Ələsgər ƏLİOĞLU : - Hekayələr

Ədəbiyyat 12:16 / 21.09.2023 Baxış sayı: 1492

 

 

             BALALARA HƏDİYYƏ

               

        HƏRBİ QƏNİMƏTLƏR PARKINDA

                           

Turqut  babası ilə Hərbi Qənimətlər Pakına gəlmişdi. O, buradakı pulemyotlara, minamyotlara, tanklara, toplara, bir sözlə, bütün hərbi sursatlara  çox maraqla tamaşa edirdi. Birdən o, babasına dedi:

-Baba, bu tanklardan birini mənə alarsan?

Baba gülümsəyə-gülümsəyə dilləndi:

-Əziz balam, bunların hamısı alınıb!

-Kim alıb ki, ay baba?

-İgid oğullarımız!

-Görəsən nə qədər pulla alıblar, ay baba?

-Pulla almayıblar, bala! Qanla  alıblar,qanla! Sən də böyüyəndə əsgər gedərsən. Onda  lazım gələrsə, tank da alarsan, lap top da!..

-Turqut şəstlə səsləndi:

-Alaram, baba, alaram! Lap hamısından da alaram!

                                                                           10.09.2023

 

 

 CƏBHƏDƏ QALAN ƏL

                            

Cəbhədə sağ qolunu itirən Əzəmət ordudan tərxis olunduqdan sonra evə döndü. İlk görüşüb-öpüşdüyü də üç yaşlı qızı Dəniz oldu.Tezliklə qohum-qonşular da yığışıb onun  görüşünə gəldilər...

Günlərin birində Dəniz atasından soruşdu:

-Ata, niyə məni bir əlinlə qucaqlayırsan?Axı həmişə ikiəlli qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç xoşuma gəlmir...

Əzəmət kövrəlsə də özünü  bir təhər ələ alıb qızına  cavab verdi:

- O biri əlim cəbhədədir, qızım!..

-Niyə cəbhədə qoyub gəlmisən?

-Düşmənlərə qarşı döyüşür...

-Bəs haçan gələcək?

-Müharibə qurtaranda!..

 Dəniz hər gün arzulayırdı ki, müharibə tez qurtarsın və atası da onu hər gün cütəlli qucaqlasın!..

                                                                  13.09.2023

-