Alim oynayırdı “Tərəkəmə”də yazdı  Ramiz Qusarçaylı

Ədəbiyyat 09:28 / 03.06.2025 Baxış sayı: 1661

 

Vətəndə Vətən olmağa nə var ki...

Hünərin var, qürbətdə Vətən ol.

Qürbətdə Vətən olan görkəmli alim Ələddin Allahverdiyevin

75 illik yubileyinə

Alim oynayırdı bir yaz axşamı,

Bir ozan axşamı,

bir saz axşamı,

Alim oynayırdı “Tərəkəmə”də,

Dil açıb ötürdü göydə buludlar,

Qol açıb süzürdü yerdə elatlar,

Qaymaqlı çiçəklər, çiçəkli otlar,

Dolub pərdə-pərdə tellənirdilər,

Qopub “Ruhani”dən,

“Baş sarıtel”dən

Axıb bulaq-bulaq sellənirdilər,

Alim oynayırdı “Tərəkəmə”də.

Çiçəyin işığı arıdan idi,

Yarpağın işığı sarıdan idi,

Alimin işığı Tanrıdan idi

Alim oynayırdı “Tərəkəmə”də.

Gözündə gül səsi,

qönçə havası,

Könlündə ilk eşqin incə havası,

Düşüb sümüyünə Göyçə havası

Alim oynayırdı “Tərəkəmə”də.

Döyüb oynadırdı dolu dağları,

O qoca dağları,ulu dağları,

Alim oynayırdı “Tərəkəmə”də,-

Ləngəri Ələsgər, Alı dağları...

Qol açıb o rəngə qoşuldum mən də,

O səsə, o cəngə qoşuldum mən də,

Oynatdı ruhumu həsrət yerləri,

Qərib yurd yerləri,

qürbət yerləri,

Yarpızlı laləsi,

yasəmən ətri,

Çaxırlı yaylağı,

Kəsəmən ətri,

Qopdu Şişqayadan şimşək nərəsi,

“İrəvan çuxuru”,

“Cəngi Koroğlu”,

“Misri”,

“Tərəkəmə gözəlləməsi”...

Alim oynayırdı “Tərəkəmə”də.

Dünya qəm havası,ələm havası,

Ələmin içində, qəmin içində,

Şairin havası qələm havası,

Alimin havası aləm havası

Aləm oynayırdı “Tərəkəmə”də,-

Alim oynayırdı “Tərəkəmə”də.

29 may, 2022.