Məhərrəm Şəmkirli : - BƏLİ,ŞAİRƏM

YAZARLAR 14:33 / 18.06.2024 Baxış sayı: 1879

 

   Bir ədəbii tədbirdə sol tərəfimdə oturmuş gözəl bir xanım əliylə çiynimə vurub:- Ey,sən də şairsən?-deyə soruşdu. Xanımın belə “ədəb-ərkanlı” müraciəti məni vadar elədi ki,onunla bir balaca qeyri- ciddi olum.Ona görə də dedim:

  -Əlbəttə, şairəm. Özü də böyüyündən. Mən ölkədə ədəbiyyat üzürə yeganə Nobel mükafatçısıyam.

 - Doğurdan?- deyib,heyrətlə üzümə baxdı və qarşısındakı bahalı çantasını açıb ordan qalın qabıqlı bir kitab çıxardı. Hiss elədim ki,mənə hədiyyə etmək istəyir. Ona görə də dedim:- Xanım,zəhmət olmasa,avtoqraf yazın.Avtoqraflı kitablar qorunur.

 -Adın,təxəllüsün nədir?- deyə soruşdu.

 Dedim:- Fərzalı Gülbala.

 Başladı yazmağa. Yazıb qurtarandan sonra xoş bir təbəssümlə kitabı mənə uzadı. Təşəkkür edib kitabı aldım.

Nə yazmağı məni çox maraqlandırdığından ilk səhifəni açdım. Yazdığını oxudum. İstədim hönkür- hönkür ağlayam və dəlilər kimi şaqqanaq çəkib güləm. Amma nə ağladın,nə də güldüm,çünki yeri deyildi. Dedim,qalsın sonraya.Onun əvəzinə ona süni bir təbəssüm göstərdim. Görürəm siz də onun yazdığını bilmək istəyirsiniz. Onda deyim. Ağlamağı və gülməyi də buraxıram öz öhtənizə. Xanım yazmışdı: "Azərbaycanda ədəbiyyat üzrə yeganə Nobel mükafatçısı, şair Fərzalı Gülbalaya, nəğməkar şair,hekayələr ustası,oxucuların sevimlisi,filan filan beynəlxalq və yerli mükafatların sahibi Günəş xanım Aylıdan ən böyük hədiyyə". Ayın tarixi və il. Birdə mübarək imzası.