Arzu Əsəd : - Möhtəşəm bir dini rəvayət var

YAZARLAR 11:51 / 11.06.2025 Baxış sayı: 1938

 

Möhtəşəm bir dini rəvayət var. Həzrət Əli qılınc zərbəsi ilə düşməni yerə yıxır, öldürmək istədikdə düşmən onu söyüb üzünə tüpürür

Bu zaman həzrət Əli qılıncını onun boynundan çəkib qınına qoyur və deyir ki, dur get, səni öldurməyəcəm.

Adam təəccüblənir və soruşur ki, niyə?

Həzrət Əli deyir ki, mən səni Allahın düşməni kimi, Allah naminə savaşda öldürürdüm, amma sən mənim üzüma tüpürdükdə mən buna görə qəzəbləndim.İndi səni öldürmüş olsam, səni Allah naminə deyil, nəfsimə görə öldürmüş oluram. Mən bunu etmərəm.

Bəlkə həqiqətdir, bəlkə rəvayətdir. Bunun heç bir önəmi yoxdur. Hikmətdir. Tarixlərdən süzülüb gələn hikmət. İnsanlara rəhbərlik edən, dövləti idarə edən şəxslər bütün hallarda, istisnasız olaraq qanunu rəhbər tutmalı, qanuna əsaslanmalı, verdiyi qərarlar qanun çərçivəsindən çıxmamalıdır.

\Söyüş nədir ki? Ağzın köpüyu. Boş və mənasız sözlər. Bəzi dostlar şəxsi xarakterlərinə müvafiq olaraq söyüşü milli mentalitetlə bağlayır, onu qeyrət və namusla əlaqələndirirlər. Namus və qeyrət əməldədir, boş sözlərdə yox.

Bizə düşmən xarici çevrələr millətimizin bu boş damarını bildiklərinə görə xaricdəki mühacir bloqerləri öyrədib dövlət idarəçilərini söydürurlər. Bununla Azərbaycan ictimai şüuruna, müxalif fikrin inkişafına böyük zərbə vurmaq istəyirlər. Onlar, əslində, iqtidara deyil, bütün xalqa, millətə, millətin siyasi mübarizə əzminə pislik etmiş olurlar.

Söyüş mübarizə yolu deyil. İnsanları söyüşə öyrədib sözun içini, məna və mahiyyətini boşaldır, həqiqi mübarizə hədəfi olmalı olan problemlərdən uzaqlaşdırırlar. Söyüş söymək məzlumu zalıma çevirir. Məzlum zalıma çevrildikdə isə onun bütün haqları müdafiəsiz qalır. Söyüş söyən məzlum özunə, öz ədalət payına, məzlumluq haqqına xəyanət edir.

Söyüş söyülən dövlət idarəçisi isə heç bir vəchlə təhrik olunmamalı, bütün hallarda qanunla, qanuna əsaslanaraq, qanunu uca tutaraq davranmalıdir. Mənəvi tərəfə, mentalitetə, şəxsiyyətin özəlliklərinə gəldikdə isə ortada döyüş zamanı onu söyüb üzünə tüpürən düşmənin deyil, öz nəfsinin başını kəsən ədalət, şəxsiyyət və qeyrət mücəssəməsi həzrət Əli var.

Boş, əsassız təhriklərdən yox, tarixin hikmətindən ibrət və istiqamət almaq lazımdır.