Süleyman Abdulla : - YOX, DAHA DEMƏRƏM...

Ədəbiyyat 20:54 / 22.05.2024 Baxış sayı: 801

 

Yox, sənə demirəm bir də arzu tut,

Kim yumdu gözünü, kim baxdı yola.

Gedirmi, gəlirmi o kölgə, unut,

Ağ çiçək yağanda şər vaxtı yola.

 

Vaxt öz axarını asıb qoluna,

Hər kəsin susası bir saatı var.

Asandı ayrılmaq bir yaz,

yoluna

Çiçək səpələsə akasiyalar.

 

Aylı gecələrdə çox ulduz axıb,

Şükür, üfüqlərin sökülür danı.

Gözün qaralmasın, gedənə baxıb,

Gəldi ağlamalı günün zamanı.

 

Baxıram...

Göründü yenə yol mənə,

Varsa ürəyində bir xoş söz, unut...

Yox, sənə demərəm ümid ol mənə,

Yox, sənə demərəm bir də arzu tut.