Əşrəf Veysəlli - A KƏNDİM

Ədəbiyyat 09:29 / 23.02.2026 Baxış sayı: 330

 

Fevral ayının 22-dən 23- ə keçən gecə Füzuli rayonunun Yuxarı Veysəlli kəndi ( böyüyüb boya- başa çatdığım kənd) erməni qan içənləri tərəfindən yerlə yeksan edilmişdir…

 

Əlim ətəyindən tutar, üzülməz,

Yolların kəsilər, ümid kəsilməz.

Sənsizlik dözülməz dərddi, dözülməz,

Dözüb yaşayıram sənsiz, a kəndim.

 

Sən idin pənahım xeyirdə, şərdə,

Qorxuram görməyəm üzünü bir də.

Tanış döngələrdə, dost küçələrdə

Azıb yaşayıram sənsiz, a kəndim.

 

De necə tablaşım, necə dözüm mən,

Anamdan əmdiyim gəldi gözümdən.

Tanışdan- bilişdən,… hətta özümdən

Küsüb yaşayıram sənsiz, a kəndim.

 

Başsızlar düşmədi başa şerimi,

İş açıb tikdilər işə şerimi.

Havaya,

torpağa,

daşa şerimi

Yazıb yaşayıram sənsiz, a kəndim.

Üz tutub getməyə bir pənahım yox,

Nurlu axşamım yox, al sabahım yox,

Qəlbim yox,

qəbrim yox,

qibləgahım yox,

Kasıb yaşayıram sənsiz, a kəndim.

1992-ci il.