Əbülfət Mədətoğlu : - Etiraf...

Ədəbiyyat 10:05 / 22.05.2024 Baxış sayı: 1025

 

Mənim yuxularım şimşək kimidi,

Gözümü yuman tək ərşə çəkilir...

Bu da talehimin sarı simidi -

Mənim yaddaşımda yuxu əkilir!..

 

Bir şimşək çaxımı anın içində

Gördüyüm çöhrəndi, duyduğum səsin...

Elə ona görə, bunun üçün də -

Yozmuram yuxusun daha heç kəsin!..

 

Ələnib gözümün dibinə çökür -

Təkliyin ömrümdən kəsdiyi hər an...

Hərə bildiyi tək talayır, sökür -

Soruşan olmur ki, ağrıyır haran?!

 

...Mənim yuxularım xəyallarımdı -

Onu yozdururam - danışıb, sənə!

Etiraf: - nə qədər xəyal varımdı -

Olub bal arısı - darışıb sənə!..