Bəhruz  Niftəliyev - ANA VƏ OĞLU

Ədəbiyyat 09:21 / 03.11.2026 Baxış sayı: 611

 

Ağrı kimi dolaşan,

Yollar keçən, dağ aşan,

Qaya olub daşlaşan,

Yaramsan mənim.

Nə sarğısı, əlacı,

Şeytana mı əl açım?

Qanımdakı ən acı

Qaramsan mənim.

Yovuşmadı taleyim,

Qovuşmadıq, nə deyim?

Yarımadı ürəyim,

Yarımadım, neyləyim?

Saçlarımda ağ izlər,

Dağ üstünə dağ üzlər,

Anam dərdin əzizlər,

«Balamsan mənim».

«Qəm eyləmə, ay oğul,

Dən eyləmə saçına,

Nə körpəsən, nə körpü,

Qalamsan mənim!»

«Gəl söykənim sənə mən,

Ağrı mənim, sənə nə?

Dərd yükünü sinəmdə

Qala sən mənim!»

Ruhuma ağı söylə,

Bağrımın bağı, söylə,

Yaramı şirin sözlə

Saransan mənim!

Yenə o çağa gedim,

Həmin uşağa deyim,

Bəlkə ucala səsim:

«Tanrımsan mənim?»

03.11.26