Ramiz Qusarçaylı - Sənin nəyin yoxdu ki...
Bir qulbeçə qovluğun,
Bir köləlik kimliyin.
Məbləği sirr donluğun
X-i məlum tənliyin...
Sənin nəyin yoxdu ki...
Bir mənzillik nəfəsin,
Bir mandatlıq bəyliyin.
Bir hay-küylü həvəsin,
Bir kürsülük səyliyin...
Sənin nəyin yoxdu ki...
Bir ölüyaylıq ömrün,
Bir kəbinlik qeyrətin.
Bir ölüvaylıq əmrin,
Pullu-dullu övrətin...
Sənin nəyin yoxdu ki...
Bir riyalıq təltifin,
Bir öhdəlik ödülün.
Bir sürəkli səfsəfən,
Bir məddahlıq medalın...
Sənin nəyin yoxdu ki...
İznli igidliyin,
Lovğalanmağa bölgən.
Bir çoxüzlü cildliyin,
Bir ironiyalıq kölgən...
Sənin nəyin yoxdu ki...
Bir xaçnişan araban,
Bir əyimlik boy-buxun.
Bir xəyanət xaraban,
Bir cəhənnəm çax-çuxun...
Sənin nəyin yoxdu ki...
Eh...seçkiyə az qalıb,
Əzbərlə bir də dərsi.
Bir sabundu, bir də sən
Bir də kişiliyin tərsi...
Sənin nəyin yoxdu ki...