Azərbaycan -Türkiyə dostluq konserti - FOTOLAR

MƏDƏNİYYƏT 15:45 / 04.12.2022 Baxış sayı: 4058

Türkiyənin paytaxtı Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Cümhurbaşkanlığı Simfoniya Orkestrinin dəstəyi ilə təşkil olunan konsertin izləyiciləri arasında Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar və türk sənətsevərlər də olub.


Azərbaycan Respublikasının Xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədova, Mənsum İbrahimov və Qarabağ muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndiriblər.


Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların Qız qalası ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.


Sənətçilərimizin səsləndirdiyi "Azərbaycan", "Xudayar təsnifi", "Laçın", birlikdə səsləndirilən "Yaşa Azərbaycan" və digər mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Azərbaycanlı sənətçilərlə yanaşı, tanınmış türk sənətçiləri Şükriye Tutkun və Mustafa Kəsər də sevilən mahnılarını ifa ediblər.
İki saat davam edən konsertin izləyiciləri Azərbaycan - Türkiyə dostluğunu və qardaşlığını tərənnüm edən konsertdən çox razı qaldıqlarını bildirərək  belə tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətiriblər.
Konsert Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.