Sona Çərkəz , BDU-nun baş müəllimi, AYB-nin üzvü, “Qızıl qələm” media mükafatçısı : - Yaxşı ki, var yaxşılar...

Yaxşıları görmək, dəyərləndirmək və unutmamaq gözəl hissdir, çünki bu dünya yaxşılara görə gözəldir və onlara görə vardır. İnsanlar bu hisslərə hər zaman tütüyə kimi yanaşıblar, ehtiyac duyublar. Mən də bu hisslərə sevgi duyaraq yaşamışam ömrüm boyu, çünki yamanlıq və yamanlar yara vurar, yaxşılıq isə qəlb ovudar. Əgər yaxşılığı toxuma bənzətsək və münbit yerə səpsək göyərib bar verəcək, əks halda isə mütləq çürüyəcək. Həyatda hər cür dəbdəbədən və təntənədən uzaq bir insan olduğumdan mənə bu dünyada toxtaqlıq gətirən, həyatı gözümdə mənalandıran və mənfilikləri unutduran tək hiss yaxşılıq və onu dəyərləndirənlərdir... Bunu da könlü zəngin, həyata baxışı səmimiyyətdən yoğrulan, xoş auralı, təmiz niyyətli insanlar sərgiləyə bilirlər. Təlatümlərlə dolu olan həyatımda mənə Allahdan elə yuxarıda sadaladığım ülvi xüsusiyyətlərə malik olan yaxşıların yaxşıları ilə görüşmək-doğmalaşmaq nəsib olub. Bu gün, yayın bu qızmar çağında qələmə üz tutmağımın səbəbi də həmin o yaxşılardır...
Yaxşılardan söz açanda, onlara minnətdarlıq edəndə və onlarda dəyişilməyən münasibətlərin sonsuzluğunu görüb, qürurlananda ürəyim dilə gəlir... Pislər, yamanlar, yaxşılığı görə bilməyənlər, bir sözlə, xəbislər kölgəyə dönüb xəyalımdan itirlər. Həmkarım və çox sevdiyim Hicran xanımla qərara aldıq ki, bu yay BDU-nun Qubada yerləşən Tədris Təcrübə və İstirahət Mərkəzinə göndəriş alıb, Bakımızın səs-küyündən və istisindən uzaqlaşaq. Uzun illər öncə də kafedramızın gözəl xanımları ilə orada dincəlmişdik. Pandemiyadan əvvəl olduğumuz bu doğma məkana illər öncə nəvələrimlə də gəlmişik. O zaman uşaq idilər, mənimlə maraqlı idi onlara, hara gedirdimsə onları mütləq özümlə aparırdım. Şükür Allaha, artıq müstəqil qərar verən gənclərdir və öz iş güclərindədirlər... İstirahət mərkəzinə getmək üçün öncə BDU-nun Həmkarlar Təşkilatının sədri hörmətli Rəşad müəllimlə görüşdük və elə həmin gün göndərişləri götürdük. Yeri gəlmişkən, Rəşad müəllimə və onun əməkdaşlarına - xanımlara da öz adımdan və həmkarlarım adından dərin minnətdarlığımı bildirmək istəyirəm...
Hicran xanım, həyat yoldaşı Vaqif müəllim və mən Qubaya yollandıq. İstirahət mərkəzinə gedərkən yol boyu gördüyümüz yaşıllıqlar və sərin hava tədris ilinin yorğunluğuna-yorğunluğumuza dərman kimi gəlirdi. Hicran xanımın ömür-gün yoldaşı Vaqif müəllimin sakit təbiətliliyi, yumor dolu söhbətləri də bizim bu az müddətli istirahətimizə xoş ovqat qatırdı. Mərkəzə çatarkən buranın direktoru-rəhbəri mədəni və alicənab Rafiz Mustafayevlə tanışlıq məni ötən günlərə götürdü. Sən demə, Rafiz müəllim BDU-nun Filologiya fakültəsində təhsil aldığı illərdə mənim ömür-gün yoldaşım Çərkəz müəllimlə tanış olubmuş və bu tanışlıqdan söhbət açan Rafiz müəllim məni ötən günlərə götürdü. Xoş və biraz da kövrək notlarla xatırlandı o günlər - düşündüm ki, fələyin üzü dönsün Çərkəzi yar-yarımçıq bu həyatdan qoparmasaydı biz mütləq və yəqin ki başqa bir abu-havayla, birlikdə buralara üz tutub dincələrdik. Beləcə xatirələr yol-yoldaşım və korşalmayan yaddaşımdır, deyə yenə düşündüm... Maşından enərkən İstirahət mərkəzinin həyətində bizi sevinclə, ürəklə və gülər üzlə qarşılayan Ravxat və Təskirə İskakovlar cütlüyünü görcək mənim də, Hicran xanımın da üzümüzə gülüş qondu. Bu insanların tək bizə yox, bura gələnlərin hər birinə yüksək səviyyədə hörmət və ehtiram bəsləmələri təqdirəlayiq xüsusiyyətdir ki, onlar Bakı Dövlət Universitetində uzun illər öncə çalışdıqlarında da, artıq on ildir bu mərkəzdə də əvəzolunmazlıqları ilə yaddaşlarda sevgi ilə iz salmağı bacarıblar. BDU-nun tədris hissəsində çalışdığı illərdən tanıdığımız, çoxlarının sevdiyi bu qadın - Təskirə xanım gözəl ana, həyat yoldaşı və qədirbilən həmkardır. Mərkəzi göz bəbəyi kimi qoruyur, təmizliyə pərgarcasına yanaşır və ən önəmlisi hər kəsə xüsusi ehtiram göstərir. İllərdir ki, bu mərkəzin doğma evi kimi təəssübünü çəkir, qoruyur. Təskirə xanım bu mərkəzin inzibatçısıdır, həyat yoldaşı Ravxat isə bu mərkəzin təcrübə-laboratoriya müdiridir. İşlərinə də, qonaqlarına da, orada çalışan əməkdaşlara da doğmaları kimi hörmət edən, sevən bu cütlüyə can sağlığı diləyirəm və var olun deyirəm.
On ildir bu istirahət evində çalışan, hal-hazırda mərkəzin direktor müavini vəzifəsini daşıyan Səlahəddin Əhmədov barədə də çox məmnuniyyətlə düşüncələrimi qələmə almaq istəyirəm. İstirahət mərkəzində səhərdən axşama qədər canı-könüldən, üzüağ və alnıaçıq çalışan, yorulmayan, hər kəslə dil tapmağı bacaran bu xeyirxah gəncə oğlum deyə müraciət edirəm və bundan da qürur duyuram. Şəxsən mənim hər an köməyimə gələn "bir şey lazımdır Sona xanım" deyən, mədəniyyəti ilə qəlb oxşayan Səlahəddinə - gözəl ailə başçısına səadət dolu ömür diləmək istəyirəm...
Bu istirahət mərkəzində görüşdüyümüz həmkarlarımızla yanaşı, burada xüsusi fəaliyyəti olanları da yaddan çıxarmaq, unutmaq mümkün olan iş deyil. Onlar bizim istirahətimizin gözəl təşkili üçün çalışanlar və onlara nəzarət edənlərdir. Bu mənada rektorluq tərəfindən mərkəzə ümumi nəzarət üçün göndərilən nümayəndəsi Ulduz müəllimi - Ulduz Əhmədovu da xüsusi qeyd etmək istəyirəm. Biz orada olduğumuz müddətdə onun hər zaman diqqətinin və xoş münasibətinin şahidi olduq. Ulduz müəllimin hər kəsi öz dilində danışdırmağı bacaran təmkinli və alicənab insanlardan olduğunu hiss edə bildim.
İndi isə əməyi danılmaz olan, istirahət mərkəzinin yeməkxanasının işinə xüsusilə can yandıran mehriban və qayğıkeş insandan az da olsa söz salmaq istəyirəm. Burada səhər tezdən axşama qədər iş başında olan, işinə məsuliyyətlə yanaşan, qidalanma üzrə menecer Azər Novruzəliyev də yad edəcəyim və unuda bilməyəcəyim insanların sırasındadır. Bu insan da hər kəsə qarşı nəcibliyi və mədəniyyəti ilə seçilir, hər kəsə də nəvaziş göstərilməsini tələb edirdi...
Yeməkxana - Yayın bu qızmar günlərində burada gün ərzində çalışan, əmək sərf edən, bizə yüksək səviyyədə, ehtiramla xidmət göstərmək üçün canfəşanlıqla çalışan gəncləri unutmaq insafsızlıq olar mən tərəfdən. Onlar bizim üçün çalışırdılar və bu gün də oradadırlar. Əməklərini danmaq nankorluq olar, məncə. Mən onların hər birindən hamıya qarşı xüsusi diqqət gördüm. Baş aşpaz Əliyev Babaverdi, köməkçi aşpaz İsmayılov Tural, gənc ofisiant İsayev Ruslan və yeməkxananın təmizliyə baxanı gülərüz Narınc xanım! Hər birinizə ayrı-ayrılıqda minnətdaram, həyatda ən önəmlisi can sağlığı, bol ruzi və məhəbbət dolu ömür diləyirəm. Şəxsən mən sizdən çox razıyam, Allah da razı olsun. Bu insanlar, inanın ki, istirahətə gələn insanlara hər an diqqət göstərməkdən zövq alırlar. Bunu kənardan müşahidə edib aydın görməmək mümkün deyildi. Və sonda düşünürəm ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) gözəl kəlamlarından birini xatırlamaq burada yerinə düşər: - "Yaxşılığa öyrənmiş və onu həyata keçirən şəxs Allah qatında insanların ən yaxşısı sayılır"! Gəlin yaxşıları görək, onlara dəyər verək və yaxşı olmağa çalışaq.
