AVQUST GÜNLƏRİ - Sevil  Azadqızı

Ədəbiyyat 09:51 / 10.08.2026 Baxış sayı: 791

 

Zamanın görünməyən barmaqları arasından süzülüb gedir avqust günlərim...

Təqvimdən düşən hər yarpaq, əslində, ömrün geri qayıtmayan bir parçasıdır.

Ovcumda sıxıb saxladığım son istilik də yalnız sənə və itən günlərə aid xatirələrdir.

Ruhum Qara dəniz sahili kimidir bu gecə...

O həm hüdudsuz bir azadlıq, həm də dibi görünməyən bir tənhalıq fəlsəfəsidir.

Dalğalar qaranlıqda hiddətlə başını qayalara çırpır, sanki daxilimdəki o səssiz fəryadı təkrarlayır.

Sahildəki qumlar zamandır, ləpələr isə keçmiş, hər gəlişində bir az da silib aparır məni məndən.

Həsrətin ürəyimdə bu dənizin dumanı tək böyüyür, mən sənə uzanan yolların uzaqlığında, varlığın və yoxluğun sərhədində itirəm.

İnsan itirdikcəmi böyüyür, yoxsa böyüdükcəmi itirir hər şeyi?

Qəfildən, elə bu sualın ortasındaca bir yay yağışı başlayır sükutun bağrında.

Göylərin yerə duyğusal bəyanatıdır bu yağış, bürkülü, yorğun avqust gecəsinin ilk nəfəsidir.

Damlalar Qara dənizin hiddətli sularına qarışdıqca, sanki təbiət özü-özü ilə barışır.

Bu, sadəcə yağış deyil, sevgilim, bu, varlığın yoxluq üzərindəki qələbəsidir.

Hər damla torpağın və dənizin həsrətlə göyə dikilən gözlərinə toxunur,

Yuyub aparır ruhumuzun üzərinə qonan o qorxulu, o qaranlıq kədəri.

Zamanın çirkini, ayrılığın tozunu təmizləyir bu ilahi toxunuş.

Bilirəm, fırtınalar əbədi deyil, hər dalğanın arxasından bir sakitlik doğulur.

Qara dənizin bu hiddəti də bir gün yatacaq, sular yenə də öz duruluğuna qayıdacaq.

Biz də o limana sığınacaq yorğun, amma məğrur gəmilərik.

Bu yağış bitəndə göy üzü dənizdən daha mavi, daha təmiz olacaq.

Gecənin ən qaranlıq anı, sabaha ən yaxın olan anıdır, axı.

Biz o nurlu, günəşli sabahın sahilində dayanacağıq,

Əllərimizdə gələcəyin xoş ümidləri, içimizdə tükənməz bir inam olacaq.

Yenidən, lap başdan, hər şeydən uca bir sevgiylə başlayacağıq yaşamağa...

Çünki həyat itirmək deyil, hər yağışdan sonra yenidən doğulmaqdır.

 09.08.26