Afiq MUXTAROĞLU : - ZƏRİNƏ ÜÇÜN VİDA SÖZÜ

Gündəm 14:03 / 22.05.2024 Baxış sayı: 1560

 

Biz bir yerdə oxumuşuq, tələbə yoldaşı olmuşuq. Düz beş il. Sonra həyat hərəmizi sapand daşı kimi bir yana atdı. Və hərəmiz öz yazılanımızı yaşamağa məhkum edilmiş kimi, öz kiçik dünyamızın içərisinə düşdük, kosmik çəkisizlikdə fırlanırmışcasına çırpınıb, həyat adlı zamanımızı yaşadıq.

Hərənin bu dünyaya gəlişi fərqli olduğu kimi, gedişi də fərqlidir. Zamanı da, məkanı da.

O, bir il hazırlıqda oxuduqdan sonra tələbə olmuşdu. Zərinəni deyirəm. Acı da olsa, artıq adını keçmiş zamanda çəkməyə məcbur olduğum Zərinəni. Çalışqanlığı, səmimiliyi ilə fərqləndiyi qədər də, ciddiliyi hamıya örnək şəkili Zərinəni.

Sovetin gözünün odlu vaxtı hazırlıq kursu fəhlə-kəndli balalarına az-çox göstərilən qayğılardan sayılırdı. İstehsaltda çalışan, qabaqcıl gənclərə işlədiyi idarədən göndəriş verilir, onların ali təhsil almaları üçün şərait yaradılırdı. Zərinə də o gənclərdən biri idi.

Hazırlıq kursundan qəbul olunanlar digərlərindən yaşca böyük olmaları ilə fərqlənirdilər. Həm yaşca böyüklük, həm də qazanılmış həyat təcrübəsi bu fərqi daha da böyüdürdü. Digər tərəfdən də zəhmətkeş ailəsində böyümüş bu tələbələr çox vaxt bir yerdə olmaları ilə, bir-birinə dayaq durmaları ilə diqqət çəkir, sözün yaxşı mənasında, özlərindən kiçiklərə uşaq gözüylə baxır, onlarla qaynayıb qarışmaq istəmirdilər. Həm də bizim tarix fakültəsində oxuyanların arasında mədəni fərqlər dərhal hiss olunduğundan hamının bir-biriylə dil tapması da çətin idi. Bəlkə də rayondan, kənddən çıxanlarla şəhər uşaqları arasında fərqin olması təbii sayılmalıdır. Hazırlıqdan gələnlərin fakültədə, qrupda xüsusi kasta kimi görünmələri də, süni deyildi.

Qaratelin – Zərinənin ən yaxın könül dostunun – bir paylaşıma yazdığı rəy barədə yazmamaq günah olardı. O üzdən ki, Qaratelin rəyi çox içdən gəlmədir, çox səmimidir. Zərinəni tanıtmaq üçün bundan kövrək nə yazmaq olardı ki? Doğma birinin itkisini bundan lakonik, bundan qısa necə anladasan? Bəlkə də Qaratel hamımızın – bütün tələbə yoldaşlarının deyə bilmədiklərini bir araya gətirib, itkinin böyüklüyünü hamımızın adından ifadə edə bilib. Elə bil o sətirləri oxumaqla biz Zərinəni təkrar tanmış, təkrar qazanmışıq.

Bizim – 828-ci qrupun kollektiv bir şəkli var. Şəkli gün ərzində universitetin bir fakültəsindən digərinə tələsən yaşlı fotoqraf çəkmişdi. Onu fotoaparatsız təsəvvür etmək belə çətin idi. Deyərdin ki, onun çörək ağacı olan fotoaparat bədəninin ayrılmaz bir parçasıdır. Həmin kollektiv şəkildə hamımızın sevimlisi Fəridə müəllimə də aramızdadır. Zərinə sağ tərəfdə oturub, üzündə təbəssüm. Gözlərindəki kədər dənizinin dərinliyini təbəssümü elə gizləyib ki, güclə sezilir.

Onda hamımız gənc idik, hər deyən ölüm barədə düşünəcək halda da deyildik. İndi o şəkil gedənlərin – Fəridə müəllimənin,Sürəyyanın, Zərinənin, şəkil çəkdirərkən, orda olmayan Rasimi də bu sıraya qatıram və qalanların rəmzidir. O fotoşəkil artıq mənim üçün gedənlərin və qalanların səfinin pozulduğunu anladan mistik bir nəsnəyə çevrilib. O dilsiz foto bir nəslin "yarpaq tökümü"nün başlandığını ifadə edən tarixi bəlgə statusu qazanıb. Elə bil biz o şəkildə hara getmək üçünsə sıralanmışıq, növbəyə durmuşuq.

Düz 38 illik ayrılıqdan sonra sosial şəbəkələrdən Zərinənin vəfat xəbərini almaq, çox ağırdır. Bu illər ərzində bir dəfə də danışmadıq, bir dəfə də üz-üzə gəlmədik. Bu uzun müddətdə onun barəsində çox cüzi məlumatım oldu. Müdafiə edib, elmi dərəcə aldığından, Şəki icra hakimiyyətində çalışdığından savayı heç nə bilmirəm. Həyatın hərəmizi bir tərəfə atması təbiidir. Bu illər ərzində onunla əlaqə yaratmaq olmazdımı? Olardı da, ötərdi də. Mən başı soyuqluğumu, qapalılığımı, adama yovuşmazlığımı bundan belə nə qədər lənətləsəm də gecdir.

Qrupumuzun qızları barədə uzaq keçmişdə – tələbəlik illərində müəllimlərimizin birinin təşəbbüsü ilə kiçik bir yazı yazdığımı və həmin yazının fakültəmizin "Tarixçi" adlanan divar qəzetində verildiyini xatırlayıram. O qızlardan biri də Zərinə Cavadova idi. Üzünün təbəssümüylə, gözlərinin dəniz boyda kədəriylə, dilinin şirin Şəki ləhcəsiylə heç vaxt unudulmayacaq Zərinə.

Görən taleyin kinayəsidirmi ki, mən ondan ikinci dəfə, amma bu dəfə keçmiş zamanda yazmalı oluram?!.

P. S.

Yazıya üzülərək, Əlifəli Müslümovun və Həbibullah Bəhsətovun da adını əlavə etməli oluram. Onlar da gedənlərin cərgəsinə qoşulublarmış.

 

Bir 12 nəfər və mətn şəkili ola bilər