Aləmzər Sadiqqızı - Yoxluğun özüylə min dərd gətirir...
Bəlkə gözlərimdən düşən bir damla,
Bəlkə də ömrümdən ötən bir günsən.
Bəlkə, ömrüm boyu heç əkmədiyim,
Qəfildən ömrümdə bitən bir gülsən.
Duyğu var adını qoya bilmirəm,
İçdən ağlayıram, içdən gülmürəm,
Bəlkə, kor olmuşam duyduqlarıma,
Sənsiz yaşayıram,sənsiz ölmürəm.
Varsansa elə bil dərdi-sərim yox,
Yoxluğun özüylə min dərd gətirir.
Səninlə gülüşə bələnən gözüm,
Sənsiz çicəkdən də qəmlər bitirir.
Aləmin ürəyi güllərdən kövrək,
Aləmin dünyası başqa dünyadı.
Mənim bu dünyayla bəlkə bağım yox,
Bəlkə də nağıldı, bəlkə röyadı?
Haraya baxıram kim yox,kimsə yox,
Bəlkə Yer uzü də köçüb dünyadan?
Bəlkə mən köçmüsəm bu yer üzündən,
Bəlkə oyadan yox məni röyadan?
8.11.2024.