Xəyalə Sevil  : - Sən bircə unutma məni,

Gündəm 14:19 / 10.06.2025 Baxış sayı: 2437

Sən bircə unutma məni,

Qalan hər şey düzələr.

 

Keçib gedər aramızdan

Bu soyuq havalar da.

Bu ərköyün küsmələr

Bu şıltaq davalar da.

 

Sözlərim axşam tərəfi,

Gözlərim səhərdi mənim.

Niyə küskün dayanmısan?

Gözlərinin dərdi mənim.

 

Sən keçdiyin gündüzlərin

Gecəsi nurlu olar.

Eh! Məni də qınama,

Qadın qürurlu olar.

 

Yenə gülümsər saçlarım,

Barmaqların düzülər.

Sən bircə unutma məni,

Qalan hər şey düzələr.