Ağaevli Əli Hacı :- Torpağa əkdiyim çiçək,

Ədəbiyyat 14:17 / 15.02.2025 Baxış sayı: 1202

 

Torpağa əkdiyim çiçək,

daş üstdə alır yuxusun !

Sahil gəzirəm özümə,

ayrılıq açır yaxasın !

 

Adsız nəğmə oxuyuram,

Allahla bəndə arası !

Adsız bir şəhər salın siz,

bölün dərdimin yarısın !

 

O,dünyadan nə xəbər var

ay Quranım,ay İncilim ?!

Bir xəbər verən göstərin,

göstərin bir az dincəlim !

 

Çəkdim özümü qırağa,

göyündən qırdım əlimi !

İlahi ! Söz yeyirəm mən ,

yerə qoymuram dilimi !

 

Yuxum gəlir bu səhərə

baş altıma daşı gətir !

Qurumuşam İlahi! Gəl ,

göz yaşını daşı,gətir !