Pərvanə Bayramqızı : - Sevindirsin milləti qoy sülhün şad xəbəri!

Zəfər fəsli
Zəfərin tarixinin payıza düşməsini taleyin təsəllisi kimi qəbul edək. Hər savaşın sonu qələbə olarsa, o yurdun qışı da bahara çevrilər. Azərbaycanın tarixində hansı payız bu qədər sevilmiş, bu qədər vəsf edilmişdir?
2020-ci ilin payızında millətimiz tarixə əl elədi: – Biz varıq!
Şair qələbə payızını əzizlədi: – Sən ayrı bir payızsan – dedi. – Mərmisi istilik gətirən, addımı səngər bitirən, bizi yurda yetirən payız.
Bu dəfə payız axşamlarının təkcə xəzəl xışıltısı eşidilmədi, “Gecəsi elan sevincli,
gündüzü Vətən səs-küylü” oldu.
“Ağrının yükün əridən,
günü addımtək yeridən,
dərdi atəşlə kiridən payız”ım xoş gəldi. Ona “təbiətin zəfər fəsli” adı verdik.
“Sən 30 ilin həsrət yazısan,
Qələbə sevdalısan.
İlin zəfər fəslisən,
Sən Şuşa nəfəslisən” deyib oxşadıq.
Amma bu payıza çatanadək neçə baharı, neçə qışı ağrı-acı ilə keçirmişdik. Neçə qələm vərəq üstündə var-gəl etmişdi.
“Millətimiz öz yurdunda əsir-yesir…” yazan şairin hansı əzabları yaşadığını duyuruq. Tanış ağrıdır. Bizə doğmalaşan dərddir. Adi misra deyil. Bir xalqın faciəsinin şeirləşmiş şəklidir. Misranın Azərbaycan tarixində rəsmi məlumat forması bu cürdür:
“XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb.
Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb”.
İtirilmiş mahalların sayı dəhşət…
“1918-1920-ci illərdə yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.
Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başlayıb. Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi”.
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Şeir həyəcan təbili idi.
“1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları həyata keçirdi”.
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır…
1988-ci ildən son üç ilədək xalqımızın başına gətirilən müsibətlərdən sarsılan, dözməyib dünyasını dəyişən insanlar çox oldu. Şairlər yazıçılar ürəklərindəki ağrıları sözə çevirdilər. 1990-cı ildən üzü bəri neçə-neçə şeirlər dillər əzbəri oldu. 1991-1992-ci illərdə Qarabağda zülümlərə düçar olan soydaşlarımızın yaşadıqları fiziki-mənəvi işgəncələri, çadır şəhərciklərində keçirdikləri acınacaqlı həyat ədəbiyyata gətirildi.
Ağır illərdə vətənpərvər şairlər şeirləri ilə xalqımızın ruhunu ölməyə qoymadılar. Kimisi:
– Ey millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı! – deyib “Yaraları göynəyib, yaraları sızlayan” vətəni sevməyə səslədi, kimisi də:
“Çağırır Zəngəzur: – Zərbəni bərk vur!
Səngərdə möhkəm dur! Çağırır Göyçə” yazıb bizi mürgüləməyə qoymadı.
“Millət əzər, əzilər də…
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın” təsəllisinə sakitləşsək də, düşmənin tapdağına razı ola bilmədik. Bilməzdik. İşğalda olan torpaqların hamısı azərbaycanlılara dədələrindən qalıb. Burda bircə yersiz var, o da ermənidir.
“Sabahımız kaş olmaya daha dəhşət” ən böyük duamız idi. Duamızın gerçək olması üçün ordumuz daha da möhkəmləndi. Bu müharibə həvəsi sayılmaz. Özlərinə aid olmayan yurda vəhşiliklə soxulub ellərimizi talan edən düşməndən vətənimizi qorumaq üçün ehtiyat tədbiri idi. Bizi buna məcbur edən qaniçən müharibə həvəskarları xəcalət çəksinlər.
“1992-ci ilin mart ayının 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir”.
Onların fəaliyyəti poeziyada bu cür təsvir olunur:
Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Həmkarı təsdiqləyir:
Özümüzə güvənməmək dəhşətdirsə,
Özgələrə arxalanmaq daha-dəhşət…
“Vallah torpaq almayacaq heç kəsə bizə”, “Ümid sənədir ancaq Azərbaycan əsgəri” deməkdə şairlər haqlı idilər. Azərbaycan əsgəri bunu sübut etdi. Onlar:
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası! – hayqırtısına hay verib canlarını sipər etdilər. “Qoca vulkan qalxdı, qılıncımız, qalxanımız “Vətən!” dedi. 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ayağa durdu.
Şairinə inanan analar oğullarına onun təbirincə:
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki, bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi:
Məşəl! Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl! – dedilər.
Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir! – söylədilər.
Sevdik Azərbaycanı. Oğulları əsgər, qızları onlara dayaq oldu. Göstərdik ki, sülh istəməyimiz miskinliyimizdən deyil. Yurdu azad etməkdə israrlıyıq. “Vətəndən pay olmayır”. Azərbaycan Ermənistan tərəfindən həyasızlıqla qəddrlıqla zorla alınan torpaqlarını yağıdan təmizləməyə başladı.
Şair əsgəri ilə öyündü, onu oxşadı, ondan qələbə gözlədi. Azərbaycan ordusunun qüdrətinə arxalandı.
Qaytar mənə tariximi, yaşımı.
Ocağımı torpağımı daşımı.
Sənə görə dik tuturam başımı
Əskilməsin qoy başından bir tükün,
Gün bu gündür gün bu gündür gün bu gün!
Vüqarında min gülüzlü səhər var,
Murovdağdan Dəlidağa səfər var,
İrəlidə qələbə var, zəfər var,
Xatirəyə qovuşubdu,dün bu gün..
Gün bu gündü, gün bu gündü, gün bu gün!
Otuz ildi inildədik bu aha,
Sən bilirsən nə ucuzdu, nə baha,
Heç bir vəchlə hesab qoyma sabaha,
Elə bu gün çürüt getsin büsbütün,
Gün bu gündü, gün bu gündü, gün bu gün!
Yürü, durma hər addımı zəlzələ,
Qaytar məni,ilkinliyə,əzələ,
Xəritəmə bir əl gəzdir təzələ,
Dərd əlində hirs alovdu can tütün,
Gün bu gündü,gün bu gündü, gün bu gün!
Səndən gələn hər bir zəngi öpürəm,
Sinəndəki o tüfəngi öpürəm,
Bayrağında hər üç rəngi öpürəm,
Var, dövlətin, var,qüdrətin, var, gücün.
Gün bu gündü,gün bu gündü, gün bu gün!
Ermənistan respublikası ilə 2020-ci ildə qırx dörd gün davam edən müharibə ərzində oktyabrın dördündə Cəbrayıl, on yeddisində Füzuli, iyirmisində Zəngilan, iyirmi beşində Qubadlı işğaldan azad edildi. Şuşanın taleyinə azadlıq səkkiz noyabrda yazıldı. Prezident qürurla:
- Əziz Şuşa, sən azadsan! – dedi.
Həmin günlərdəki vəziyyəti şair “İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir” kimi ifadə etdi.
Bu məqamda:
Başım üstə yelləndikcə göy, qırmızı, mavi bayraq,
Göy gül açır, yer göyərir budaq-budaq, yarpaq-yarpqaq.
Sağ-solumda yeriyənlər nəhrə dönür, axınlaşır,
Yaxınlaşır səadətim, ilk baharım yaxınlaşır” yazan şairi xatırlamamaq mümkün deyil.
Nəhayət, noyabrın iyirmisində Ağdam, iyirmi beşində Kəlbəcər, dekabrın birində Laçın rayonları, əhalisinin başına gətirilən müsibət ilə milləti illərdir ağladan, şairinə layla çaldıran Xocalı isə 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad olundu. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Prezidentimiz bayrağımızı Xocalıda oktyabr ayının 15-də ucaltdı.
Xankəndində isə bu tarixi gün 15 oktyabrda yaşanıldı.
Uşaq ikən əzbərlədiyimiz misralar yaddaşımızda təzələndi:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
Prezidentin qərarı ilə noyabr ayının səkkizi Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı.
8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini dedi.
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
“Yurdu azad elədi”
Azərbaycan əsgəri!
Sözlə, silahla döyüşən Azərbaycan oğullarının ruhları şad olsun. Ordumuzun qüdrəti tükənməsin.
Zəfərimiz mübarək!
(Mətndə istifadə olunan şeirlər Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Bəxtiyar Vahabzadə, Ayaz Arabaçı, Rəfail Tağızadəyə, ifadə isə Qulu Ağsəsə məxsusdur. Rəsmi məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytından və vikipediyadan götürülüb.)