Qəşəm  Nəcəfzadə - Ayaqlarım üşüyür, mənə nəsə olacaq

Ədəbiyyat 12:53 / 03.11.2026 Baxış sayı: 564

Ayaqlarım üşüyür, mənə nəsə olacaq

Ayaqlarım üşüyür mənə nəsə olacaq,

Xəbərin olacaqmı bunu deyə bilmirəm.

Əllərim üşüsəydi, nə olardı görəsən,

 

Bir aydı düşünürəm onu deyə bilmirəm.

Hardasa yol qırılır, ayaqlarım donur bax,

Boyum göyə dartılır, addımlarım kiçilir.

Hə qədər yollar var keçirəm ürəyindən,

 

Di gəl onun üstündən tırtıllı tanklar keçir.

Yağıbdı aramıza qar kimi məsafələr,

Xatirələr başacan, ayrılıqlar dizəcən.

Sübhəcən axır yerə otağımın işığı,

 

Aşağıda bir sərxoş söyüş söyür sübhəcən.

Kimsə məni dindirir, huşum çıxır başımdan,

Ağlım özün itirir, sirr açılır, sirr düşür.

Məsafələr dartılır, ayaqlarım kiriyir

Mən uçuram göylərə, ayaqımdan yer düşür.