İSMAYIL MƏRCANLI İMANZADƏ : - BULUDTƏK DOLMASAM, ŞEİR YAZMIRAM

Sızlaya-sızlaya ömrün qışında,
Öyrəndim “dilini” soyuq daşın da.
Hərdən zümzüməli bulaq başında
Xəyala dalmasam, şeir yazmıram!
Çoxuna bələdçi oldum izimlə,
Bilmədim qızınan varmı közümlə?
Xəlvətə çəkilib hərdən özümlə,
Üz-üzə qalmasam, şeir yazmıram!
Söykədim üzümü Tanrı nuruna,
Aludə olmadım dünya varına.
Dözməyib bir eşqin intizarına
Saralıb-solmasam, şeir yazmıram!
Döndüm naləsinə ocaq yerimin,
Üstünə qar yağdı diləklərimin...
İşvəli-qəmzəli ilham pərimin
Sorağın almasam, şeir yazmıram!
Sözüm qözüqıpıq bir yetim deyil,
Kiməsə yarınmaq xislətim deyil.
Yersiz əsib-coşmaq adətim deyil,
Buludtək dolmasam, şeir yazmıram!
08.06.2022