SÜleyman Abdulladan İKİ ŞEİR
OLMAYANLARIN ŞEİRİ
Kimi yola verdik, kimə yol verdik,
Yolsuz bir günümüz olmadı, dostum.
Dosta əl uzatdıq, yada qol verdik,
Haqqımız ünümüz olmadı, dostum.
Bilirəm, suç varmış elə məndə də,
Tanrı olmaq eşqi nədir bəndədə?
Ürəkdə sevindik sevinəndə də,
Üzdə üzgünümüz olmadı, dostum.
Əməl puç olanda əl hədərdi ki,
İlk sevinc bildiyin son kədərdi ki...
Səhvi dürüst olan o qədərdi ki,
Səfi düzgünümüz olmadı, dostum.
ÖZÜMLƏ SÖHBƏT
Getmək sağ canını götürüb, heyif,
Yüküm xatirələr, ağrılı keçmiş...
Ən gözəl çağları ötürüb, heyif,
Həyatı sevməyə başladım, gecmiş.
Zaman axarında azalandı nur,
Gündüz günəş kimi, gecə ay kimi.
Düşüb dağa-daşa oxumaq olmur,
Vətən nəğməsini torağay kimi.
Nə ölüm qaydadı, nə qanun, - qalım,
Ömür yamaq-yamaq, gün çitək-çitək.
Özüm dəyişmədim, dəyişdi halım,
İllərin təzadlı fəsilləritək.
Kədər də azalar duyanı çoxsa,
Çəkilən çəkilir olsa haqq üçün.
Olandan-keçəndən danışdım, yoxsa,
Səni çağırmadım ağlamaq üçün.
SÜLEYMAN ABDULLA.