Əlisəfa Azayev : - BAŞABƏLA ADAM  ( Hekayə)

Ədəbiyyat 12:49 / 22.05.2024 Baxış sayı: 1220

 

Polis nəfəri İsaq Əsədullayevi çoxları belə, bu ayama ilə çağırar, dindirib-danışdırardılar. Artıq özü də bu ada vərdişkar olmuşdu. Düzdür, əvvəllər bəzən inciyər, deyinib özündən çıxar, ona-buna acı cavab verərdi. Sonra gördü ki, yox, onsuz da xeyri yoxdur. Bu da səbəbsiz deyildi. Onu ilk dəfə elə bu adla polis rəisi İman Verdiyev çağırmışdı axı.

İsaqın bu adı qazanması işçilərə yaxşı məlum idi. Anasının pulu hesabına orqana düşsə də, öz kallığından qurtara bilmirdi. Təkəbbürlü olduğu kimi həm də savadsız, kinli idi. Bir neçə dəfə bu səbəbdən başı ağrımışdı. Xüsusilə araq məsələsində. Spirtli içkiləri görüb, dərhal “day-day!” – deyə rəisin yanına qaçmış, onun da heç nədən başını ağrıtmışdı. Demə, həmin şəxs oğluna böyük toy etmək istəyirmiş. Həmin araqları da mağazadan alıbmış.

İsaqı belə fəallığa vadar edən, əlbəttə, belə xəbərlərin müqabilində aldığı pul, mükafat idi. Bir dəfə də benzin məsələsi. Onda da, demə, kişi həmin çəndən su ehtiyatı kimi istifadə edirmiş.

İndi isə qəti əmin idi ki, əlinə yağlı tikə keçmişdi. Təhkim olunduğu ərazi, “Müxalifətçilər məhəlləsi” sayılırdı. Əlinə aldığı cırıq vərəqə diqqətlə baxdı, nəzər saldı!Yazı ilk andan onu təsirləndirdi: “Zülmün dünyasını təməlindən...” Lakin sonrasını oxumağa çətinlik çəksə də, sonradan həmin sətri də oxuya bildi: “Yıxırıq verib əl-ələ...

O, kapitana bu barədə xəbər verməyərək polis rəisinin yanına qaçdı. Qəbul otağında sakitlik idi. Katibə qıza dedi:

  • Day-daya de ki, onunla görüşmək istəyirəm.

Katibə qız onun bu sözlərinə gülümsədi, başını buladı. Sonra da dedi:

  • Rəis məşğuldur.
  • Bilirəm.
  • Yanında adam var.
  • Olsun da. Bu çox mühüm xəbərdi. Sonra inciyər...

Qız istilənən kimi olub, telefon dəstəyini qaldırası oldu:

  • Cənab rəis...
  • Eşidirəm.
  • Polis nəfəri İsaq, gəlib...
  • O başabəla! Qoy rədd olsun. İşi ilə məşğul olsun.
  • Deyir ki, mühüm məlumat var.

Rəis şüphəli şəxsin yanında onu qəbul edəsi oldu:

  • Yaxşı, qoy gəlsin.

İsaq içəri girəndə həminki vərdişinə yenə də sadiq qaldı. Rəisə müraciətlə dedi:

  • Day-day!
  • Kəs! Sən nə vaxtdan mənim bacım oğlu olmusan?!
  • ...
  • Rayona gedəndə anamdan soruşaram...
  • ...
  • Təsdiq eləsə, ondan sonra mənə beləcə müraciət edərsən. Bir də ki, sən xidməti iş başındasan. Forma əynində, belə müraciət yaramaz.
  • Oldu...
  • ...
  • Başa düşdüm...
  • Yaxşı, de görək nə üçün gəlmisən? Əlindəki o vərəq nədir?

Polis nəfəri sakit halda vərəqi ona uzadaraq dedi:

  • Xidmət etdiyim yerdən tapmışam.
  • Müxalifətçilər məhəlləsindən?
  • Bəli.

Rəis vərəqi oxuyanda şübhəli şəxsi də unudubmuş kimi səsləndi:

  • Necə-necə?!Zülmün dünyasın təməlindən...Yıxırıq verib əl-ələ...” Bu ki, əsl mənada çevrilişə cəhddi, xoşagəlməz çağırışdır!...

Şübhəli şəxs dilləndi:

  • Rəis bu ifadə mənə tanışdır. Dayanın, bu dəqiqə, yadıma salım...

Rəis qəzəbləndi:

  • Sus, sakit!
  • ...
  • Səni dindirən yoxdur...
  • ...
  • Sən elə özün də onlardan geri qalan deyilsən.

Rəis dərhal onları otaqdan çıxartdırıb, yuxarılarla əlaqə saxlamaq istədi. Ancaq “Tələsən təndirə düşər” ifadəsini xatırla. İlk növbədə müavinləri yanına çağırdı. Həmin yazını onlara da oxudu, oxutduraraq dedi:

  • Yatmışıq fil qulağında... Rayonda çevriliş hazırlanır, heç nədən xəbərimiz yoxdur.

Birinci müavin mızıldandı:

  • Sözə bax da... “Zülmün dünyasını təməlindən”... Deyən lazımdı ki, ay əclaflar, nəyiniz yoxdur. Ölkədə çevriliş etmək sizə yaraşır?!...
  • Qudurublar da!..

İkinci müavin donquldandı:

  • Bu müxalifətçilərin ağzı düzəlmədi də... Fikrə, ifadəyə bax da... Yıxırıq verib əl-ələ...
  • Düşmən-düşmənə bu sözləri deməz!

Üçüncü müavin lap həddini aşdı. Çərənlədi ha:

  • Rəis,bu vələdüznaların nazı ilə niyə oynayırıq?!. Onları bir-bir tutub ataq içəri də!
  • Yox... Belə olmaz...Səbirli olun... – Sonra isə polis rəisi İsaqı içəri çağırıb dedi:Başabəla, əhsən! Ancaq hiss olunur ki, bu yazının ardı da olub. Bax, vərəq yarıdan yoxdur. Onu da tap gətir.
  • Baş üstə!...
  • Layiqincə mükafatlandırılacaqsan.
  • Oldu, day-day!...
  • Daha ağ eləmə.
  • Başa düşdüm, rəis!

Müavinlər bu dialoqa gülüşsələr də, daha bir söz demədilər. Rəis əsl mənada tamahının qurbanı olmuşdu. İsaq bir dəfə işçilər yanında öyünübmüş ki, atam bu formanı mənə geyindirənə kimi neçə camış satıb. Bir sözlə, qapıda mal-qara qalmayıb. Əlbəttə, onda hesab on minə çatırdı. Əlavə də iki min şöbənin idi.

Nahardan sonra İsaq həmin məhəlləyə gedib, o ki var zibil qablarını eşəsi oldu.

Hətta zibilləri yandırmaq istəyən yaşlı qadına acıqlandı:

  • Çəkil!
  • ...
  • Toxunma!
  • ...
  • Nəzarətdədir!

Qadın gileylənə-gileylənə oradan uzaqlaşdı:

  • Sözə bax da. Zibilə də əl vurmağa imkan vermirlər.
  • ...
  • Heç olmasa yığışdırın da...
  • ...
  • Neçə gündür qalıb burada. Külək vuran kimi həyət-bacaya yayılır, evin içinə dolur.

İsaqın isə bu sözləri dinləməyə halı yox idi. Qızğın işi ilə məşğul idi. Hətta arada əli uşaq nəcisinə batdı. İyrənmiş halda səsləndi:

  • Bu nədi?!
  • ...
  • Pampers...
  • ...
  • Lənət olsun sənə. Belə şeyi də bura atarlar.

Ancaq ruhdan düşməyə, ah-vay etməyə əsas yox idi. Bir azdan üzü güldü. Vərəqin o biri yarısını tapmışdı. Ancaq di gəl ki, həmin vərəqin yarısı da uşaq nəcisinə batıb-bulaşmışdı. Səliqə ilə təmizləyəsi oldu. Onu rəis əlinə alacaq, oxuyacaqdı axı.

Kapitanın gəldiyini görüb dərhal vərəqi qatlayıb cibinə qoydu. Səhər sahə müvəkkili hələ uzaqdan qəzəblə səsləndi:

  • Dayan bir...
  • ...
  • Yenə nə aləmi qatmısan bir-birinə...
  • ...
  • Sənin ananı ağladanda deyəcəyəm sənə. Sonra isə ona öyüd-nəsihət verirmiş kimi dedi:A gədə, ağlın olsun... Çox da küyə getmə. Həyatdı da... İşi bilmək olmaz. Cəbhəçilər hakimiyyətə gəlsələr, nə deyəcəksən onlara?!.
  • Gəlsinlər də...
  • Onda quş boğası tək boğazını üzəcəklər!
  • Qorxutma məni...
  • ...
  • Çox qorxuram onlardan.
  • Rəis həmişə burada olmayacaq!...
  • Day-day?!...
  • Deyirəm də...

Kapitan dediyi sözlərə peşman halda dedi:

  • Ey... Taxta... Tupoy... Sənə çox da etibar yoxdur. Birdən bunları orda-burda danışar, rəisə deyərsən ha...
  • Elə bircə bu qalmışdı.
  • Mən də sənin üçün deyirəm də. Müxalifətçi, cəbhçi olanda nolar?! Onlar da adamdılar da.
  • Onsuz da hamısını tutaraq, həbs edəcəklər.
  • Bunu sənə kim dedi?
  • Eşitdim də.
  • İnanma...

Pul şirin şeydi. Tamah yenə də İsaqı yoldan çıxartdı. Vərəqin ikinci hissəsini tapması barədə də öz rəisinə bir söz demədi. Şöbə rəisinin yanına tələsdi. Bu dəfə katibə qız onu ləngitmədi. Rəis onu o ki var təriflədi:

  • Əla!... Əhsən!...
  • ...
  • Bəyənilsin!
  • ...
  • Layiqincə mükafatlandırılacaqsan.

Hətta onun əlini sıxdı, üzündən öpdü. Yazını oxuyandan sonra isə qanı itqanı tək qaraldı:

  • Necə-necə?! “Yeni dünya qurub biz həm... Alarıq hökmü tez ələ...

Rəis onun ovcuna bir yüzlük basıb yola salandan sonra tez prokurora zəng çaldı:

  • Cənab prokuror!
  • Bəli...
  • Çox məxfi məlumat əldə etmişik.
  • Eşidirəm.
  • Qulaq asın da... Sizin üçün oxuyuram...

Prokuror da bu sözlərdən təsirlənərək odlandı:

  • İşə bax da!... Lap ağ edirlər! Çevrilişə cəhddir!

Polis rəisi hakimi də məlumatlandırmağı özünə borc bildi. Telefonda həmin yazıları ona da oxudu. Hakim prosesdən çıxdığı üçün ac, yorğun idi. Çörək ağzında olduğu halda çeçədi. Xeyli müddət özünə gələ bilmədi.

Səsləndi:

  • Çörək deyil ey... Çox quru bişirirlər. Sanki qırma dənələridi. Hə, sözünü de...Eşitdim... Belə isə çox pis... Əsl mənada çevrilişə cəhddi də...
  • Bəli...
  • Bu müstəqil respublikaya qənim kəsiliblər də.
  • Damlayın da.
  • Əvvəl siz... Sənədləri göndərin... Biz də baxarıq.
  • Bəlkə, əvvəl icrada, başçının yanında olaq?
  • Necə məsləhətdi.

Bu an təcridxananın qapısı döyüldü. Kimsə ucadan səslənməkdə idi. Hətta onun səsi rəisinin də otağına gəlirdi. Hakim soruşdu:

  • Bu nə hay-küydü?
  • Şübhəli şəxs qudurub da.
  • Yenə insandı, bir maraqlanın.

Rəisin ona ayırmağa vaxtı yox idi. İşçilərinə səsləndi:

  • Susdurun o əclafı!

Təcridxana rəisi dedi:

  • Cənab rəis, o, sizinlə görüşmək istəyir.
  • Mən onu qəbul etmişəm.
  • Yenə də...
  • Vaxtım yoxdur.

Bir azdan onlar cəmləşib başçının yanına gedəndə, yolda hər ikisi həmin vərəqə nəzər salası oldu. Rəis onu arxadan yapışqanlı lent ilə bərkitmişdi. Prokuror burnunu tutdu:

  • Nə pis iy gəlir burdan?

Hakim:

  • Hə... Lap üfunət iyi vurur.

Başçı həmin vərəqi əlinə alanda qımışdı:

  • Ə, bunu kim batırıb-bulayıb?!

Prokuror:

  • Yəqin tapan adam.

Hakim:

  • Ola bilər,

Polis rəisi:

  • O İsaqdan nə desən çıxar. Başabəladı da.

Başçı yazını oxuyandan sonra heyrətlənmiş halda onlara baxdı:

  • Yaxşı!..Daha nə durmusunuz?! Nəyi gözləyirsiniz?! Rəhbərlərinizi məlumatlandırın da. Mən elə bu dəqiqə Prezident Aparatına məlumat verəcəyəm. Daha bu qədər olmaz da. Əsl mənada dövlətçiliyə təhlükədir!..
  • ...
  • Dövlət çevrilişinə cəhd göstərmək necə ola bilər?!
  • ...
  • O polis nəfərinə mənim adımdan da təşəkkür edin, mükafatlandırın. Şəxsən mən rəsmi qərar verdim. Rayonun fəxri vətəndaşı elan edilsin! Fəxri fərman elə bu dəqiqə yazıb, imzalayıb, möhürləyəcəyəm... Təntənəni elə bu gün təşkil edin. Təqdimata özüm gələcəyəm.

Geri qayıdanda yol boyu prokurorla hakim gileylənməkdə idilər:

  • İşə düşmədik. İndi gəl bu barədə yuxarını məlumatlandır.
  • Hə də... Axışıb gələcəklər...

Polis rəisi:

  • Başçı indidən gəlir...

Gələn kimi şəxsi heyətə göstəriş verildi ki, başçının gəlişi münasibətilə hazır olsunlar. Şübhəli şəxsin yumruq sədaları, hay-küyü altında iclas keçirildi. Polis nəfəri İsaqı öyüldü, ona mükafat təqdim olundu. Başçı gülə-gülə dedi:

  • Halal olsun sənə... Bu gündən rayonun fəxri vətəndaşısan!

Bu anlar əməliyyatçılar da öz işlərində idilər. Müxalifləri bir-bir tutub içəri atırdılar. Əldə sübutdəlil vardı axı.

Onlar bu təntənəni yaxınlıqdakı yeməkxanada qeyd edib, geri qayıdırdılar ki, həmin şübhəli şəxsin yenə də ağlar səsi eşidildi. Başçı dedi:

  • Onu gətirin... Birlikdə dinləyək də.

Səsləndilər:

  • Yaxşı...
  • Oldu.
  • Bu dəqiqə.

Şübhəli şəxs onları görcək nəfəsi kəsilmiş halda pıçıldadı:

  • Cənab rəis, yadıma düşdü... O internasional sədalarıdı. Uşaq vaxtı necə də oxuyardıq:

Zülmün dünyasının təməlindən,

Yıxırıq verib əl-ələ,

Yeni dünya qurub biz həm

Alarıq hökmü tez ələ.

 

Onlar pərt halda pıçıldaşdılar:

  • Doğrudan ey... Fransız inqilabı...
  • Paris Kommunası...
  • Marselyeza...

Xəcalət təri onları elə basmışdı ki. Başçı daha çox peşman idi. Həmin yazının foto sürətini də yuxarı göndərmişdi.

Şübhəli şəxs zarıdı:

  • Heç olmasa məni buraxın da...

Prokuror hakim tərəfə baxdı. Hakim havası çatmırmış kimi boğula-boğula dedi:

  • Yaxşı get, bala... Rəis kağızını yazıb göndərər...