Kamran Nəzirli : - YADDAŞIMI ÖLMƏYƏ QOYMAYAN XATİRƏ

YAZARLAR 13:05 / 03.11.2026 Baxış sayı: 688

 

3 noyabr 1976-cı il. Sənin yoxluğundən artıq 50 il ötdü, ANA!

ANAM 43 il yaşadı. Mənə elə gəlir ki, onun qısa ömrünə səbəb belə bir hadisə olub: 1946-cı ildə anamın 12 yaşı vardı; nənəm anamı elə körpəlikdən sonsuz bacısı və əri müharibədən qayıtmayan Fatimə xanıma verbmiş. Anam on iki yaşınadək elə bilirmiş ki, Fatimə onun doğma anasıdır. Elə həmin 1946-cı ildə, İrandan Rusiyaya ərzaq daşıyan ağır yük maşınlarından biri anamın gözü qarşısında Fatimə xanımı yolu keçərkən vurur, qadın elə yerindəcə keçinir. Anam bu dəhşətli ölümü düz üç il unuda bilmir. Doğma anası Məşədi Məsumə (qeyd edim ki, ana nənəm Məşhədi Məsumə Məşhəddə anadan olub, sonradan Astaraya gəlib və Qulamrza adlı qardaşı (Lənkəran şəhərində yaşayıb, övladları Hasil Əliyev, Əhmədağa Əliyev və Zahimə Əliyeva) və Fatimə adlı sonbeşik bacısı dünyaya gəlib; bizim ailənin ailə şəcərəsi haqqında kitablarımın birində yazmışam) ha deyir ki, a bala, sənin əsl anan mənəm, yenə onu ovundurmaq mümkün olmur; xalam deyirdi ki, Rəfiqə bizdən gizlin demək olar ki, hər gün Fatimənin qəbrini ziyarət edirmiş...

Və mən indi düşünürəm ki, uşaq yaşlarında adama vurulan ağır ZƏRBƏ nə zamansa ömrə öz təsirini göstərir. Anamın nə üçün daim dalğın və sentimental olduğunu da yaxşı başa düşürəm.

Anam öləndə mənim 18, sonbeşiyimiz Elçinin 8 yaşı vardı. Anam Astara şəhər məktəbinin fizika-rizayyat müəllimiydi. Yadımdaydı ki, 45 saat dərs yükü vardı, bununla belə, evimizin və uşaqlarının bütün işlərini özü təkbaşına çatdırırdı. O, nəinki bizim, hətta dərs dediyi şagirdlərinin üstündə də əsirdi. Məktəbi də ailəsi kimi sevirdi. Şagirdləri haqqında fəxrlə danışanda, bəzən buna təəccüb edirdik. Anam Astarada ilk ali təhsilli yerli fizika-riyaziyyat müəllimlərindən biri olub. Bunu da deyim ki, anam Tibb İnstituna daxil olmuşdu, amma o zamanlar yerlərdə müəllim kadrlarına daha çox ehtiyac olduğundan ona pedaqoji instituta keçməyi məsləhət görüblər və razılaşıb...

O da yadımda ki, bizim evimizdə Azərbaycanın çoxlu ictimai-siyasi, ədəbiyyat, mədəniyyət xadimləri qonaq olardı, ad çəkmək istəmirəm; o zamanlar atam yüksək vəzifələrdə işləyirdi, dostları və qonaqları çox olurdu; restoran-filan söhbəti belə olmazdı, rayonda işləyən vəzifəlilərin əksəriyyəti qonaq-qaranı evinə dəvət edərdi. Bütün qonaq-qaranı layiqincə qarşılamaq (dadlı-ləzzətli biş-düş, ləyaqətli süfrə açmaq) anamın mizilsiz ağır zəhməti hesabınaydı. Anam bizim dərslərimizə də ciddi fikir verərdi, bizə dürüst və zəhmətsevər olmağı öyrədərdi. O, özündən çox uşaqlarını və ailəsini qoruyardı. O bizim yaddaşımızda hər zaman Fədakar Ana kimi qalacaq!

Uşaqlarınızı və ailənizi qoruyun!

Bakı, 2026-cı il.

D