

Səngərdə duran balam.

Mənim də yuxum qaçıb,

Arzum, dayağım, qalam...

 

Balasını  əsgər  paltarında  olan  sevgisini  ifadə  etməsi  də  ecazkardı. 

 

Əynindəki o əsgər 

Geyimini sevmişəm.

Dilimdəki o əsgər, 

Deyimini sevmişəm...

 

Həsrətindən bilirsən,

Ürəyim dönüb telə...

Gözümü yolda qoyma,

Tez- tez evə zəng elə...

 

Bizdən nigaran olma,

Xidmətini yaxşı çək.

Düşmənə zərbə vurub,

Ovla onları tək- tək...

 

Məktubumda atanın,

Bacıların salamı.

Qonşu qız təbəssümlə,

Salamlayır hamını...

 

Di yaxşı, gecə keçir....

Salamat qal...öpürəm..

Sərhəddə sayıq dayan,

Mən yatmağa gedirəm..

 

ƏSGƏR OĞLUMA

 

Vaxt yetişdi, tamamdı,

Dur yaraqlan, get,oğlum..!

Vətən darda, amanda, 

İmdadına yet, oğlum...!

Ay mənim əsgər oğlum...

...............     ******..... 

Vətən sənə əmanət,

Sən Vətənə əmanət,

Oğul, qurbanın olum,

Etmə ona xəyanət....

 

Silahını əziz tut,

Postunda sərvaxt dayan.

Tənbəllik etmə orda,

Hamıdan əvvəl oyan.

 

Koroğlu tək qəhrəman,

Nəbi kimi nər oğlum.

Mübariz tək hünərvər,

Fərid kimi ər oğlum,

Ay mənim əsgər oğlum...

 

Qorxma düşməndən əsla...!!!

Silahınla dər, oğlum,

Tut atəşə, alova,

Torpaq üstə sər, oğlum,

Ay mənim əsgər oğlum...

 

Demirəm ki, dağlara,

Duman gətir, çən gətir.

Qələbəylə qayıt gəl,

Xoş xəbəri sən gətir....!!!

 

Əsgər  oğluna  arzusunu, alqışını  çatdıran   ana,  bütün  əsgər  anaları  kimi  oğlundan  istəyini  bu  cür  ifadə  edir.

Şairinin  bütün  yaradıcılıq  şaxələrində  özünəməxsus gözəlliklərin  yer  alması  onun  zənginliyinə  işarədir. Əzizə xanım bütün  janrlarda  yazdığı  hər  bir  şeirində bu  zənginliyi  qoruyub  saxlamaqla  bərabər, onun  təravətini,  ətrini  " NƏRGİZ" şeirində  olduğu  kimi  verə  bilir. Bu  da  şairin  mükəmməlliyinə, heç də  təsadüfdən  şeir  yazmadığını  önə  çəkir. 

 

Qışın ortasında çiçəkləyibsən,

De, hardan almısan dözümü nərgiz?

Gah sarı, gah da ağ ləçəkləyibsən,

Gözəldi rənglərin düzümü, nərgiz !

 

Soyuq baxışlarda qarı görəndə,

Soyudun sevgini  yarı görəndə,

Bağrının başında sarı görəndə,

Buludlar qapadı gözümü, nərgiz !

 

Ləçəyin xalıdı incə toxunub,

Eşqinlə gör neçə nəğmə oxunub,

Boynunu bükmüsən, yelmi toxunub?

Yandırır göz yaşım üzümü, nərgiz !

 

Tirpaqdan boy verib sıralanırsan,

Aşiqlər əlində xaralanırsan, 

Bahara çatanda uralanırsan,

Yarıda qoyursan sözümü, nərgiz !

 

Gəl, məni özünə belə bağlama, 

Gedərgi qonağam məni saxlama,

Hüsnünə yazdığım qoşma, bağlama,

Göstərir sözümün düzünü, nərgiz!

 

Mən də, bu  kiçicik  yazımla  şairimiz  Əzizə xanım  Ağahüseynqızına  daha  böyük  uğurlar  diləyib,  şəxsi  həyatında  can sağlığı, uzun ömür arzulayıram. 

 

Elxas   Comərd,

"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.