Gülqədəm Qaraman Mirzəzadə : - BİR ŞEİR YETƏR...

Ədəbiyyat 14:57 / 09.07.2025 Baxış sayı: 1157

 

Son payız nəfəsi başımın üstə,

Həsrət topa-topa, qəm dəstə-dəstə,

Pərişan-pərişan, sakit, ahəstə

Parçalar ruhumu, qoparar, didər!

Könül ovutmağa bir şeir yetər.

 

Sitəm qoşun çəkər əlində silah,

Axar damarımda, axar neçə ah,

Ümid var açılan işıqlı sabah

Dağıdar zülməti, qaranlıq bitər!

Könül ovutmağa bir şeir yetər.

 

Ömür tənhalığın əlində girov,

Hərarət axtarma, hər tərəf qırov,

Bağrının başına düşəndə alov

Alovu söndürmək istəsən əgər,

Könül ovutmağa bir şeir yetər

Üz-üzə, göz-gözə gələrik hər gün,

Baxışlar hönkürər niskilli, küskün,

Çilik-çilik olmuş narahat ömrün.

Ahından göy yerdə, yer göydə bitər,

Könül ovutmağa bir şeir yetər!

 

Qırılan ümidlər dönübdür aha,

Bu dönük taledən pənah Allaha!

Başqa nəyim var ki, nə qaldı daha.

Təkcə ayrılıqdı ölümdən betər,

Könül ovutmağa bir şeir yetər!

 

09.07.2025