Təranə   Məmməd - Ürəyimdən asılan daş...

Ədəbiyyat 11:30 / 23.02.2026 Baxış sayı: 235

 

Yadındamı?! Daş atardıq göy dənizə...

Sürüşərək ləpələrdə, qovuşardı daş dənizə .

Sonra yenə sahil boyu gəzişərdik...

Qum içində

bir daş tapıb sevinərdik...

Dəniz isə sakit durub sanki bizi gözləyərdi...

Ləpələrə toxunacaq o daşları özləyərdi...

Yenə həmin sahil, yenə o dəniz...

İçindən durulan sular tərtəmiz...

Ətrafda qaçışır yenə uşaqlar,

Sahildən dənizə daşlar atırlar...

Xəyalım köklənir çox uzaqlara...

Həsrətlə baxıram mən uşaqlara...

Səninlə dənizə atdığım o daş

İndi ürəyimdən asılıb qalıb...

İllərdir qəlbimdə bir məskən salıb...

Çıxarıb köksümdən mən həmin daşı

Dənizə, sulara atmaq istərəm,

"Çıxsın ürəyimdən sənin həsrətin!"- deyib ürəyimi yarmaq istərəm...

Qoy o daş qovuşsun gur dalğalara,

Çəkilsin, çırpılsın sal qayalara...

Çıxsın ürəyimdən, düşsün sulara,

Bir daha dönməsin heç buralara!...

Atılsın dənizə, qalsın əsirdə,

Bir zaman atdığım o daşlar kimi.

Qayıda bilməsin yerinə bir də,

Heç zaman dönməyən o çağlar kimi...