Saqif Qaratorpaq : - Bu gecə də duz basdım

Bu gecə də duz basdım köhnə yaramın üstə,
Keçmişin qapısına bir qara lent bağladım.
Bir ümidi saxladım ötən gündən xatirə,
Nə var yığıb bir küncə, üstünü torpaqladım.
Yaddaşın dəftərindən pozdum son ünvanı da,
Kimsə tapmasın deyə buraxmadım bircə iz...
Sevgiləri aldadıb verdim şirin yuxuya,
Ürəyimi götürüb çıxdım səssiz,xəbərsiz.
Baş götürüb gedirəm,bir yoldu,bir də mənəm,
Bir də yerində sayan urvatsız ayaqlarım.
Gedirəm,kimsə görmür,göz yaşımda itmişəm,
Bir dua pıçıldayır min ildi dodaqlarım...
Dincimi almaq üçün dayanıram arada,
Hərdən bir az söykənib alnımın yazısına.
Bir xəyal çəkir məni,bəlkə elə sərabdı,
Eh...qoşulub gedirəm könlümün arzusuna.
Çox ağladım,bilmirəm...duzsuzlaşdı ömür-gün,
Bilə-bilə durmuşam bəlkə də öz qəsdimə...
O qədər dolaşaram,bir gün xəbərim olmaz
Qəfil gəlib çıxaram öz yasımın üstünə.