SÜLEYMAN ABDULLA.: - GİDİ DÜNYA HAQQINDA ŞEİR

Ədəbiyyat 21:17 / 18.11.2024 Baxış sayı: 2578

 

Dünyanın işi belədir, adam,

...Və zamanın gərdişi...

Bir gün

bir dostun yürüyür haqqın dərgahına,

başqa bir gün

bir düşmənin yüksəlir bir ali vəzifəyə...

Sənə əllərini açmaq qalır göylərə

dua üçün,

aman üçün...

Müti olursan

aman verilmədikdə ən aciz bəndəyə.

Asi olursan

duaların yetmədikdə ən uca məqama.

Hirsini tökmək istəyirsən kiminsə üstünə,

göz yaşlarını axıtmaq kiminsə yaxasına...

Əlin nə qədər uzun olsa da

yetməz geniş ətəyinə Tanrının,

Səsin nə qədər yüksək olsa da

çatmaz yeddinci qatdakı dərgahına Haqqın...

Ağlamaqla,

sıtqımaqla mümkün deyil çatmaq ulu Həqiqətə

Yumruqlamaqla

döymək olmaz qapısını uca Yaradanın...

Budur qayda:

Gələn gedər, gedən qayıtmaz...

Və düşər-düşməzi var yüksək vəzifələrin.

Öləni hamı ağlayar

ürəkdən və ya görüntü xatirinə.

Düşəni hər kəs tapdalayıb keçmək istər

ya aşkar, ya ürəyində...

Bir gün yıxılıb ölmək var xəyalından, düşüncələrindən,

ümidlərindən,

inanclarından,

özündən...

...Və ən nəhayət həyatdan...

Çox bel bağlama, adam,

belədir dünyanın işi...

...Gidi dünyanın!