Şakir Xanhüseyn : - İKİ SONET

1
***
Şans gülsə üzünə, nə üzülmək ta;
heç gülməyən üzün bir anda gülər...
Ayağın bir yolu başa vuranda,
əllərin hər qapı açanda gülər...
Uğur səninləsə, bat dağ qarına,
bax, körpü üstündən su keçirərsən.
Qəlbində qurumuş duyğularına
göyərsinlər deyə od içirərsən...
Fürsəti ürkütmə heç vaxt özündən,
bir zəmi sevinci var bir dəndə də...
İdrak qapısını açıq saxla sən
ağlına bir fikir gəlməyəndə də...
Qəmindən telinə ağ çiçəklər tax,
Həyat bir oyundu, olma oyuncaq...
2
***
Gözümü ağrıdan gördüklərim var
əlimi acıdan görüşlər kimi...
Xətri əziz olan sevdiklərim var
yerə də çırpmazlar alıb qəlbimi...
Səsini eşitmək çox istəyirəm
budaqda yellənən tənha yarpağın...
Bəzən ağrısını hiss eləyirəm
ayağım altında qalan torpağın...
Axan bir ulduzun səsi yoxmu ya,
bəs üstümə qonan bir tozun səsi?
Dayan, qulağıma gəlir hardansa
kədərlə yoğrulan bir sözün səsi...
Gülüm, göynəyirmi qupquru ovcun?
Düşür gözlərindən qəm muncuq-muncuq...
r