Əlisəfa Azayev : - Ölüdirildən  (hekayə)

Ədəbiyyat, Gündəm 14:54 / 27.09.2022 Baxış sayı: 3055

 

  • Ölüdirildən!..
  • Ə, bu sözü kimə deyirsən?!
  • Elə sənə!..
  • Belə oldu?!. Yaxşı baxarıq!..
  • Xox!.. Qorxdum!..
  • İndi görərsən!..

Seyfəl özünü sındırmayıb geniş bir iddia ərizəsi yazaraq, həmin gün də məhkəməyə üz tutdu. Hakim onu qəbul edəndə gülə-gülə dedi:

  • Bir səbrli ol... Nə tez belə haldan çıxmısan?!.
  • Yox, mən ona göstərəcəyəm!- deyə rayonun Sosial Təminat şöbəsinin müdiri uşaq kimi gileyləndi.
  • Bax da... Bu sənin öz işin, hüququndu. Mən səni bir o qədər fikrindən döndərə bilmərəm. Ancaq yaxşı olardı ki, bunu vəkilə verəsən. ora-burasına əl gəzdirsin.

Onsuz da bayaqdan iddia ərizəsini yazınca, onu komputerdə çap edincə cana doymuş Seyfəl fikirli halda dedi:

  • Pis deyil axı... Bəyəm belə qəbul etmək olmaz?..
  • Nüsxələrin sayı da azdır. Cavabdehə də çatmalıdır... Yaxşı, qalsın, özüm məşğul olaram.

İddiaçı gedəndən sonra hakim gileyli-gileyli məhkəmə katibini içəri çağırdı:

  • Komet, dur, bura gəl...
  • Gəlim də...

Ancaq onun gəlişi xeyli çəkdi. Hakim özündən çıxmış halda gileyləndi. İçəri girəndə də dedi:

  • Nolub ki, belə? Nə ləng gəldin, qarnın ağrıyır?
  • Yox... Ancaq elə sancılanmışam. Həkimə getmək istəyirdim.
  • Yəqin günorta çox yemisən?
  • Belə də...
  • Cavan adamsan... Gözlə də... İndidən belə pırsımsan. Belə hara gedib çıxacaqsan ki?
  • Oturaq iş belədi də.
  • Yaxşı, o müxalifətçini çağır yanıma.
  • Hansını?..
  • Bax budur... Cavabdehi... Ona qarşı iddia qaldırıblar...

Eldost iştah ilə yenicə nahar etmiş, yüz də vurmuşdu. Kefi kök halda yatmaq istəyirdi ki, telefon zəng çaldı. Dəstəyi göstərəndə tanış səs eşitdi. Soruşdu:

  • Ə, kimsən?
  • Mənəm də... Məhkəmə katibi...
  • Ə, sən... Qaranoy... Yenə nolub ki?
  • Hakim çağırır... Sənə qarşı iddia qaldırıblar.
  • Kim?!
  • Guya özün bilmirsən? Cüllüt də... Necə demisən, ölüdirildən...

Günortanın şirin yuxusu üçün bayaqdan mürgüləmək istəyən, xumarlana-xumarlana əsnəyən Eldostun ağzı açıldı da:

  • Ə, onu guya hakim tanımır?.. Onun şəxsiyyəti var?.. Tüpürüm onun şəxsiyyətinə! Şərəf və ləyaqətini gözləyən əclaf, köpək oğlu o oyunları çıxarmaz, necə-necə adamın, ölünün adına pul yazıb mənimsəməzdi...
  • Hə də...
  • Yoxsa yalan deyirəm, Mişobba?.. Elə siz də ona yelvernlərdənsiniz... Elə ölmüşdü də o... Qəbiristanlıq idi... Onu kim diriltdi? Sizin kimi əclaflar!..
  • Düzdü... – deyə katib əlacsız halda pıçıldadı.
  • Elə əsl ölüdirildən sizsiniz...

Eldost məhkəməyə gələndə, hakimlə görüşəndə də bu kimi sözlər deməkdən qalmadı. Seyfəlin yazdığı iddia ərizəsinə baxaraq gileyləndi:

  • Sənə diplom verənin lap əjdadına lənət!.. Bunun yazdıqlarına bax da. Qara məni basınca, mən qaranı basım. De, a əclaf, səndə şəfər və ləyaqət olsaydı bu ləyaqətsizliyi edərdin? Satmadığın mal-qara, əmlak qalmadı... Borca da girib... Bu pulları neyləyir, bilmirəm...
  • Çatışmamazlıqlarını ödədi...
  • Yox... Yaxşı olar ki, deyin... Dövlətdən oğurladıqlarını, çırpışdırdıqlarını... Nə sığallayırsınız?..
  • Guya bilmirsən...
  • Mən bilirəm ey... Qoy camaat da əsl həqiqəti bilsin. Belə yaramazı vəzifədə saxlamaq Allaha da xoş getməz.
  • Bəli...
  • Bəs niyə tədbir görmürsünüz?
  • Biz işə baxdıq... Yuxarıdakılarla dil tapdı...

Eldost əlini yellədi, dedi:

  • Hər halda sizə də yağlı tikədən çatmış olar.
  • Ağ eləmə də...

Hakim də onun qatı müxalifətçi, müsavatçı olduğunu bildiyi üçün çox da dediyi sözlərin ziddinə getmək istəmir, yola vermək istəyirdi:

  • Yaxşı, iddia ərizəsinin bir nüsxəsini də götür.
  • Götürüm də... Bu əclafın sən Allah, imzasına, yazısına bax. Əsl savadsızın biri imiş ki...
  • Ə, nə savadsız... Qurdun biridi.
  • İqtidar partiyasının yetirməsidir də...
  • Dedim ki, daha ağ eləmə də...

Eldost onun dediklərini eşitmirmiş kimi, hakimin başının üstündəki rəhbərin portretinə, otaqdakı əşyalara gizli-gizli nəzər salaraq dedi:

  • “Vobşe”, bu dələduzlarla çox çətindi. Bizdə biri vardı ey... NQCİ-nin yardımçı təsərrüfatına baxırdı... Qoyunçuluğa... Hamı onun beləcə aşıb-daşmasına lap mat-məəttəl qalmışdı. Bu qədər pulu haradan tapırdı görəsən?.. Dildən də pərgar adam idi. Yaxına-yada da həmişə öz xeyirxahlığını diqtə edərdi: “Ə, qoyun... Nə əziyyət çəkirsən... Gətir tulla, qoş bizimkilərə də...”
  • Hə, onu deyirsən... O qalstuklu baş çobanı?..
  • Həm də “Qaz-31” maşını. Kim ona çoban deyə bilərdi. Rayonun rəhbər işçiləri ilə münasibətdə olur, oturub-dururdu...
  • Daha çox elə başçı ilə...
  • Sizi onda şərləmişdi ki?..
  • Niyə ki?
  • Çətinə düşəndə ərizəsində hamıya nə verdiyini yazmamışdı? Hərbi komissara bir banka qatıq verməsini də göstərmişdi.
  • Kül başına...
  • O haq dünyada, biz yalançı dünyada... Bir yana baxanda elə yaxşı etmişdi. Bəyəm hərbi komissara onun qatıqına qalmışdı? Şərəf və ləyaqətini gözləyə bilmirdi?
  • ...
  • Tamah olar daha bu qədər yox da... Əsas fikirdən çox da uzaqlaşmayım. Dedim də... Bir dəfə cobanlardan biri bu məsələlərə aydınlıq gətirdi. Deməsinə görə həriflədiyi adamlardan biri fermaya on başdan artıq qoyun gətirir. Elə saxlamaq üçün. Həmin adam onlardan ayrılar-ayrılmaz, ferma müdiri deyir: “Onlardan üçünü, o gözəgəlimli erkəkləri kəs...” Çoban deyir ki, onun bu sözlərinə mat-məəttəl qalıb, inad edəndə, üstünə lap cülbələndi, səsini qaldırdı da: “Kəs deyirəm də sənə, ay əclaf!..” Meşənin bu çaqqal-çuqqalı nə ilə dolanmalıdır?!. Bu tor-töküntülərdən onlara da çatmalıdı axı!..
  • Ondan nə desən gözləmək olardı.
  • Bax belə... İndi bu əclaf da məni məhkəməyə verir... Elə əslinə qalsa, bu işdə sizin də günahınız var.
  • Mənlik nə var, ə?..
  • Ölmüşdü də... Ona yenidən nəfəs verdiniz.

Hakim onun lap ağ etdiyini görüb, daha susmadı, səsini qaldırdı:

  • Bayaqdan dinmirəm... Bir mərifətin olsun da... Birincisi, belə vəziyyətdə, içkili çağırılan yerə... məhkəməyə gəlməzlər. İkincisi də, ağzından çıxartdığını bil də... Ölüdirildən kimidi, ə?!. Yoxsa, on beş sutka yatmaq keçir könlündən?!

Eldost işləri korladığını hiss edib, bir qədər yumşalan, güzşətə gedən kimi oldu:

  • Yaxşı, məhkəmə demirsiniz, gələrik də... Ancaq belə əclafın iddiasını, ərizəsini heç qəbul etmək lazım deyildi...
  • Yazıb da... Sən hakim olandan belə edərsən...

Eldostun ürəyi soyumadı, oradan evə gələn kimi Seyfələ zəng çaldı. Onun qarasına hey spyüb-söylənməyə başladı:

  • Ay anası göyçək...
  • Anamla işin yoxdur!
  • Ay bacısı...
  • Bacını da, xalanı da!..
  • Ay atası gorbagor!
  • Səninkilərə min lənət! Ölülərimlə işin yoxdur!..
  • Yaxşı!.. İndi gör sənin başına mən nə oyun açacağam!.. Məni məhkəməyə verənə bir bax!.. Ölüdirildən köpəkoğlu!.. O sobesin pullarını mən yemişdim, yoxsa sən?.. Ölünün də adına pul yazıb yemək olar?.. Bu da sizdə göründü?!.

Bir də xəbər tutdu ki, o elə hey danışır, telefon susur... Sonra da əlaqə kəsilən kimi oldu... Telefonun dəstəyində aramsız siqnallar eşidildi. Eldost çığırdı:

  • Get, köpəkoğlu!.. Adamın anasını belə ağladarlar!.. Sapda durmaz dəhrə!.. Balta!.. Bizləmə!.. Dəstəmizdə idin də!.. Nə satqınlıq edib mövqeyni, əqidəni dəyişdin?! Elə onda bilməli idilər ki, sənin kimilərə camaat, pul etibar etmək olmaz!.. Mənim hakimimə bax da, hələ bir inciyir də!.. Bəli, əsl ölüdirildənin biri də sizsiniz!.. Ölmüşdü elə!.. Ona yenidən nəfəs verib diriltdiniz. Bu həyata qaytardınız!.. Beləsinə yaxşılıq etmək də günahdı, Allaha da xoş getməz!.. Mərdiməzar adamdı da!.. Cəmiyyət ondan nə xeyir görəcək?!. Ancaq özünü düşünür də!..

Bir neçə gün sonra başlayan məhkəmənin ilk hazırlıq iclası çox qalmaqallı keçdi. Eldost şirə-nərə çevrilmişdi. Burada da ağzından od püskürərək deyirdi:

  • Cənab hakim! Axı mən niyə susmalıyam?! Haqqı-həqiqəti bildiyim, dediyim üçün? Belələrinin hərəkəti Allaha da xoş getməz. Peyğəmbərimiz də belələrini lənətləyib! Xalqın yardımı, ölü puluna göz dikən əclafı heç kim bağışlamamalıdır!..

Hakim o an dilləndi:

  • Vətəndaş, bir qədər sakit olun!.. Təhqirə keçməyin!..

İddiaçı o an səsləndi:

  • Görürsüz də, cənab hakim!.. Bu adam nə qədər yolunu azıb ki, məhkəməyə də hörmətsizlik edir!.. Ağzına gələni danışır!..
  • Sənin kimi...
  • Cənab hakim!.. Görürsünüz də... Beləsinin nazı ilə niyə oynayırsınız?!. Mənim şərəf və ləyaqətimi alçaltmağa ona kim imkan verir?! Özləri də dinəndə hüquq dövlətdən dən vururlar!.. Onlar kütlə ilə belə rəftar edəcəkdilər?!.
  • Ə, qurduğunuz höküməti görürük də!.. Sənin kimi, qurdlara şərait yaradıbdı!.. İçəridən... Daha erməni ilə sizin nə fərqiniz?!.
  • Erməni atandı!..
  • Sənin!..
  • Qohum-əqrəbəndi!

Hakim dərhal əlinə taxta çəkicini alıb, stolun üstündəki altlığa döyəclədi. Gülə-gülə dedi:

  • Ə, bir abırınız olsun da! Bizə yox!.. Elə özünüzə hörmət qoyun... Aşıqlar kimi bu nə deyişmədi?!.

Eldost mızıldandı:

  • Yenə qanı artıb da... Çərtin, qanını alın da...
  • Daha bəsdir!.. Mən qan verməyi sənə göstərərəm!..
  • Hələ bir dili də var ey!.. Sən deyilsən onu-bunu satan, qapılardan pul yığan, borca düşən?!. Ölüdirildən!..

Hakim əlacsız qalıb, məhkəmənin işinə fasilə eləan etməklə yekun vurası oldu:

  • Yaxşı, səhər saat 10-da burada olarsınız. Sonra isə məhkəmənin katibinə üz tutdu: - Qəbizlərə qol çəkdirdin? Şahidlərə də...
  • Bəli...
  • Tapşır ki, ləngiyən olmasın. Vaxtında gəlsinlər.

Kimsə gileyləndi:

  • Vaxtında gəlməklədi bəyəm? Saat 12-də tez işə baxmırlar.
  • Bu da bir iş üsuludu da...
  • Məhkəmədi də... Nə bilirlər, onu da edirlər...

Sonrakı bir necə gün də iclas beləcə qalmaqallı halda davam etdi. Hətta Eldostu bəzədilər, adına söz çıxartdılar. Dedilər ki, hakim onu beş min manat cərimə edib, beş yüz manatı rəsmiyyətə düşüb, qətnamədə göstərilib.

Hətta orada guya hakimin ona deyilən “Ölüdirildən” sözlərinə görə Eldostun hərəkətləri ilə bağlı xüsusi qəradad çıxardıb, araşdırması üçün prokurorluğa göndərdiyini də dedilər. bu səbəbdən də Eldost ora gedib-gəlməkdə, izahat verməkdə idi. Ona qarşı cinayət işi qaldırılacağını da deyirdilər...

Bəlkə də elə bu səbəbdən Eldostun işi NQÇİ-də müzakirə olunmuşdu. Onun işdən azad oluna biləcəyi məsələsi gündəmə gəlmişdi. Neftçi adam idi, bu tədbirə əl atsaydılar arvad – uşağı ac qala bilərdi. Güzəştə getməli idi. Qanunun da üzü soyuqdu. Gündə ona xox gəlir, neçə maddə ilə təqdirləndirildiyini deyirdilər.

Bir gün də... Yenə az-çox içmiş, dəm idi... Ancaq bu dəfə kefdən yox, dərddən içmişdi. Elə beləcə bu və vəziyyətdə də rayon Sosial Təminat idarəsi tərəfə üz tutub, müdirini lənətlənmiş, səslənmişdi:

  • Ə, nə gizlənmisən orada?! Kişisən çıx çölə də!.. Gəl kişi kimi danışaq!.. Onda bilərsən ki, mən kiməm!.. Erməni səndən insaflı idi... Üz-üzə gəlirdik!.. Düşmən də olsa, sözümüzü deyirdik!.. Ürəyimizi boşaldırdıq!.. Yoxsa indi, burada!.. A qançığın doğduğu, səninlə deyiləm?!. Çıx çölə də!.. Ölüdirildən əclaf köpəyoğlu!..

Çölə çıxmaq istəyəndə yaxınları ona xəbər verdilər ki, çıxmasın. Sərxoşun əlində silah – iti bir bıçaq var... Tez polis şöbəsinə zəng çaldı. Bildirdi:

  • Ə, bu haramzadəni, azğını gəlin aparın da. İş rejimini pozur, işləməyə imkan vermir. İndi də bıçaqlanıb gəlib...
  • Yaxşı, bu dəqiqə gəlirik...

Sahə müvəkkili iki nəfər polislə onu aparanda Eldost ağzı kğpüklənə-köpüklənə deyirdi:

  • Başa düşürəm... Bilirəm... Siz də onu müdafiə edəcəksiniz də... Ölü pullarından hələ onda var...

Kapitan ona acıqlandı:

  • Kəs!.. Daha bəsdir! Sən ki, ağıllı adam idin... Nolub belə ağlını itirmisən?.. Bıçaqlanmısan... Hakimi də orada narazı salmısan... Azından on beş sutkan var...

Polis şöbəsində isə əvvəl rəis onunla məzələnəyə başladı, sonra da prokuror:

  • Ə, ölüdirildən kimə demisən?
  • Elə ona... O, əclafa... Ölü pulları yeyənə... Ölüləri dirildib ki, adlarına pul yazdırıb, imzaladıb, yeyiblər də...
  • Bu aydındı ey... Sübuta da yetib...
  • Sübuta yetsəydi, o damda, həbsxanada olardı ki?..
  • Təqsirləndirilənlər var...
  • O iki qadın... Hə, sizin gücünüz elə onlara çatar... Babam həmişə deyərdi ki, çoban yerində olsa, qurd, quş sürüyə heç nə edə bilməz.
  • Bəs çoban işataha gələndə?..
  • Hə, bu başqa...
  • Sən hakimə dediyin sözlərdən danış...
  • Hə, ona da sözümü demişəm... Dedim ki, o elə ölmüşdü də... Onu dilirdən elə siz oldunuz... Ölüdirildənlər...
  • Bu sözlərdən bizə də pay düşür?
  • Daha bunu özünüz bilərsiniz. Nəticə hasil edin də... Bir dəfə bəy məni qonaq edəndə dedi ki, süz içək. Hərəyə yüz süzüb içdik. İkincisini də təklif etdi. Yenə də içdik... Üçüncü dəfə də təklif edəndə stəkanı kənara qoyub dedim: “Mənə bəsdir, bundan o tərəfə keçən deyiləm”. Demə, o məni yoxlayırmış. Dostlarım məni ona sərxoşluğa meyilli adam kimi qələmə veriblərmiş...
  • Bəs sonra?
  • Gördü də... Mən həddi aşan deyiləm.
  • Bəs bugünkü bıçaq?..
  • Ə, nə bıçaq? Cib bıçağı idi də... Əlimdə oynadırdım da... Xaloğlumdu da... Guya ondan incimişəm... Sözdü deyirdim də... Belə zəmanənin belə işçisi olacaq da... Əslinə qalsa, elə az-çox hamımız ölüdirildənik... Burada xoşagəlməz nə var ki?!. Ölünü diriltmək bir yana baxanda savabdı...

Eldost həmin günü rola girib canını ağır maddədən qurtarsa da, bir necə gün təcridxanada qalası, polisin həyət-bacasının təmizlik işlərinə baxası, oraları silib-süpürəsi oldu... Əlbəttə, indiki vaxtda xərcsiz-xəcalətsiz iş düzəlmirdi. O, da əlacsız qalıb, qohumlar hesabına işini yola qoymuşdu. Ayrılanda rəis hələ də sözünü deməkdə idi:

  • Ə, dilini dinc saxla da!.. Yenə də sağ olsun prokuroru, işə bir don geyindirdi də... Hakimə də “ölüdirildən” demək olar?!.
  • Əslində mən ona yox, o birinə... Curbana demişdim...
  • Nə fərqi var... O da dövlət adamıdı da... İnsanların şərəf və ləyaqətinə toxunmaq olmaz... Onlara hörmət olunmalıdı...
  • Baxır kimə də... Yoxsa ölüdirildənə?..
  • Elə yenə də sözünü deyir ey...

Eldost yol boyu bütün bu məsələlər barədə çox düşündü- daşındı. Hamı özünü haqlı sayırdı. Bildiyi o idi ki, azadlıq gözəl nemətdi... İnsan ruhən azad olmasa, o cəmiyyətdə inkişaf, firavanlıq, tərəqqi də mümkün deyil...