Aida ADIGÖZƏL : - GÜCLƏRİN  SAVAŞI

Ədəbiyyat 10:16 / 19.08.2022 Baxış sayı: 3917

 

Qanadlarının altında isti, yumşaq, yumru canlıların tərpəndiyini hiss edərək gözlərini açdı. Səhərin alatoranlığında yuvasına düşən bozumtul işıqda tüklərinin altından görünən ətcəbalalara sevinclə göz gəzdirdi. Qanadlarını yığaraq yumurta qabıqlarının üstündən bir az kənara çəkildi. Fərəhlə qabıqların altından gələn civilti səslərini dinlədi. Sarıdimdik ətcəbalalar qanadlarının istisinə sürünürdülər.

Ana sərçə canının keyini açmaq üçün özünü çölə atdı. Bir az uçaraq yolun kənarındakı yulğun ağacına qondu. Balalarına yemək aparmaq lazım idi, buradakı zibillikdə çörək qırıqları həmişə bol olurdu...

Yaxınlıqdan it zingiltisi və küçük səsləri duyulurdu. Deyəsən həmişə buralarda sülənən qəhvəyi rəngli it yenə balalamışdı. Gözü açılmamış küçüklərin zingiltisi ac olduqlarından xəbər verirdi.

Ətrafda parakəndə halda səpələnmiş koma kimi evlər var idi. Həmişə burada, zibilliklərin arasında cır - cındır geyinmiş, əlləri tələ və quşatanlı dəcəl uşaqlar dolaşırdı. Quşlara pusqu quraraq, tutduqları sərçə və sığırçınları elə yulğunların arasındaca ocaq qalayıb bişirib yeyirdilər.

Ana sərçə dəmir borunun üstünə qoyulmuş çörək qırıqlarını görcək sevinclə civildəyərək qanadlarını yanlarına çırparaq yenidən havaya qalxdı. Burada həm özünü, həm də balalarını doyuracaq qədər çörək qırıntıları var idi.

Əvvəlcə haldan düşmüş canını doyurmaq lazım idi...Hürkək halda ətrafına boylanaraq çörək qırıntılarına yaxınlaşdı. Ana it ac, həris baxışlarla ona baxırdı. Bir az qırıntılardan dənləyib axşam yağmış yağışdan qalmış gölməçəyə yaxınlaşaraq su içdi. Tüklərini pırpızlaşdırıb bədənini suya çırparaq oynayıb şənlənməyə başladı. Doymuş, susuzluğu yatmışdı. Yenidən borunun üstünə qonaraq yağışdan yumşalmış çörək qırıntısını dimdiyinə almağa çalışdı. Balaları ac idi, onlara yemək aparmaq lazım idi...

Boynunun arxasında ləhləyən isti nəfəsi hiss edib uçmağa macal tapmadı. Onu kiçik, lakin incidən, nə isə möhkəm bir şey yapışıb göyə qaldıraraq sürətlə harasa aparırdı. Gözlərini yummuşdu, canını incidən "qarmağın" içində tir - tir titrəyən ürəyi sürətlə atırdı. Yulğunların arasında qalanmış ocağın ətrafındakı uşaqların sevinc bağırtıları daha yaxında eşidilirdi...

Ana sərçənin qulağına isə yalnız ac küçük zingiltilərinə qarışmış səslərin arasında ağızlarını açaraq yemək gözləyən sarıdimdik ətcəbalalarının civiltisi gəlirdi...

Bir quş və təbiət şəkili ola bilər