Əbülfət Mədətoğlu : - UZUN, LAP UZUN SÖHBƏT

YAZARLAR 12:31 / 30.03.2023 Baxış sayı: 1464

 

Aqil Abbasın yeni povesti haqqında ilk  təəssüratım

 

Heç belə çətinə düşdüyüm olmamışdı. Allah insaf vermiş ürəyim  məni  çətin bir işə buyurdu. Elə bir işə ki, «yox» deyə bilmədim. Ona görə yox deyə bilmədim ki, əslində bu iş mənim ürəyimcə idi, sadəcə, hələ özümü bu işi görməyə tarazlaya bilməmişdim. Amma istək olanda tarazlanmaq da olur. Axı bizdə belədir də, dost-qardaş, doğma bildiyin birisi haqqında onun istəyincə nəsə bir iş görmək ağlına gələndə iki daşın  arasında da olsa  düzüb  qoşursan. Bax, ona görə də mən də bütün arxada  qalan gecəni  fikrimdə, xəyalımda özüm-özümlə  uzun bir söhbət elədim. Lap dəqiq desəm, öncə «Ədalət»də, sonra da kitab formasında oxuduğum «Çay qırağında bitib, susuz qalan ağacların sağlığına» povestindəki Şakirin həmsöhbəti oldum. O danışdı, mən dinlədim. Arada söhbətə qoşulmaq, sözünə qulp qoymaq istəyəndə Şakir qayıdıb tərsinə baxdı üzümə, bu da o deməkdir ki, yəni sən qarışma.

Özümü elə göstərdim ki,  guya qarışmıram, amma qarışmamaq mümkün deyildi, çünki o söhbət həm də mənim  barəmdə idi, mənim tanıdığım  adamlardan, yerddən-yurddan gedirdi söhbət. Şakirin başına yığışanlar, Şakirin  dostluq etdikləri  elə  mənim də tanıdıqlarım və hətta  bir çoxu  dostum  idi. Ona görə də  mən səsimi çıxartmırdım, içimdə söhbət edirdim. O söhbəti indi kağıza  köçürürəm…

Bəli, indi deyə  bilərəm ki, Ağdam var və mən Ağdama  getmişəm, oradan da qalxmışam Abdal-Gülablıya. Oturmuşam bir daşın üstündə,  daha doğrusu, Vəlişin  Marketinin  qarşısında. Heç kim mənə əhəmiyyət vermir. Çünki mən bu gündən, yəni  30  mart 2023-cü  ildən  qayıdıb  getmişəm ora, onlar isə elə ordaydılar. Mən orda olanları, şəhidlərimizin  ruhlarını, dağılmış, yandırılmış yurdlarımızı, izlərimizi, xatirələrimizi, bir sözlə, Abdal-Gülablıda nəyimiz qalıbsa hamısını  sakit bir şəkildə gözdən keçirirəm. Onların bu otuz ildə hansı  haldan-hala düşdüklərini təkrar anlamağa, müqayisə  etməyə  çalışıram. İlk  eşitdiyim  səs, ilk duyduğum söz  Şakirin  səsidi, Lökbatandan qoşulub  mənə gəlib bura. İlk dəfə Lökbatanda o səs necə qəribsəmişdisə, necə əvvəlki  yatımından,  çalarından  uzaq düşmüşdüsə, bax  eləcə gəlmişdi  mənimlə. O da baxırdı ətrafa və baxa-baxa da cilalanırdı, qayıdırdı özünə. Görürdüm ki, gözümün  qabağındaca Şakirin  səsi əvvəlki biçimini  alır. Hə, demək həqiqətən də torpaq güclüymüş.

Mən oxuduğum povestin  təsiri  ilə  bir gerçəyi bütünlüklə yenidən dərk elədim. Anladım ki, kökündən uzaq düşmək mümkünsüzdü.  Yüz  il də, min   il də keçsə o kök özünün  işartısını  hardansa vurub  çıxaracaq. Sadəcə olaraq, Ümidli və Dözümlü olmaq lazımdır. İnam insanı istəyinə qovuşduran  əsas şərtdir. Bax, Lökbatanda yaşadığı illər, Bakıda gördüyü  məclislər, qarmonun  diliylə hər kəsə   çatdırdığı  nəğmələr və bir gün Quzanlıya qayıtmaq qərarı   mənə görə, Şakirin  daxili inamı idi.  O inam hərləyib-fırlayıb Şakiri Abdal-Gülablıya doğru yönəltdi. Onun kuliminasiyası, onun bir az obrazlı desəm, Şakir Möhürü ermənidən miras olan köhnə «Moskviç»i yandırmaqda  özünü  ifadə etdi, təsdiqlədi...

Bu təkcə Erməni İyini  itirmək deyil, bu həm də  artıq 44 günlük müharibəyə başlamaq və Şuşaya  bayrağı  sancmaqdır.

Mən povestdə bir Qarabağ düzəni gördüm, məclisinin-mərəkəsinin iştirakçısı  oldum. Elə bildim ki,  bütün Qarabağ əhli topalaşıb bir yerə -  biri çöməlib oturub, biri daş üstə özünə yer tapıb, biri ayaq üstədi, biri o birinə  söykənib... Necə deyərlər, hamı bir-birinin dizinin dibində  yer  tapıb   dərdləşir. Danışan da  Şakirdi,  elə dinləyən də Şakirdi. Çünki burda Xudu  Məmmədov da, Bəxtiyar Vahabzadə də, Aqil Abbas da, Rəmiş də, Arif Babayev də, bir sözlə, danışmaq  haqqı olan hər kəs öz sözünü deyir. Ona görə də  həm Şakiri dinləyirlər, həm də Şakir dinləyir. Hamısı da öz dilində, öz üslubunda, öz ləhcəsində danışır. Söhbət o qədər uzundur ki, bitib-tükənmir. Çünki bu söhbət 30 ildir  nöqtə-vergülsüz uzanıb. Amma uzanmağına  baxmayaraq, ilkinliyindən, kökündən, bünövrəsindən  uzaq  düşməyib. Yalnız  sözə söz , xatirələr əlavə olunub. Özü də elə əvvəlki biçimdə.  Ona  görə ki, bizim, yəni  qaçqının mənzil şəraiti, həyat  şəraiti  dəyişsə də içi dəyişməyib.  Bu söhbət həm  koloritinə görə, həm də məzmununa görə  yormayıb bizi, uzaqlaşdırmayıb bir-birimizdən.

Bax, mən bu  povestdə buna görə özümü  söhbətin iştirakçısı  saydım. Hətta  çox yaxşı tanıdığım Aqil Abbasın  öz obrazını da söhbətin  içində gördüm.  Çünki ikilikdə,  üçlükdə, onluqda mən Aqil Abbasın o söhbətlərinin həm dinləyicisi, həm də iştirakçısı olmuşam.  Və deməli,  bu susuz qalan ağacların  şərəfinə qaldırılan  badənin cingiltisi də mənə tanışdır. Adam da tanıdığı, bələd olduğu yerdə özünü  rahat sayır.

Bu gün artıq  oxucuya  təqdim olunan «Çay qırağında bitib,  susuz qalan  ağacların sağlığına» kitabı barəsində mən ilk təəssürat, ilk düşüncə kimi  özlüyümdə bu qənaətə  gəldim: - Bu povest uzun, lap uzun bir söhbətdir!!!

Və   bu  povesti   bir nəfər oxumalı, digərləri də qarşısındakı çayı da, barmaqlarının  arasındakı  siqaret idə unudub o söhbətdə  iştirak etməlidir. İnanın ki, bunu tam səmimi deyirəm, elə söhbətin  əvvəlindəcə  siz özünüz də bilmədən  həmin  o uzun söhbətin  iştirakçısına  çevriləcəksiniz. Özünüz öz səsinizi eşidəcəksiniz, öz söhbətinizi yanınızdakılara edəcəksiniz. Bunu isə Aqil Abbasın  etdiyi  söhbət  sizə təlqin edəcək, yaşadacaq.

Onu da  xüsusi  vurğulayım ki,  bu dipdiri söhbəti bir povestdə dinləmək, daha doğrusu, eşitdirmək hər qələm sahibinə  nəsib olan iş deyil. Aqil Abbas bunu  çox  gözəl bacarıb. Bax, elə yazının, daha doğrusu, söhbətimin  bu yerində mən  özümü yenə də, hətta deyərdim ki, hələ də  o söhbətin  içində  iştirakçı kimi görürəm…

O ki qaldı yeni  povestə, onun  bədii dəyərini  tənqidçilər necə görüb, necə biləcək bu onların  öz işidir. Mən oxucu kimi bu povestdə Ağdamı, Abdal-Gülablını, bütün Qarabağı, lap elə öz kəndimizi gördüm. Onları da, öz camaatımızı da dinlədim – öz geyimlərində, öz üslublarında, öz koloritlərində. Bunu mənə Aqil Abbas təqdim etdi.Mən də  Sizlərin  hər  birini  o  söhbətin  iştirakcısı  olmağa  tələsdirirəm...