Elnur Baxış: -SƏHNƏDƏ DAVAM EDƏN MƏNALI ÖMÜR YOLU
Yaradıcılığıyla tanış olsam da, özüylə şəxsən
tanış deyildim. Həmişə onunla telefonla danışırdıq. Bu yaxınlarda, sənətkara zəng
vurub hal-əhval tutduqdan sonra Ağdama gələcəyimi, onunla görüşməyimi, Ağdam
Dövlət Dram teatrının yaradıcı kolektiviylə yaxından tanış olmağımı söylədim.
Ustad sənətkar Kərim Xançoban buna çox
sevindi. Sabah günortaya kimi Quzanlı qəsəbəsində yolumu gözləyəcəyini bildirdi.
Hər ikimiz telefonda sevinclə xudahafizləşib, görüşmək ümidiylə dəstədi asdıq. Sabahısı
Gəncədən Ağdamın Quzanlı qəsəbəsinə
yola düşdüm. Yarım saat gecikdiymi görüb, dalbadal iki dəfə mənə zəng vurdu. Gel çıx, qardaş harda qalmısan, səbirsizliklə yolunu gözləyirəm
– deyə məni tələsdirdi. Danışıb hər ikimiz
telefonu söndürdük.
Beş-on dəqiqədən sonra Quzanlıya çatdım. Kərim
Xançoban gənc aktyor Camalla məni qarşıladı, görüşüb yaxındakı kafedə
oturmağımızı təklif etdi. Təklifi qəbul edib, kafedə əyləşib söhbətimizə davam
etdik.
Xeyli söhbət etdikdən sonra bu nurlu insanın,
işıqlı adamın könül qapısını açıb iç dünyasıyla tanış oldum. 35-ildir ki, Ağdam
Dövlət Teatrında çalışır. Bu 35 ilin 17 ilini bu teatrda rejissor, qalan illəri
isə aktyor kimi çalışıb. Bir ildən çoxdur ki, həmin teatrın baş rejissoru vəzifəsində
çalışır. Rejissor kimi indiyədək 24 tamaşaya quruluş vermişdir. Bu illər ərzində
müxtəlif tamaşalarda əksəriyyəti baş rol olmaqla 100-dən artıq rol oynayıb. 8 dəfə teatr festivalında
iştirak edibdir. Çalışdığı teatrda çox böyük hörmət qazanıb.
2003-cü ildə Respublikada keçirilən "Mono tamaşalar” festivalında 2-ci yerə layiq
görülüb. 2021-ci ildə Mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə keçirdiyi festivalda "Dəmir yumruq” tamaşası yüksək dəyərlə
qarşılanıb, diploma layiq görülüb. Nizami Gəncəvi ilində İsgəndərnamə əsərində
baş rolda İsgəndəri oynayıb.
Birinci Qarabağ müharibəsindən indiyə
kimi Ağdam Dövlət Dram Teatrının əməkdaşlarıyla
birlikdə hərbi hissələrdə təmənnasız
tamaşalar göstərir. Bu illər ərzində bir çox "Fəxri fərman”lara layiq görülüb.
1990-cı illərdə Ağdam teatrının Əməkdaşları başqa teatrlara keçsə də, Kərim
Xançoban, Ağdam teatrını tərk etmir. Teatrda fəaliyyətini davam etdirir. Ağdam
teatrını yaşadıb, göz bəbəyi kimi qoruyub.
El arasında deyildiyi kimi, Kərim Xançobanın
Ağdam Dövlət teatrının üstündə haqqı var. Bunu danmaq olmaz. Məhz elə ona görə Mədəniyyət naziri, cənab Anar Kərimov, Mədəniyyət
nazirliyində, Teatr sektorunun müdiri, Könül Əliyeva, Günay Hümbətova, AğdamTeatrının
direktoru Məhəmməd Hüseynov istedadlı aktyor və rejissor Kərim Xançobana etimat
göstərib, Ağdam Dövlət Teatrına baş rejissor təyin ediblər. Mən də öz növbəmdə
adları çəkilən hər kəsə öz təşəkkürümü bildirirəm.
Kərim Xançoban bir ildən çoxdur ki, Ağdam Dövlət
teatrının baş rejissorudur. Prezident mükafatçısıdır, inanırıq ki, gələcəkdə daha
yüksək fəxri adlara və Prezident təqaüdünə layiq görüləcəkdir. Hazırda onun
rejissorluğu ilə teatrda Sahib İbrahimlinin Azərbaycanın 44 günlük Vətən
Müharibəsində qazandığı Zəfərə həsr olunmuş 44 dəqiqəlik tamaşanın məşqləri gedir.
Ağdam Dövlət Teatrı Mövsümü hədəf Şuşadır adlı açılışla başlayacaqlar.
Qısa tanışlıq: Həsənov Kərim Abbasoğlu (Kərim
Xançoban) 19 noyabr 1967-ci ildə Bərdə şəhərində anadan olub. 1976-1986-cı illərdə
Bərdə şəhər 4 nömrəli tam orta məktəbini bitirib. 1991-1996-cı illərdə Mədəniyyət
və İncəsənət Universitetinin Dram Teatrı
və Kino aktyorluğu ixtisasını bitirib. 1989-cu ildən Ağdamda yaşayır. Ailəlidir.
3 övladı var. Böyük oğlu Texniki Universitetini, qızı isə Neft Akademiyasını
bitirib. Kiçik oğlu Bakı Dövlət Universitetinin
birinci kurs tələbəsidir.
Tutduğu şərəfli və məsuliyyətli yolda Kərim
Xançobana uzun ömür can sağlığı yaradıcılıq uğurları arzu edirəm.
Elnur Baxış
folklorşunas, Azərbaycan
Aşıqlar Birliyinin və
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü.
Gəncə şəhəri.