Tapdıq Əlibəyli - SÖZ ÜSTƏ DİVANƏ

Özündən özünə yol gedə bilən
Minillik yolları qayıda bilir.
Yer-göy arasında özünü bölən
Özünü qəflətdən oyada bilir.
Üzüyola deyil fələk gərdişi,
Həyatın sərt üzü sınağa çəkir.
Dəyişməz dünyanın əzəl vərdişi,
Sığal çəkə - çəkə başa turp əkir.
Təbi-təbiəti sözlə dəyişən
Heyrət işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə divanə olar.