Arzu Əsəd : -  Tarix yalanlara hamilə qalmır...

Ədəbiyyat 09:21 / 31.03.2023 Baxış sayı: 1735

 

Durdurulmalıydı, dayanmalıydı

O həyasız güruh, o kirli axın.

Nəhayət, qəflətdən oyanmalıydı

Əzəli sahibi bu pak torpağın.

 

Zaman axıb-axıb durulmalıydı,

Haqq dönüb dolanıb qayıtmalıydı.

Dirçəlib, doğrulub bir olmalıydı,

Bu millət əslinə can atmalıydı.

 

Tarix yalanlara hamilə qalmır;

Haqqı nəsil-nəsil tapdalayan xalq

Öncə düşüncəni, fikri, xəyalı,

Sonra nəsilləri ölü doğacaq.

 

Çatdı zülmün sonu, hiylənin sonu,

Səni hər meydanda susduracağam.

Min bir xəyanətlə tarix uzunu

İçdiyin qanları qusduracağam.

 

Sənin kiçilməyə, sənin enməyə,

Sınmağa yönəlik təbiətin var.

Dənizdən- dənizə səpələnməyə

Sənin nə sayın var, nə qüdrətin var.

 

Mən yenə tarixdən, haqdan güc alıb

Sevilib, seçilib, sayılacağam.

Kökümün üstündə artıb ucalıb

Qitədən qitəyə yayılacağam!