Şakir Xanhüseyn : - YAŞA, ŞAİR...

Ədəbiyyat 12:16 / 27.04.2024 Baxış sayı: 1142

 

Bir yol yaşa, şair, bir yolaq yaşa,

od yaşa,

su yaşa,

bu torpaq yaşa...

Bir sükutu dindir, bir ocağa yan,

küləklər cəngində bir yarpaq yaşa...

 

Baxıram üzündə ağrı naxışdı;

üstünə yüngüllük, dağ altındasan...

İndi topla görüm bütün gücünü,

ha çalış, bir fikrin çıx altından sən...

 

Söz sözlə tutuşub qəlbini odlar,

bir əlin göydədi, bir əlin harda?

Matahın matahdı, hamıya bəlli,

sata bilməyirsən amma bazarda...

 

Bazarçı olmağı bacarmadın ki,

di gəl, lələyi də çəkən tərəzin...

Kimsə səsləmədi karvana qoşul,

siz gecikirsiniz, ehey, tələsin!