Həzi Həsənli : - Ayrılıq...

Ədəbiyyat 07:03 / 20.02.2024 Baxış sayı: 3146

 

Ağacdan əlini üzdü yarpaqlar,

Çayların üzündə üzdü yarpaqlar,

Elə kefsizdədi çılpaq budaqlar,

Quşlar da oxumur, elə bil, laldı.

 

Soldu bəslədiyim o barlı bağlar,

Qar yağdı, yolları yenə buz bağlar,

Yel əsdi, yelləndi gəlin qovaqlar,

Külək yaylığını əlindən aldı...

 

Leyləyin yuvası çör - çöplə doldu,

Pərişan söyüdlər saçını yoldu,

Həsrətin ömrümdən uzanan yoldu,

Getdin, ayrılığın izləri qaldı...

19.02.2024