Ağamir Cavad : - DARIXIRAM

Ədəbiyyat 17:29 / 09.07.2025 Baxış sayı: 771

 

Dünya, sevgim dil açmayıb,

Sözüm üçün darıxıram.

Ədalətin gül açmayıb,

Düzüm üçün darıxıram.

 

Qızıl saçım qara dönmüş,

Hicran qəmi tora dönmüş.

Külüm altda qora dönmüş

Közüm üçün darıxıram.

 

Həqiqəti sevib bəyən,

Duza gedər özün öyrən.

Al niqablı həya geyən

Üzüm üçün darıxıram.

 

Büt gəzmədim yad daşında,

Su axtardım od daşında.

Tariximin yaddaşında

İzim üçün darıxıram.

 

Tanrım, qanad ver sözümə,

Əcəl düşübdür izimə.

Çatmaq istərəm özümə,

Özüm üçün darıxıram.