Ayaz Arabaçı : - Əsil insan həyatı...

Zaman kəsir, yaman kəsir içimi,
İztirablar tale, həyat biçimi.
Yaşamaq da bir intihar seçimi,
İntihar etməyəcəm!
Üzümü gənclərə tutub yazıram. Nə olur olsun intihar etməyin.
Adamın borcu da olar, xəstəliyi də olar, həbsxanaya da düşər, hər cürə səhvi olar, biabır da ola bilər və sairə. Bütün bunların adı həyatdır. İnsan səhv eləmək, səhvlərdən keçib təkmilləşmək üçün yaranıb.
Başqalarının rəyindən asılı olmayın. Bütün hallarda həyatın gözünün içinə dik baxın. İntihar etmiş gənc şairimizin arxasınca yazılan idillik-romantik, özünü və cəmiyyəti gunahlandıran statuslar çox bulanıq, çıxılmazlığa sürükləyən bir psixoloji atmosfer yaradır. İntihar bütün hallarda qınanmalıdır.
Ölənlə ölünmür, Allah rəhmət eləsin. İntihara hər hansı bir fəlsəfi-bədii bəraət, bəzək-duzək yerdə qalanlar üçün pis nümunə olur. Bir insan gözlənilən- gözlənilməyən hər cür sınaqla üzləşə bilər. Üstünə getmək lazımdır. Günahsızsansa, müəyyən bir mərhələni keçib həyat təcrübəsi toplayacaqsan.
Günahkarsansa, gedib bir neçə il həbsxanada yatacaqsan, bu da bir təcrübə olacaq. Yaşamaq dişlə, dırnaqla, cırmaqla bu həyatdan tutunmaq tələb edir. "Adım batacaq", "biabır olacam", "cəmiyyətdə nüfuzdan düşəcəm" və sair kimi eqoistlik xürafatlar heç bu həyatın bir gününün də bahası ola bilməz. Bu meşşan, mərhəmətsiz, ədalətsiz cəmiyyət sənə tüpürürsə, sən də onun həyatı məhv edən normalarına tüpürməlisən.
Əsil insan həyatı, kişi həyatı, ədalət, azadlıq hissini yaşatmaq da qoxduğun xurafatlardan, biabirçılıqlardan, rüsvayçılıqlardan keçəndən sonra başlayır.