ŞEH QOXUSU - Ələddin Əzimli

Ədəbiyyat 12:00 / 23.02.2026 Baxış sayı: 323

 

"Sözlərdəki sən"dən

 

Çiçək ətrinə,

şeh qoxusuna

oyanacaqsan yuxudan.

Nəfəsin də ətirlənəcək,

sifətin də.

Artacaq sevgin də,

təravətin də.

Qoruya bilsən,

bu paklığı, saflığı,

əlçatmaz ucalığı,

artacaq doğmalara, yaxınlara

istəyin, hərarətin,

məhəbbətin də.

Süzəcəksən

ağappaq bir quşun

güclü qanadlarında.

Üzəcək hisslərin

mavi səmanın

tükənməz hüdudlarında.

Yüksələcək ülviyyətin də.

Dünya da,

kainat da,

sənə bəxş olunan

bu həyatda,

elə bir an gələcək

səndən güc alacaq.

Artacaq hünərin,

qüvvətin, cəsarətin də!..