Adil Misirli : - Ağcabədi, ruhum mənim...

Heydər Əliyev: “ Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır”.
Ağcabədi Qarqar çayının hər iki sahilində, Kür-Araz ovalığında yerləşən yaşayış məskəninin adı ilk dəfə mənbələrdə 1593-cü ildə çəkilir. Ağcabədi sözünün əvvəlində “ağ” sözü türk sözüdür. Ağca məna baxımından “ağ”, “ağımtıl” deməkdir. “Badı”, yaxud “badye” isə ərəb mənşəlidir. “Badye”nin hərfi mənası çöl, səhra sözündən ibarət olaraq “torpaq”, “çöllük”, “yer” mənasını daşıyır. Belə qənaətə gəlmək olar ki, Ağcabədi iki söz birləşməsindən əmələ gələrək ağ yer, ağımtıl torpaq, bozumtul yer deməkdir.
Ağcabədi qədim yaşayış məskənlərindən biridir. Bölgənin ərazisində yerləşən tarixi abidələr: Üçtəpə, Qalatəpə, Qaragöbər, Gavur arxı, Bayat qalası mövcuddur. 1980-ci ildə yaradılmış rayon tarix-diyarşünaslıq muzeyində hazırda 5000-dən çox eksponat saxlanılır. Muzeydə VI-VII əsrlərə aid olan tunc bilərzik, pasta muncuqlar, küp qəbir, daş baltası bu torpaqda hələ cox qədim zamanlardan insan məskənlərinin olduğunu göstərir. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrlərinə aid yaşayış yerlərinin qalıqları (Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və s.) və müxtəlif qəbir abidələri (Üçtəpə, Şahtəpə və s.) aşkar edilmişdir. Orta əsrlərin yadigarı olan qədim qəbristanlıqda daşdan yonulmuş qoyun formalı başdaşları mövcuddur.
Rayonun relyefi düzənlikdir. Şimali-şərqdən cənubi-qərbə doğru yüksələn ərazisinin səthi Antropogen sisteminin kontinental-allüvial və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yataqları var. İqlimi mülayim isti və quru subtropikdir. Çay şəbəkəsi seyrəkdir. Şimal-şərq sərhədi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun aşağısından Yuxarı Qarabağ kanalı keçir. Ərazidə şor sulu göllər var. Göllərin ən böyüyü Ağgöldür. Mil düzündə bu gölün sahəsi 3.1 min hektardır. Suyunu Ağcabədi və Beyləqan kollektorlarından alır. 1964-cü ildə gölün ərazisi və onu cənubdan əhatə edən sahil ərazisi ilə birlikdə 9 min 173 hektar ərazini əhatə edən qoruq təşkil olunmuşdur. Ağgölü quşların karvan gölü də adlandırırlar. 2006-cı ildə Milli Park elan edilmiş Ağgöldə 145-dən cox quş növü yaşayır, Quşların bir neçə növünün adı qirmizi kitaba düşmüşdür. Bunlara soltan toyuğu, fisildayan qu, mərmər cürə, qızıl qaz (flaminqo), boz qazı göstərmək olar. Bu quşlar Qafqazda yalnız burada balalayırlar...
Ağcabədi... Bürkülü isti məkan. Son illərədək qızmar günəş altında nəfəs alarkən minbir əzab çəkilən diyar. Bu gün özünəməxsus gözəlliyi olan Aran yurdum, doğma diyarım!
Hələ yüz il bundan öncə xalqımızın böyük oğlu, təbiətin, eləcə də torpağın dərin bilicisi olan H. Zərdabi Aranda meşə zolaqlarının salınmasının, çoxsaylı ağacların əkilməsinin havanın burada mülayimləşməsinə böyük təsir göstərəcəyini vurğulayırdı. Yəni ətrafda ağac, yaşıllıq nə qədər bol olarsa, nəfəs almaq da sərbəst, rahat olar.
Son illər Ağcabədidə irəliyə, yeniliyə, tərəqqiyə doğru nəhəng addımlar atılmışdır. Böyük tikinti meydançasını xatırladan Ağcabədidə sovet rejimindən qalmış köhnə, solğun, miskin binalar sökülərək, yerində zamanın tələbinə cavab verən, özündə müasir arxitekturanın yeniliklərini əks etdirən binalar inşa edilmişdir. Şəhərdə park və küçələrin kənarlarında əkilən çoxsaylı həmişəyaşıl ağac və kollar, saysız-hesabsız gül-çiçək Ağcabədini əsl Aran gözəlinə çevirmişdir. Əski simasını tamamilə dəyişən bu torpağa, diyara baxanda qəlbin fərah hissi ilə döyünür, ürəyin riqqətə gəlir. Sevinirsən ki, belə gözəl bir məkanda yaşayır, ömür sürürsən.
Torpağa qırılmaz tellərlə bağlı olan ağcabədililərin doğma diyara çəkdikləri zəriflik sığalına təbiət də öz mülayim ab-havasını əlavə etmişdir. Hər şeyin həyatda dünyanın əşrəfi olan insan oğlunun əlində olduğuna bu diyarı seyr edəndə bir daha inanırsan. Doğma məkanımızın bugünkü görkəmi ürək açır, yaşamağa,yaratmağa səsləyir. Bu torpağın övladı olduğuna sevinirsən. Çünki burda həyat adamın üzünə gülür, qəlbin nikbin notlara köklənir.
Ömrümün böyük, şüurlu həyatımın xeyli bir hissəsini uzaq qürbətdə yaşadım. Amma düşünən beynim, vuran nəbzim həmişə Vətən sevgisi, məhəbbəti, həsrəti ilə alışıb yanırdı. Muğamlarımızı hər yerdə, hər zaman dinləyirdim. Bir dəfə xalqımızın böyük oğlu Rəşid Behbudovun “Ana” mahnısına qulaq asırdım. Mahnını dinləyəndə qəlbim riqqətə gəldi. Vətən eşqi ilə coşub-daşdım. Yox, bu sadə hisslər deyildi! Vətəni sevən oğula torpağın öz oğluna çağırışı idi... Mahnının təsirindən ürəyimin telləri dilə gəldi. Vətənə üz tutdum. Dünyaya göz açdığım, gecə-gündüz həsrəti ilə yandığım Ağcabədiyə qayıtdım. Fikrimi dost-tanışlar qəribliyə salaraq dedilər ki, 35 illik qaynar Moskva həyatından sonra burda mühit səni sıxacaq, darıxacaqsan. Hələ O. Balzakın dediklərini də mənə xatırlatdılar: “Əyalət adamın qanadlarını qırır”. Cavabım belə oldu: “Balzak əsri çoxdan ötüb, Ağcabədi isə əyalət deyil. Adam vətənində darıxmaz”. Vətənə qayıtmaqda məqsədim öyrəndiklərimi, bildiklərimi, bütün bilik və bacarığımı şüurlu şəkildə Ağcabədinin daha da çiçəklənib, tərəqqi etməsinə sərf etməkdir. Bu mənim vətəndaşlıq borcum və qəti mövqeyimdir. Ağcabədidə xeyli yaşayıb, işləyəndən sonra bir daha əmin oldum ki, istəyimdə yanılmamışam. Əsl qaynar həyat elə burdadır. Burada yaşamağa, yaratmağa dəyər.
...Ağcabədi, ruhum mənim. Ağcabədi sevincim, kədərim. Ağcabədidə nə dərdim?!
Doğma, gözəl Aran yurdum! Yenidən əbədi, isti qucağına gəldim. Çünki sən dünyaya göz açdığım, dünyanın ən əziz, gözəl, sevimli torpağısan. Qədirbilən oğullarından ötrü...
Qayıtdım, dözə bilmədim səninlə ayrılığa. Son qoydum həsrətə, intizara. Atıldım isti qucağına. Axı oğul anadan ayrı necə yaşaya bilər. Şair Əhməd Elbrus yazdığı kimi:
Beşiyimi burda qoyub getmişəm,
İlk eşqimi burda qoyub getmişəm!
Mən şohrətə, ada uyub getmişəm!
Fəqət sənə qayıdacaq son anım!
İnsan oğlu sədaqətlə sınanıb!
Yaşamarıq yaşatmasaq sədaqəti!
Ağcabədi, Ağcabədi!
Düşündükcə çox söz gəlir yadıma,
Çox çatmısan sən ömrümün dadına!
Bir əbədi ülfətim var adına,
Əgər sənə olmasaydı inamım,
Torpağına tapşırmazdım anamı!
Yaxşı saxla! Yaxşı qoru əmanəti!
Ağcabədi, Ağcabədi!
Alqış sənin mərd oğluna, qızına!
Minnətliyəm çörəyinə, duzuna!
Dastanını öz əlimlə yazanam!
Sən sabahki ümidimin nur guşəsi!
Muğam, mahnı, şeir guşəsi!
İlk yazımın ilhamçısı!
İlk nəğməmin nəqarəti!
Ağcabədi! Ağcabədi!

