VAQİF OSMANOV: - SƏMƏD VURĞUN - MİLLİ DƏYƏRLƏRİN “MÜSƏLLƏH ƏSGƏR”İ

“Yaşamaq bir yolçuluqdur” inamı və amacı ilə milli təəssübkeşliyin, böyük Türkün milli-mənəvi dəyərlərini tanıtmaq, keşiyində dayanmaq üçün, Aşıq Veysel demişkən, “uzun, incə bir yola çıxıb, gündüz-gecə yol gedən” elm, bilim, mənəviyyat, söz adamı, 6 il Fransada yaşamış, orada elmi fəaliyyətinin təməlini qoymuş, 15 il Türkiyənin müxtəlif şəhərlərində müəllimlik və idarəçilik etmiş, əvvəllər Atatürk, Giresun, Qazaxıstan Hoca Ahmet Yesevi Beynəlxalq Türk – Qazax Universitetlərində məsul vəzifələrdə işləmiş, indi Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalı 1987-ci ildən Türkiyə sınırlarından kənarda yaşayan Türk xalqlarının mənəvi dünyası, dili, ədəbiyyatı, tarixi, folkloru, milli kimliyi üzərində yorulmadan araşdırmalar aparır. Bu zəngin araşdırmalar nəticəsində son 20 ildə professor-doktorun “İran Türk ədəbiyyatı antologiyası” (2002, 6 cild, 3490 səhifə), “İran Türkləri, aşıq mühiti” (2006, 318 səh), “İran Türk aşıqları və milli kimlik” (2007, 326 səh), “İran Türkləri” (2009, 972 səh), “İran coğrafiyasında Türklər” (2010, 332 səh), “Sürgündə aşıq ənənəsi – Orta Asiyaya sürgün edilən Axıska-Axalkələk aşıq ənənəsi və aşıqlar” (2013, 350 səhifə) elmi kitabları nəşr edilmişdir. Həmçinin fars, rus, qazax, Oğuz dillərinə çevrilmiş romanlar və hekayələrində Türk dünyasında, xüsusilə Azərbaycanda bolşevik işğalından sonrakı dövrdəki qacaq hərəkatının, milli azadlıq mücadiləsinin az öyrənilən səhifələri işıqlandırılmışdır.
Ali Kafkasyalı 2022-ci ildə nəşr olunan “Səməd Vurğun. Milli Şairə Dair” monoqrafiyasında (Oğuz türkcəsinə çevirən İsmayıl Umudlu) Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun poeziyasındakı millət, dil-ədəbiyyat, Vətən, özgürlük, inanc, musiqi kimi milli-mənəvi dəyərləri, düşüncələri incələnmiş, şairin aşıq ədəbiyyatına heyranlığını önə çəkmiş, seçmə şeirləri, poemaları, məqalələri Vurğunsevərlərə, həm də onu daha dərindən tanımaq istəyənlərə ərmağan etmişdir.
Monoqrafiyaya önsöz yazan Prof. Dr. Muhammet Savaş Kafkasyalının (Ali hocanın oğlu) Səməd Vurğun haqqında düşüncələrini oxuyanda gözüm önünə həm də Ali Kafkasyalının gəncliyi gəldi. Atanı oğuldan, oğulu atadan yaxşı kim tanıyar, anlayar ki? Savaş bəyin Vurğuna, Tüklərin milli-mənəvi dəyərlərinə, dövlətçiliyə, ana dilimizə yanaşmasından qürur duydum:
“Özünü bilmiş, düşmənini bilmiş və şərtləri bilmiş bəsbəlli. Millətini sevmiş və milləti üçün söylənməsi gərəkənləri söyləməyi, susması lazım gəldiyi vaxt susmağı vəzifə kimi görmüş. Missiyası üçün mücadilə edərkən atdığı hər addımda, hər elədiyində ürəyi ilə bərabər olduğunu söyləmiş: Hər işi ürəkdən görmüş, könülsüz bir iş belə görməmiş. Daim könlü ilə birlikdə olmuşdur. Könlü bir olmuş, şəksiz olmuş, yalandan, riyadan uzaq olmuş...
Aydınlığı cərəyan mənbəyinə bağlı sananlar milləti qaranlıqdan qurtarmaq üçün şam olub yanan Səməd Vurğunu anlamaz. Cərəyan mənbəyinin kimdə olduğunu, işığın haradan gəldiyini və kimin verdiyini bilməyən, cərəyan mənbəyi qapananda qaranlığa gömüləcəyini anlamayanlar əlbəttə, Səməd Vurğunu anlamaz”.
Bir məqamı da vurğulamağı özümə borc bildim. Ərzincanda Uluslararası Türk Dünyası Simpoziumunda Savaş bəyin Azərbaycanın xalq, bəstəkar mahnılarını və rəqslərini Tükiyədə yaşayan və işləyən əslən azərbaycanlı, sazın və tarın vituoz ifaçısı, Azərbaycan saz havalarını nota köçürən Prof. Dr. İlqar İmamverdiyevin müşayiəti ilə ifa etməsi qürurverici idi. Ali bəy övladlarını da Türklük ideyalarının qoruyucusu kimi böyütmüşdür.
Səməd Vurğun şəxsiyyətini, yaradıcılığını, mühitin bir çox qadağalarından çəkinməyən poeziyasını, dilimizin zənginliyinə, milli kimliyimizin təşəkkülünə töhfələrini sayğı ilə incələyən Ali bəy İranın Azərbaycana münasibətinin indiki dönəmini Vurğun poeziyası ilə çözmüş, olaylara həssaslıqla yanaşmış, Səməd Vurğun yaradıcılığındakı az qala yüz il əvvəlki şüuraltı məqamları önə çəkmişdir. Belə həssas nüansları monoqrafiyanın “Vurğun və milli dəyərlər” bölümündəki elmi-ədəbi fikirləri subyektiv yanaşmamla dəyərləndirmək istəyirəm.
Din pərdəsi arxasında şovinist xislətini gizlədib 40 milyonluq Güneyli qardaş və bacılarımıza, soydaşlarımıza qənim kəsilən, qaniçən, despot, islama zidd teokratik dövlətin türklərə münasibətini Ali Kafkasyalı, əlbəttə, yaxşı anlayırdı. Ona görə də mənalı ömrünün, yaradıcılıq dövrünün, elmi enerjisinin, potensialının çox hissəsini Azərbaycanın Quzeyinin və Güneyinin tədqiqinə sərf etmişdir. Onun Güneyli arkadaşlarımıza soy-kökünü, milli kimliyini və mənəvi dəyərlərini anlatmağa yönələn fundamental araşdırmalarının dünənimiz, bugünümüz və gələcəyimiz üçün nə qədər önəmli olmasını bu günün milli azadlıq hərəkatı bir daha sübut edir.
Səməd Vurğun hələ 1935-ci ildə inanırdı:
Azadlıq bayrağı güllü bir yazda
Təbrizin üstündə parlayacaqdır.
Öncə onu vurğulayım ki, Vurğunun ”ədəbi mirasını möhtəşəm bir Azərbaycan xalısına” bənzədən Ali Kafkasyalı fikrini belə tamamlayır:
“Dağların cüyürü, ceyranı, göllərin sonası, göylərin durnası, yaylaların gülü, çiçəyi, ormanların bozqurdu, quşu, obaların ozanı, qopuzu, xalqın toyu, yası, xülasə, xalqın gülüşü və göz yaşı ilmə-ilmə bu bədii xalının naxışlarını şəkilləndirmişdir”.
Səməd Vurğunun söz sənəti Azərbaycan təbiəti kimi rəngarəngdir. Bu poeziya Bütöv Azərbaycan dastanıdır!
Monoqrafiyanı Prof. Dr. təkcə bir millətin iki dövlətinin – Türkiyə ilə Azərbaycanın sözsevərləri, bilim adamları üçün yazmamış, həm ucuz-bucaqsız coğrafiyalarda nəhəng imperiyalar quran bütöv Türk-Turan dünyası, Türkün dostları və həm də Türkün gələcəyindən, tərəqqisindən qorxuya düşən düşmənləri üçün yazmışdır. Dostlarımız, uğurlarımıza sevinənlər Vurğun poeziyasının möhtəşəmliyi, şəxsiyyətinin bütövlüyü ilə daha dərindən tanış olacaq, qürur duyacaqlar, düşmənlərimiz isə ən azı Türkün qüdrətini bilib məyus olacaq, qorxuya düşəcəklər.
Ali bəy Vurğunun əsərlərindən seçmələri monoqrafiyaya daxil etməklə mühüm ismarışlar göndərir:
“Vurğun Bakının dərdinə yanarkən Təbrizi də unutmur. O, Azərbaycanın “anasının” bir yanda, “balasının” digər yanda qaldığının şüurundadır. Bunun üçün o, həm ananın nəfəsiylə, həm də balanın səsiylə dillənmişdir. Yad ellərin əlində olan “Təbriz Gözəli”nin gözləriylə yollara baxmış, hələlik dirçəlib ayağa qalxa bilməyən balanın fikrini çəkdikcə başından tüstü-duman çıxmışdır”.
Səməd Vurğunun “El bilir ki, sən mənimsən”, “Ayrılarmı könül candan?”,”Hankı səmtə, hankı yana, Hey uçsam da yuvam sənsən”, “Nədir bu həsrətin adı, ünvanı?”, “Ah, ah Araz, vədimiz hanı? Bir ürək ikiyə parçalanmasın!..”, “Araz yol verəcək üstündən bizə”, “Uçan buludlar da çağırır “gəlin!”, “Gərdi sinəsini o, fars dilinə, Hayqırdı Türk dili, Türk şeiri gərək!” və digər misralarının daşıdığı informasiyanı, yükü, mənanıı görməyənlər, anlamayanlar bu gün də var, yarın da olacaq. Şair bu sətirləri bolşevik işğalının tüğyan etdiyi dönəmlərdə qələmə almışdır. Vurğunu cəsarətsizlikdə qınayanlara ən tutarlı cavab deyilmi bu və digər minlərlə örnəklər? “Zəncinin arzuları” hansı gizlinlərdən, gerçəkliklərdən xəbər verirdi? Zənci kim idi?
Ali Kafkasyalı “el” anlayışının çoxumuzun qavramadığı məna çalarlarını açır:
“Türkcədə “el” kəlməsi üç ünsürlüdür və eyni zamanda hər üç ünsürü də ifadə edər: Millət, vətən və dövlət. Son bir neçə yüzildə bütün dünyada ayrı-ayrı qavrayışlar olaraq çox böyük ədəbiyyatlar əmələ gətirmiş olan “vətən”, “dövlət” və “millət” qavrayışlarının hamısının anlamını birdən daşıyan “el” kəlməsi həm əhatə dairəsi, həm də məna etibarıyla fövqəladə dərəcədə mühümdür”.
Bu mükəmməl izahdan sonra Vurğunun “El bilir ki, sən mənimsən” misrasının hansı anlamı daşıdığını biləndə heyrətlənməmək olmur.
1946-cı ildə Amerikanın, bir çox Qərb (Batı) dövlətlərinin himayəsi ilə Tehran hökuməti Təbrizi işğal edib Türk nəşrlərini Təbriz meydanında vəhşicəsinə və barbarcasına yandıranda Səməd Vurğun yazırdı:
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını;
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Nədir o dar ağacları, de, kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə Vətənimin haqq səsi?
Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan,
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə Vətənimin haqq səsi?
Uzaqgörən Vurğunun şair qəlbinin telepatik çırpıntıları bu gün yenidən oyanmışdır. Onun dediyi dönəm gəlib çatmışdır, Türk titrəyib özünə dönmış, istiqlal savaşına qalxmış, istibdad buxovlarını qırmış, bütövlük uğrunda mücadiləyə başlamışdır. Bolşevik rejiminin ilk illərindən Səməd Vurğunun əsərlərindəki “türk” sözünü “ovlamaq” üçün NKVD manqurt sürüsü yetişdirmişdi. Onun irsində “türk” sözü görən kimi sözün üstünə cumur, onu yerinə düşməyən qeyri-müəyyən, mənaya uyğun gəlməyən sözlərlə əvəz edirdilər. Velikorus şovinizmi nəinki Türkün özündən, eləcə də “türk” sözündən qorxurdu.
Səməd Vurğun üçün insanlıqdan ali meyar yoxdur. Bolşevizm işgəncə və qorxu maşınını işə salıb azadlığa təşnəlılərin nəfəsini, azadlıq istəyini boğmaq uğrunda amansız, genişmiqyaslı hücuma keçəndə şair cəsarətli azadlıq carçısı kimi hayqırırdı: “İnsan – azadlıqdır, azadlıq – insan!”.
Ali bəy monoqrafiyasına Vurğunun şeir və poemalarının az nəşr olunan, yaxud heç nəşr olunmayan, hətta şairin bloknotunda qalan şeirləri daxil etmişdir. Bu oxucular üçün çox maraqlı sürprizdir, şairin kimliyini, poeziyasının dəyərini bilmək üçün gərəklidir. Məsələn, “Azərbaycan” şeiri şairin əlyazması əsasında ilkin variantda olduğu kimi nəşr olunmuşdur.
Monoqrafiya ilə tanış olandan sonra bir daha tam ciddiliyi ilə anladım ki, Səməd Vurğun da böyük Türk dünyasının milli-mənəvi dəyərlərindəndir.
Milli dəyərlər hər bir milləti tanımaq və tanıtmaq üçün yetərli mənəvi xəzinədir. Dil, Vətən, dövlətçilik, adət-ənənələr, ədəbiyyat, xalq yaradıcılığı, din, əxlaq meyarları ümdə milli-mənəvi dəyərlər sistemidir. Milli dəyərlərə sahib olmaq məsələnin birinci şərtidirsə, onu qorumaq, gələcək nəsillərə çatdırmaq ondan da önəmli məsələdir. Axı milli dəyərlər milli kimliyimizdir. Səməd Vurğun adlı Böyük Türkün milli-mənəvi dəyərlər xəzinəsindən hələ çox incilər tapacaq, intellekt işığımızı daha gur yandıracağıq.
Milli dəyərlərin təməlində müqəddəs dil və Vətən anlayışları dayanır. Millət Vətənsiz, dövlətsiz yaşaya bilər, ancaq dilsiz mövcud ola bilməz. Dil millətin dayaq sütunudur, xalqın yaddaşı, mənliyidir. Dil ana laylası, ata öyüdüdür.
Milli şüurumuzu cilalayıcısı, milli mənliyimizi özümüzə tanıdan Türk dünyasının ünlü şairi Bəxtiyar Vahabzadə “Ana dilim” şeirində milli dəyərlərə, xüsusilə ana dilimizə biganələrə, kosmopolit qavrayışlılara dərs verirdi:
Siz ey doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən,
Fasonlu ədəbazlar,
Ruhunuzu oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi qoy sizə qənim olsun...
Böyük Türk mütəfəkkiri Cəmil Məric çox sərrast deyirdi: “Dilə uzanan əl namusa uzanmış kimidir”. Namusumuzu qoruyaq!
Ali bəy Kafkasyalı monoqrafiyasında Vurğunun şəxsiyyətini, ali insanlıq meyarlarını, ana dilimizin formalaşmasında, zənginləşməsində xidmətlərini, azərbaycançılıq məfkurəsini birləşdirərək bütöv Səməd Vurğun obrazı yaratmışdır. Şairin XX əsrin əvvəllərində dilimizi yabançı ərəb, fars, rus sözlərindən təmizlənməsində əməyi danılmazdır. Vurğunun şeirləri xalqın yaddaşında əbədi yaşayır. Çünki dilimizin orfoqrafik və orfoepik qaydalarına uyğundur, oxunaqlıdır, büllur bulaq suyu kimi safdır. Ali bəy yazır:
“Yazdıqlarının və söylədiklərinin dəyərindən əvvəl onu söyləyə bilmiş olmasının, yol göstərməsinə əlavə olaraq, yola bələdçilik etməsinin və beləliklə millətin səsi, milli şair ola bilməsinin dəyəri həm bilinməli, həm bildirilməlidir. Onun yalnız sözlərinin gözəlliyi deyil, söyləyişinin gözəlliyi də olduqca mühümdür. Gözəl söz çox söylənməkdədir, lakin iltifat üçün sözlərin süsləndiyi, riyakarlıq üçün bəzədildiyi zamanlarda millətin eşitmə orqanı – qulaq sözləri zərgər kimi işləyərək söyləyə bilmənin də, sözün də, zərgərliyin də fövqündədir. Səməd Vurğunun fövqəladəliyi, sözlərin özündən əvvəl onun, nəyəsə istinad etmədən ayaqda qala bilmək üçün lazım olanın söylənməsindədir ki, onun millətə və millət üçün deyilişi, burada artıq lazım olanın söylənməsinin əmsalıdır”.
Bu cümlələr Səməd Vurğun yaradıcılığına, sözünün önəminə bilim adamının mükəmməl elmi-analitik və akademik yanaşmasıdır.
Vətən Vurğun poeziyasının əbədi mövzusudur. Şairin vətəndaşlıq mövqeyi, Vətən sevgisi, həsrəti hər misrasında öndə dayanır. “Azərbaycanın səsi, sözü, sözçüsü, güzgüsü Səməd Vurğun” (A. Kafkasyalı) Molla Pənah Vaqifin dili ilə “Əyilməz vicdanın böyük heykəli” misrasını ona görə ürəklə və qürurla deyir ki, vicdanı qarşısında üzüağdır, ancaq vicdanının səsini ağ vərəqlərə düzür. Vətən Vurğunun müqəddəs yeri, qibləsidir.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada Vətən.
Ali Kafkasyalı Səməd Vurğunu “Azərbaycanın cismən və ruhən molekuluna, başqa bir sözlə, Azərbaycan torpağının özünə” bənzətməsi milli şairə ən möhtəşəm və layiqli dəyərdir. Səməd Vurğunun “Vətəni Ana qucağıdır, Ana nəfəsidir”. Ali bəyə görə:
“Vurğun insani duyğular içərisində ən önəmlisinin vətənsevərlik olduğuna inanır. Xalqına eşqi, ülfəti, Vətən sevgisi insanın həyat nəfəsidir. Havasız, nəfəssiz yaşamaq mümkün olmadığı kimi insanın vətənsiz yaşamasının mümkün olmadığını düşünür”.
Səməd Vurğun milli şair olmaqla yanaşı, həm də bəşəridir. Onun “dünyanın əşrəfi” insana, insanlığa dəyəri bir coğrafi əraziyə sığmır. Nazim Hikmət Vurğunu “dünyanın hər yerindən görünən səyyarə” (planet) adlandırırdı. Azərbaycanın Xalq şairi Qabil Səməd Vurğunu Vətənin sinonimi bilirdi: “Xalq şairi böyük addır, bu adsız da, bu yer, bu yurd, bu torpaqdır Səməd Vurğun”.
Vurğun həqiqi söz dünyasının əbədiyaşarlığını yaxşı anlayırdı. Aşıq mühitində dünyaya göz açan, ruhu sazla qidalanan şair əmin idi ki, ən azı saz, söz ömrü qədər yaşayacaq:
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
Vurğun Sovetin başkəsən gilyotini gecə-gündüz işləyən zamanda özünə və əqidədaşlarına təhlükəni hər an hiss etsə də, əqidəsindən dönməmiş, hətta Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin poetik düşüncələrini, həyat eşqini, azadlıq mücadiləsini alqışlamışdır. O, bilirdi ki, həqiqi sözə xidmət edənlərin sənəti də, özü də ölməzdir:
Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur,
Vurğun öldü deməyin, bir əbədi sənəti var.
Bu gün də yüzillər əvvəl kimi, şeirə, sənətə, milli dəyərlərimiz kimi tanıdığımız şəxsiyyətlərə, müqəddəs insanlara nankorcasına şər, böhtan, çirkab atanlara, ağalarına yarınmaq üçün ağ yalanlar uyduranlara tez-tez rast gəlirik. Axı ulu yaradan insanın xislətinə humanizm, mərhəmət, uğurlara sevinmək, yaxşıya yaxşı demək kimi insani məziyyətlərlə yanaşı, nankorluq, xəbislik, paxıllıq da bəxş etmişdir ki, bir-birimizi tanıya bilək. Ancaq unutmayaq ki, çirkab təmiz yerə yapışmaz. Güzgüdə ona baxanın eybəcərliyi görünürsə, bu güzgünün günahı deyil. Ali əfəndi bu incə məqamı ürəkağrısı ilə qələmə alır:
“Sağlığında olduğu kimi vəfatından sonra da Vurğuna sataşmalar davam etməkdədir. Prinsipləri və zehniyyəti bəlli olan insanların yoluna çox daş atılır. Atalarımız deməmişdirmi ki, hündür ağacların başı çox küləkli olar. Uca dağların başına qar yağar. Əslində ağlı başında olan bir kimsə bu kimi düşüncəsizliyə getməz. Əlbəttə, şər ocaqlarının “zağarları” əskik olmaz”.
Səməd Vurğun milli dəyərlərimizi qoruyan “müsəlləh əsgər” kimi elin yaddaşında ilahi yüksəklikdədir. Tale, ruzgar milli və bəşəri şairə uzun, sağlam ömür qıymadı – cəmi 50 il bəxş elədi. Yaradıcılıq üçün isə 25-30 il. O, “ömrə son sözünü demədən” həyatı və Vurğunsevərləri tərk etdi. Tale macal versəydi, Vurğunun poetik “yadigar”ları çox olacaqdı. Axı “deyilən söz yadigardır”.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər...
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Ali Kafkasyalı kimdir? Böyük Türk dünyasının milli köklərini, kimliyini araşdıran türkçü. Qəlbində, ruhunda, əsərlərində türkçülük, azərbaycançılıq ideyalarının daşıyıcısı. Türkiyədə doğulan Oğuz – Türk kökənli bilim, fikir söz adamı. Ürəyində hər an Azərbaycan dünyası gəzdirən səmimi, xeyirxah, əqidəli şəxsiyyət. Qanında, canında, ruhunda mübarizə, azadlıq, Vətən eşqi dövran edən bir nəslin - Qazax rayonunun İkinci Şıxlı kəndində Kənd Mühafizə Birliyi yaradıb kəndləri bolşevik və gürcü basqınlarından qoruyarkən qaniçən Qırmızı ordunun şəhid etdiyi, Yuxarı Salahlının qarşısındakı təpədə uyuyan Məmməd Bayramoğlunun nəvəsi, Məmməd Babanın silahdaşı və oğlu, XX yüzilliyin 30-cu illərinə kimi Azərbaycanda, sonra Qarsda və Türkiyənin başqa ərazilərində haqq-ədalət, Vətənin azadlığı uğrunda mücadiləsini davam etdirən məşhur qaçaq Aloy Hacının övladı. Əlavə təqdimata ehtiyac yoxdu, məncə.
Düşüncələrimin əvvəlindəki “Atanı oğuldan, oğulu atadan yaxşı kim tanıyar, kim anlayar ki?” fikrimi təkrarlamaqda məqsədim var. Oğul Savaş bəy ata Ali bəyi necə tanıyır?
“Bir bilən anlatmış Səməd Vurğunu bu əsərdə. Bildiyini, elədiyini, qeyrətini, fəda etdiyini, fədakarlığını, qaranlığı və qara günlər yaşadığını bildiyimiz, şahidlik etdiyimiz, millətinə, millətinin dəyərlərinə, millətinin birliyinə və diriliyinə könül vermiş, elinə vurğun bir adam anlatmış Səməd Vurğunu, onun qutlu yolunu, yolçuluğunu”.
“Elinə vurğun” tanıtımındakı həqiqət Ali bəyin bütün yaradıcılığında təsdiq olunmuşdur.
Yuxarıda sadaladığım elmi kitablarında, həm də “Qartallar sınır tanımaz”, “Qafqaz qaçaqları” romanlarında, hekayələrində Böyük Türkün ruhunun salnaməsini yazan Ali bəy də kimliyimizi bizə tanıdan milli dəyərlərimizdəndir.
Ali bəyi “Səməd Vurğun. Milli Şairə Dair” monoqrafiyasını yazmağa vadar edən nədir?
“Səməd Vurğunun yazdıqlarının və söylədiklərinin dəyərindən əvvəl, onu söyləyə bilmiş olmasının, yol göstərməsinin, hətta bələdçilik etməsinin və bu yolla millətin səsi, milli şairi ola bilməsinin dəyəri həm bilinməli, həm bildirilməlidir.
Bu kitab, Səməd Vurğunun həm millətinə söyləməyi başarmaqla özünü vəzifəli bildiyini, həm də onun ən gözəl sözləri söyləməsini bildirə bilmək üçündür”.
El, törə, millət, Vətən, özgürlüyü yazmaq. Söz yolunda bundan müqəddəs vəzifə varmı?..
Noyabr 2022.
