Əlizadə Nuri : - Hər adam bir damla yağış suyudu…

Ya əlli yaşında, ya yüz yaşında,
Bu ömür yolunda yorulur adam.
Gecə aşiq olur ay işığına
Gündüzlər günəşə vurulur adam.
Ömür hara belə baş alıb gedir?
Bir qab su kimidi- boşalıb gedir…
Axırda bir parça daş olub gedir-
Dünyaya gələndən yonulur adam…
Dərədə dincələn yoxuş suyudu…
Bu bir quş südüdü, ya quş suyudu?
… Hər adam bir damla yağış suyudu-
Torpağın altına sorulur adam…