«Əbədiyyət yolçusu»

MƏDƏNİYYƏT 08:13 / 04.12.2022 Baxış sayı: 3491

 

Gəlin etiraf edək ki, bu gün Azərbaycanda daha çox o şəxslər, o klassiklər, ədəbi camiədə xatırlanır və anılır ki, onun ya soy kökündən, ya da hansısa bir fərqli cəhətindən qaynaqlanan, təmsil edən var. Bu mənada barəsində daha çox yazılmalı, daha çox yazdıqlarından öyrənməli olduğumuz bir imza sahibi var. O, bütün parametrləri ilə sözün həqiqi mənasında klassikdi, məktəbdi. Bu Azərbaycan mədəniyyətində, Azərbaycan teatr tarixində, Azərbaycan ədəbiyyatında öz möhürü, öz yeri, öz zirvəsi olan Əbdülrəhim bəy Haqverdiyevdi. Hələ iki il bundan öncə Azərbaycan Prezidenti, cənab İlham  Əliyev Əbdülrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Həmin sərəncam 2020-ci ilin yanvarın 31-də imzalanmış və görüləcək işlər barədə müvafiq qurumlara tapşırıqlar da verilmişdi. Ancaq 2020-ci ilin xalqımızın, dövlətimizin tarixindəki böyük Zəfər dönəmi bəzi məsələləri bir az arxa plana atdı. Elə həmin məsələlərdən biri də mənə görə, Əbdülrəhim bəyin yubiley törəni idi.

Bəli, yubileylə bağlı görüləcək işlərin mahiyyətinə varmadan, indi masamın üstündə olan bir kitab-albom barəsində oxuculara bilgi vermək istəyirəm. «Əbədiyyət yolçusu» adlı bu kitab-albomunda Əbdülrəhim bəy Haqverdiyev barəsində ətraflı məlumatla yanaşı, həm də onun haqqında yazılmış fikirlər, bildirilmiş münasibətlər, kifayət qədər foto-şəkillər də oxuculara təqdim edilibdi.

Kitab-albomda şəxsən mənim üçün maraq doğuran bir nüans var. O da tərtibçinin, yəni bu kitab-albomu araya-ərsəyə gətirən Mustafa Çəmənlinin böyük zəhmət hesabına həm arxiv materialları, həm qədim əlyazmaları və bir də əhatəli axtarışların nəticəsində Əbdülrəhim bəylə bağlı bir kitabda təqdim etdiyi bilgilərdi. Onların arasında həm Əbdülrəhim bəylə eyni dövrdə yaşamış, onunla dostluq, yoldaşlıq etmiş insanların, böyük  şəxsiyyətlərin, həm də Sovet dönəminin tanınmış alimlərinin, teatrşünaslarının fikirləri xüsusilə önəmlidir. Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Abdulla Şaiqin, Hüseyn Mamayevin, Seyid Hüseynin, Hüseynqulu Sarabskinin, Mir Cəlalın, Cəfər Xəndanın, Sidqi Ruhullanın, Əli Nəzminin, Əfrasiyab Bədəlbəylinin, Mustafa Mərdanovun, Abbas Zamanovun və digərlərinin Əbdülrəhim bəylə bağlı xatirələri, fikirləri Azərbaycanın bu böyük aydınının yaradıcılıq dünyasını bizə yenidən təqdim edir. Biz onu bir az da yaxından tanıyır və bir az da artıq sevirik.

Düşünürəm ki, «Əbədiyyət yolçusu» kitab-albomu «Təhsil» nəşriyyatının həm Azərbaycan oxucusuna, həm Əbdülrəhim bəyi sevənlərə, həm də bütövlükdə bu böyük insanın həyat və yaradıcılığını öyrənmək istəyənlərə çox dəyərli bir hədiyyədir. Necə deyərlər, Əbdülrəhim bəyin sözünün və özünün həqiqətən əbədiyaşarlığını sübut edən bir vəsaitdir.