Aysel Xanlarqizi Səfərli - Her gün bir tel qopur
Her gün bir tel qopur
ruhumun
sevgi simlərindən…
Yavaş-yavaş
Xaric səslənirik
Oxuduğumuz eşq nəğməsində.
Do notu
barmaqlarım arasında susqun,
Re- ni üzgün görürəm.
Bir həsrət çaları var
Mi səsində…
Fa- notu yolun ortasında
peşman və üzgün,
Sol səsi
Sol açarından küskün,
Lya- oktavada
ayrılığa gedən yolun sonu,
Si- bu sevgidəki ən yanıqlı
nöqtə,
Peşmanlıq
Və yalnış həyatımdakı
Son beyt,
Məqtə…
Budur,
bizim musiqimiz səslənir,
Bir günahsız sevgi
ömrün son akkordlarında
bəstələnir,
Gözlərimdəki kədərdə
Dəfn olur…
Maestro,
Götür bu şeiri
İfa et, əlvida əvəzi
Mavi gözlü göy üzünə,
bulud əlçimlərində…