Adil  Şirin  - MƏNİ UNUTMA

Ədəbiyyat 12:47 / 19.09.2026 Baxış sayı: 743

 

Ömrün yaz fəslində, çiçək fəslində

İlk sevginin havasına uçardım.

Hamıdan gizli sirrimi,

Yalnız sənə açardım, -

Cökə ağacı, məni unutma.

Bir axşam qəfildən soyuq yağışla,

Ayrılıq girəndə araya.

Ayrılıq qəsdimə durub

Duz basanda yaraya,

Cökə ağacı, məni unutma.

Ömrün dolaylarında,

Dostlar tək qoydu məni.

Namərd qürbət acısı,

İçimdən oydu məni-

Cökə ağacı, məni unutma.

Zaman bizim ömrümüzdən

Su kimi axdı getdi.

Dağları duman aldı,

Ay göydən baxdı getdi-

Cökə ağacı, məni unutma!..