Arzu Əsəd : - Deyir, belə getsə...

Ədəbiyyat 12:58 / 17.09.2024 Baxış sayı: 820

Başımın içində biri

oturub fikirlərimi yeyir,

kimə deyirəm baxıb üzümə gülür,

"sən şizofreniksən" - deyir.

Deyirəm ağrıdır,

doğrudan yeyir,

hələ üstündən də

qanımı içirmiş kimi iztirablarımı içir,

ömür, beləcə, fikirlərim yeyilməklə keçir.

Deyir ağlın varmı,

fikirlər də bədən kimi ağrıyarmı?

Qalır qınaya-qınaya,

deyir, belə getsə,

bir gün səni aparıb soxacaqlar dəlixanaya.

Deyir...

Çox da ki, çoxu çox söz deyir,

amma mən özüm bilirəm axı,

vallah, billah,

başımın içində biri

oturub fikirlərimi yeyir.